Sənət xilaskardır!

Ən geci – Turində - Laslo Krasnhorkai


Ən geci – Turində  - Laslo Krasnhorkai

     Yüz il əvvəl, 1889-cu ildə, təxminən bu gün kimi bir gündə Fridrix Nitsşe gəzintiyəmi, ya poçta məktub dalıncamı Turindəki evinin - Karlo Albertodakı altı nömrəli evin qapısından çıxır. Yaxınlıqda bir arabaçı tərslik edən atını qəzəblə bizləyir. O, onu tələsdirsə də, xeyri olmur: heyvan yerindən tərpənmir. Rəiyyətin – Cüzeppe? Karlo? Ettore? – səbri tükənir və onu qamçı ilə döyür. Nitsşe, bəlli ki, hiddətlənir və təşəbbüskarının da qəzəbdən köpükləndiyi qəddar tamaşaya son qoyur. Lopa bığlı ucaboy cənab gözlənilmədən ata sarı atılır və güman ki, maraqla izləyənlərin zorla gizlədiyi məmnunluğuna səbəb olan hönkürtü ilə onun boynuna atılır. Təsərrüfat müdiri hiddətlənmiş Nitsşeni evə aparır, o, dinməzcə taxta uzanır, iki ay hərəkətsiz uzanıb qaldıqdan sonra son sözlərini söyləyir (“Ana, mən nə axmağam”) və daha on ili yüngül havalanmış halda anasının və bacısının nəzarəti altında keçirir. Atın başına nə gəldi – bu, bizə məlum deyil.

         Bu kifayət qədər qaranlıq hadisə - hərçənd ona inanmaq arzumuz tamamilə təbiidir – qeyri-adi aydınlıqla ruhumuzun miskin fiaskosunu - mahiyyətin itməsinin ümumi faciəsinin proobrazını işıqlandırır. Fəlsəfənin qaranlıq ulduzu, necə deyərlər, ümumbəşəri dəyərlərin möhtəşəm əleyhdarı, çoxdan və qəti şəkildə xeyirxahlıq və mərhəməti rədd edən təkrarolunmaz qiqant – döyülmüş atın boynuna atılır? Bağışlanmayacaq qədər bayağı, amma qanunauyğun sual yaranır: niyə arabaçının boynuna yox? Baş verənlərin hamısını sifilisin doğurduğu iflicin tipik tutması hesab edən Doktor Mebiusa böyük hörmətimə rəğmən, hər halda, mən burada yanlışın qəfil ildırım çaxmasını xatırladan faciəvi dərkini görürəm: uzun və əziyyətli mübarizədən sonra Nitsşenin varlığı özünün bir parçası olan iblisanə tərzindən imtina etməyə başladı.

   Tomas Mannın fikrincə, bu yanlışlıq “rəzilliyin əzabkeş peyğəmbəri”nin həyat və əxlaqı qarşı-qarşıya qoymasından yaranıb. “Həqiqət ondadır ki, - Mann əlavə edir, - əxlaq və həyat bir bütövü təşkil edir. Etika – həyatın dayağıdır, əxlaqlı adam isə - əsl həyat vətəndaşıdır.” Mannın mülahizələri öz alicənablığı ilə diqqət çəkir: amma əgər biz hətta onun məsləhətlərinə uyub sərbəst üzmək üçün zaman oğurlaya bilsək belə (bu ideal dəniz boyu), gəmimizi idarə edən yenə də bir başqası yox, məhz Turindəki Nitsşe olacaq – bu isə yalnız başqa sularda üzməyi nəzərdə tutmur, həm də əsəb sisteminin bir başqa qurğuya malik olmasını tələb edir: hətta burada gəmi kanatı kimi qalın polad əsəblərdən söhbət daha çox yerinə düşər. Və bu kanat yəqin ki, bizə hələ gərək olacaq, çünki nə qədər təəccüblü olsa da, Tomas Mannın sözlərinin bizi gətirə biləcəyi limana yan alacağıq – və qoy bu lap elə həmin liman olsun, biz orada özümüzü heç də onun bizə vəd etdiyi kimi hiss etməyəcəyik.

     Nitsşenin Turin faciəsi göstərir ki: əxlaqi qanunlara uyğun həyat – azad seçim deyil, çünki zidd apriori seçmək imkanı yoxdur. Mən bu qanunun əksinə olaraq yaşaya bilərəm, lakin məni onunla ayrılmaz tellərlə bağlayan sirli və qeyri-müəyyən qüvvədən qurtula bilmərəm. Əgər mən hər şeyə rəğmən əxlaq qanunlarının əksinə yaşasam, onda yəqin ki, bu miskin – Nitsşenin sözləri ilə ifadə etsək, “yaşamaq və ədalətsiz olmağın eyni şey olduğu” – cəmiyyət həyatında özümə bir yer tuta bilərəm, amma məni öz mövcudiyyətimin mahiyyəti haqqında qüssələnməyə vadar edən konfliktin həllinə nail ola bilmərəm. Çünki bu cəmiyyət həyatının bir hissəsi olaraq, mən eyni zamanda həm də hansısa anlaşılmaz səbəbdən bütöv bir tam adlandırdığımın bir hissəsi olaraq qalıram – Kanta müraciətsiz keçinə bilmirəm – məhz o bütöv olan - müəyyənləşmiş qaydalarla birgə kədərli onları pozma haqqını da mənə verib.

      Burada biz artıq limana girişi bildirən bakenlərin arasından kor-koranə dolama gedirik: mayakda hamı yatıb və bizim manevrlərimizi idarə edəcək kimsə yoxdur. Lövbəri kainatın əxlaq qanunlarının ali mahiyyətini əks etdirməsi barədəki suallarımızı sürətlə udan alaqaranlıqda atmalı oluruq.  Beləcə biz namