Sənət xilaskardır!

Zəhra Həşimova Ahmet Ümitin “Bab-ı əsrar” əsəri haqqında yazır - Debüt


Zəhra Həşimova Ahmet Ümitin “Bab-ı əsrar” əsəri haqqında yazır   - Debüt

              XIX  əsrdən  etibarən  bir tərcümə əsəri ilə Türk ədəbiyyatına daxil olaraq həm  Osmanlı , həm  də  Cümhuriyyət  illərində inkişafını sürdürən detektiv janrın müasir  posmodernist  ədəbiyyatda  öz mövqeyini, onu hələ də ədəbi janr hesab etməyənlərə qarşılıq olaraq hər zaman gücləndirmişdir.

             Müasir dövr detektiv janrına xas olan elementlərini qələm təcrübəsibəsindən keçirmiş Ahmet Ümit insan taleyini açıqlayan poetik anlatımlarla əsərlərində tarixi, mifoloji,  mistik  anlayışları ahəngdar şəkildə təsvir etməyə nail olmuşdur.  Detektivliyin kəhanət elementini mistisizmin gizemi ilə harmanlayan yazıçı “Bab-ı esrar” adlı əsərində insanın iç dünyasındakı gizemlərlə  dini-mistik  hadisələri vəhdətləndirərək  yüz  illərdir cavabını obyektiv şəkildə almadığımız “Həqiqət nədir? “ sualına cavab axtarır. Lakin sualın mahiyyəti onun 3 yaşam dövrünə müraciət etməsinə gətirib çıxarır. Müəllif romanını xronoloji olaraq deyil, döngüsəl şəkildə təsvir etmiş, 2 ayrı keçmişi və bu günü paralel təsvir etmişdir.  Xəyal ilə gerçəyin, keçmişlə müasirliyin bir-biri ilə ahəng qazandığı,  sirlərlə  dolu  bu kitabda  təməl  olaraq  anlatılan  düşüncə “həqiqətin sonundakı eşq" dir.  Bu yol isə axtarışlardan keçir. Bu həqiqətə çatmağın məşəqqətli yolu isə içimizdəki dilemmalardan,  gəl-getlərdən asılıdır.   Din  ilə eşqin, inanc ilə sevda  arasındakı  sarsılmaz  bağı simvolikləşdirərək müxtəlif zamanlarda, lakin eyni məkan seçimini işlətməklə ifadə edən yazıçı fərqli obrazlarla eyni eşqin yolçularını bir növ oxucusunu əsərin adı və mövzusunu təsdiqləyən “Sirlər qapısını” aralamağa istiqamətləndirir. Vəhdəti-vücud fəlsəfəsinin tanınmış nümayəndəsi olan Mövlanə Cəlaləddin Rumi ilə onun  könül  dünyasında böyük dəyişikliklərə səbəb olan Şəms Təbrizinin ilahi eşqə çatmaq üçün bir-birlərinə yoldaş olduqları hadisələr zəncirinin, ata-qız sevgisi  ilə bağlaşdırılmış əsər detektiv romandan daha çox dini, mistik, tarixi əsər  təsiri  bağışlayır. 

          Fantastik-detektiv janrın Ahmet Ümit qələmindən çıxmış nümunəsində təməl bir otel cinayətinin olmasına baxmayaraq, əsərin   yeddi yüz ilin əsrarı ilə başlaması və məkan eyniliyi ilə hər iki dövrün hadisələrinin birləşməsi, insan yaşantılarının absurdluğunu simvolizə edir. Oxuduğumuz zaman, əsəri detektiv adlandırmağımızın səbənin  otel yanğınında ölmüş  iki işçinin deyil, yeddi yüz il əvvəl yeddi nəfər tərəfindən yeddi bıçaq zərbəsi ilə öldürülmüş Şəmsin  cinayəti olduğunu görmək mümkündür.  Əsərin əvvəlində göstərilmiş cinayət də, sonda müəyyən  olan  cinayətkarlar  da bunu təmsil edir. Din fəlsəfəsinin yüz illər öncədən gələn sufilik,  hürufilik kimi islami inanc və cərəyanlarının, illərlə Sovetlər Birliyi ölkəsində yaşamış olan Ahmet Ümit yazısı ilə detektiv adlandırdığımız bir əsərdə vəhdət tapması buradakı obrazların da iç dünyası,  yaşantılarını oxucu üçün daha qarmaşıq və maraqlı edir.

          Əsərdəki obrazlar  üç dövrü əhatə edir: yeddi yüz il əvvəli,  Karenin uşaq olduğu illər və  müasir dövr.  Əsərin əsas qəhrəmanı anası ingilis, atası isə türk olan Karen (Kimya)  Greemvooddur. Çox insanın yaşadığı günlük suallarla qarmaşıqlaşmış bir həyat yaşayan Karenin mənəvi üzləşməsi, onun Konyaya bir otel yanğını haqqında ekspert kimi göndərilməsi ilə başlayır.  Sufistik mövqedən yanaşdıqda islam fəlsəfəsinin təməl daşlarını özündə cəmləşdirən əsərdə Karenin də yuxu adlandırdığı döngülərin əslində bu obrazın öz iç dünyasındakı ziddiyyətlərin  başqa bir aləmdə həll etməyə çalışması kimi qiymətləndirə bilərik.  Mennandan eşitdiyi,  həqiqətə çatmaq üçün sufilərin keçdiyi mərhələlərdən əsər boyu onun özü keçməli olur.  Keçmişindən  qaçmağa,  onu illər əvvəl tərk etmiş atasını unutmağa çalışan bir obrazın  bu keçmiş döngüsündə bir neçə dəfə səyahət etməsi, şərq və qərb fəlsəfəsinin əsərdəki çıxış  nöqtəsini  - absurdizmi gözlər önünə sərir. Əsər boyu biz bu obrazın öz daxili ilə hesablaşmalarını və bu hesablaşmalar zamanı özü ilə olan dilemmalarının şahidi oluruq.  Bir insanın bilinçaltı  mücadələlərinin xəyal və gerçəkliklər  arasında  keçmişini yorumlamasının təsviri yazıçı tərəfindən ustalıqla işlənmişdir.  

               Mistik bir atmosferin hakim olduğu  əsərdə Mövlanə və Şəmsin ilahi eşqə çatmaq yolçuluğunu müxtəlif şəkil və aspektlərdə,  keçmişdən gələcəyə uzanan fərqli bir hekayə ilə canlandıran obrazlar silsiləsinə, əsərin əsrarı adlandıra biləcəyimiz  Şəms  obrazı  sufizmin əsərdəki  təhlil-tənqid  niteliğini  göstərir. Bu obrazı yazarkən tarixi və mifoloji  bilgilərdən  məharətlə  istifadə edən müəllif süfizmin bütün xüsusiyyətlərini onun hər cümləsi ilə daha da genişləndirmişdir. Sufizmin həqiqətə çatmaq yolundakı üç  mərhələsini təsvir etməklə yazıçı Şəmsin dili ilə sanki Karenin həyatını bu dövrləşmələr üzərində olduğu hər mərhələdə onun yanında olur.

             Əsərin əvvəlində etibarən onun Şəmslə cəmi dörd dəfə görüşməsini də bu mərhələlərin  simvolikası  hesab etmək olar.  Şəmslə hər görüşündə və ya onun surətində vəhdət tapdığı zamanlarda həqiqətə bir addım da yaxınlaşan Karenin daim narahatlıq və qorxu içərisində olmasını, hamiləlik və ya analıqla  deyil,  öz keçmişindən qaçarkən uşaqlığına geri dönməsi ilə əlaqələndirə bilərik. Şəms sufizmin mistik çalarlarını hər dəfəsində öz cümlələri ilə açır. Sufizmə görə, iki aləm vardır: varlıq və məna. Əsərdəki simvolika bu aləmlərin də dövrləşməsini təsvir edir. Varlıq aləmindən gələn Karenin ilk gözünə çarpan tutqun havanın əsərin sonunda aydınlanması bir insanın üç mərhələ sonrasında həqiqətə çatmasını rəmzləyən simvolikanın təmsilçisi sayılır. Əsər boyu “tanrıya çatmaq” ideyasını mənimsəyərək gəlinən bir nöqtədə oxucunu sual qarşısında qoyur: “Tanrıya çatmaq, yoxsa tanrı olmaq?” Sufilikdə Allahın yer üzündəki siması  “kamil insan"ın  üzərində  cəmləşməsilə  bağlı müxtəlif fikirlər mövcuddur ki, bunu həm də bir sıra hürufi şairlərinin də misralarında görə bilərik :

Sirri-ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm,

Həm həq derəm, həq məndədir, həm xətmi-insan gəlmişəm.

 

Və ya  

Gəlmişəm həqdən ənəlhəq, gör nə Mənsur olmuşam,

Ruhi-qüdsün nitqiyəm, sər ta qədəm nur olmuşam. (İmadəddin Nəsimi)

 

            “Özünü bilən Allahı bilər" fikri də məhz buradan gəlir. Kitabın əvvəlindən etibarən bəhs edilən də sadəcə gözünün önündəki pərdənin ötəsini  görə bilən, maddi  aləmlə  bağlı  hər şeydən arınmış  insanların  ta  sufiliyin  asketizm  dönəmindən  səmazən ayini  ilə ekstaza çatma anlarını Allahla bütünləşmək kimi qəbul edərək, ilahi eşqə qovuşmağı elə ilahinin özü olması fikridir. Yenə də oxucunun ağlını  bir sual məşğul etməyə başlayır: Karen də həqiqətə çatmaq yolunda Şəmslə görüşmüşdü,  yoxsa bədənində oyanaraq  onunla bütünləşmişdi?

           Eşqi sadəcə eşqlə  ölçənlərin istezalı nəfəsini, yeddi yüz il əvvəlin fısıltısını duyub hiss etdiyimiz  bu romanda  mürid  və  mürşid arasındakı bağ və ya sufizmin terminoligiyasına xas bir dillə desək, “rabitə” özünü Şəms-i Təbrizi ilə Mövlanə Cəlaləddin Ruminin simvolu, Poyraz əfəndi və Şah Nəsimin simasında büruzə verir.  Əslində, illər öncə Poyraz əfəndinin ailəsini  tərk etmə səbəbi kimi göstərilən  Şah Nəsimi də bir növ, rəmzi obraz adlandırmaq olar.  Şəms Təbrizi ilə Rumi arasındakı ilahi eşq yolunun mənəvi əlaqəsini anlamayan  varlıq aləmi olduğu kimi, Poyraz əfəndinin Şah Nəsimə olan bağı da yüz illər keçməsinə baxmayaraq sorğululanır. Toplanaraq Şəms ilə Rumini ayırdıqlarını düşünən bir cahil kütləsinə qarşılıq, yazıçı Şəmsdən deyil, onu Allahın dərgahına, ilahi eşqin həqiqətinə aparmaqda vasitəçi olan birindən, qısacası, haqq yolunu tərk etdiyi üçün çökən bir Mövlanəni təsvir edir.  

           Əsərdə təsvir edilmiş digər məsələlərdən biri də “Ölüm” və ya sufilərin dili ilə desək,  “ölümsüzlük” dür. Əsərini, hər səhifəsində ölməzlik qazandırdığı Şəmsin ölümü ilə başlayan müəllif, “dünya rüya içində rüyadır” ifadəsini  varlıq aləminin göstərişi ilə gözləri pərdələnmiş insanlara səslənərək maddi aləmin yuxudan başqa bir şey olmadığını ifadə etməyə çalışmışdır.  Bir sözlə desək, sufilikdə ölüm sirlər qapısının aralanması deməkdir. Elə bu səbəbdən də  bu cümləni  sadəcə atalar sözü deyil, əsəri bütünlüklə qapsayan ideya adlandırmaq daha məqsədəuyğundur . İllərlə Moskva kimi bir sovet şəhərində təlim almış Ahmet Ümit tərəfindən din, inanc, sevgi üzərinə, fərqli sorğulamalarla aparılan təhlillər  şərq və qərb fəlsəfi  cərəyanlarını  qarşı-qarşıya  qoyur.  Əsərdəki mistik nümunələrdən əlavə, Karen  obrazı ilə  müəllif absurdizmin kəskin əlamətlərini onun daxili dünyası və reallığın ziddiyyətləri ilə təsvir etmişdir. Mənəvi aləmi içərisində kaybolmuş bir insanın güzgüyə baxarkən keçirdiyi  özünə  yadlaşma  hissi, bir daha insan ruhunun dərinliklərini təmsil edir.

             Sufilikdə biat adlanan Allaha itaət biçimini hedoist cizgilərlə təsviri bir sıra tədqiqatçılar tərəfindən, islam fəlsəfəsini mühakiməsi kimi qiymətləndirilsə də, biz bunu fərqli və tənqidi münasibət kimi də dəyərləndirə bilərik. Hələ  Adəm və Həvva dövründən misallar gətirərək həzzin insan təbiətinə xas olduğu qənaətinə gəlmiş yazıçı Kimyanın ölümünü məhz bu biatın nəticəsi olaraq qələmə almış, həmçinin Karen obrazı ilə də tənqid edərək Allah eşqinə olan biatın on səkkiz yaşlı bir qızın varlıq dünyasına vidası ilə nəticələnməsini hedoizmin əks təsiri kimi qiymətləndirir. 

"Hu, hu, hu derviş ... Başı göklere ermiş

Sakalı yere değmiş

Dudağı sırlar saçmış

Ama kimse duymamış..." 

            Bu misralar “İnsanı kamil” ilə varlıq aləminin əhlini qarşı-qarşıya qoyan misralar adlandırmaq heç də səhv olmaz. Buna səbəb kimi, Allah yolçusu olan dərvişi sadəcə şirin pərdəsini aralamış, göz pərdəsinin ötəsini görməyə nail olmuşlar anlaya bilməsini göstərmək mümkündür.  Bu misraları təhlil edərək dərviş obrazını  Nitşenin Zərdüştü ilə müqayisə etmək olar. Yollar boyu gəzərək özünə sözlərini anlaya biləcək birini axtaran Zərdüşt buna nail olmayaraq bu misraları səsləndirir:

                “Beni anlamıyorlar. Ben, bu kulaklara göre ağız değilim.”  

            

           Ekzistensializmin  “Varlıq”  və “Heçlik” konsepsiyasını Səma ilə ifadəsini tapdığı islam fəlsəfəsinin əsərdəki təsviri əslində ölüm və yaşam arasındakı incə xəttini qalın divarlara çevirərək maddi aləmi yox saymaqla nihilistik bir mövqeyə çəkir. Məqsəd isə düzgün olan mənəvi yaşamı, yanlış yaşanmış maddilikdən üstün tutaraq səma zamanı bu yanlışlardan (nəfs, pul və s. ) arınmaq və mənəvi aləmin təmizliyinin rəmzi olan tennure ilə vəcdə çatmaqdır.  Əsərdə Poyraz əfəndinin simasında biz bu kamilliyə ərişərək ölümsüzlüyə doğru addımlayan bir dərviş obrazını görürük. Onun yalnız maddi aləm ilə tək bağı olan qızı Karenin razılığını aldıqdan sonra tennuresini geyinərək illərdir arzuladığı yola getməsini görürük. Sufizmin bir qolu olaraq meydana gəlmiş hürufi təlimində müqəddəs hesab edilən yeddi rəqəminin əsərdə dəfələrlə vurğulanmasıdır. Şəmsin bədənində açılan yeddi bıçaq yarası ilə sufizmin ölümsüzlüyü təbliğ edən Ney musiqi alətinin üzərindəki yeddi deşik ilə müqayisə olunması, buradan çıxan hər səsin Allahın üfürüyü olduğunu və daim Şəmsi anmasını təsdiq edir.  

          Qəhrəmanın öz dili ilə anlatılan romanı yazarkən Anadolunun folklorik özəlliklərindən ən incə ayrıntısına qədər bəhs etmiş və bunları mistisizm dokularıyla daha da zənginləşdirməyə nail olmuşdur. Əsərini başından sonunadək Karenin yanında olaraq ona daim kömək edən Mennan obrazını yazıçı türk qonaqpərvərliyinin bir simgəsi kimi oxuculara təqdim edir.

         “Ahmet Ümit qələminin Şərq fəlsəfəsinə uzanan qolu”  adlandıra biləcəyimiz əsərində Konyanın imajistik təsvirini yaradılmaqla yanaşı,  bu bölgənin özünəməxsus şivəsini də sanki duyulurmuşcasına məharətlə istifadə etmişdir :

  • He
  • Filme mi çekecen beni?
  • Beni filme neyin çekmeyin.
  • Kameraya neyin konuşamam ben.
  • Bildiğin kamera yav.
  • Bre densiz.

            Bir sıra dialoqlarda bu kimi şivələrin işlədilməsi yazıçının oxucu üçün canlı portretini yaratdığı şəhərin danışığının təsviri ilə onların  sadəcə əsərini oxuyaraq Konyaya səyahət etməsini reallaşdırır. 

           Konyanın təsvirini iliklərə qədər hiss elətdirən əsərin canını ifadə və təsvir vasitələri təşkil edir.  Xüsusilə, metaforik cümlələrində üstünlük təşkil etdiyi cümlələrdə yazıçının kosmoqonik ünsürlərlə insanların ziddiyyətlərini açmaq çabasını görə bilirik :

  • Ürkütücü bir serinlik içinde yüzüyordu ağaçlar.
  • Cinayetin tek tanığı dolunaydı.
  • Güneş görevini tamamlıyordu  .
  • Dolunay ürperdi,  su ürperdi.

          Əsərlərində ayrıntılı təşbehlərə üstünlük verən Ahmet Ümit insan, heyvan, əşya üzərində bənzətmələrdən istifadə edərək içərisində dini, mistik və tarixi təsvirləri oxucuya daha anlaşıqlı bir dillə izah edir.

  • Su gibi sakin .
  • İndi gibi parlayan beyaz dişler.
  • Torpak gibi titremek. 
  • Gece gibi,  rüzgar gibi  uçmak. 
  •  Toprağım suyum ekşimiş şarap gibi tatsızdır, soluğum yalçın kayaları parçalayan rüzgârlar gibi delidir.

              Yazıçının dili ilə təsvir edilmiş bu cümlələr ifadə edilənin əhatəli şəkildə qavranılmasını sağlayır.

             Həm tarixi,  həm də təsəvvüf yönlü bir mövzunun günümüzə uyarlanmış gözəl nümunələrindən biri kimi türk ədəbiyyatında yer alan əsərdə insan ruhiyyətindən qoparıb başqa bir aləmə götürən bir sıra  tarixi məqamların yazıçı tərəfindən özənlə yerləşdirilməsi  onun təsir gücünü göstərən əlamətlərindən sadəcə biridir. Türk detektiv  janrının ən usta yazıçılarından olan Ahmet Ümit,  qələminin ustalığına mistik bir əsrar qataraq sadəcə detektiv janrında deyil, həm də dini, fantastik, mifoloji mövzularda da öz sözünü deyə bildiyini bir daha bu əsər ilə sübut etməyi bacarmışdır. 

 

 

 


Tərcümə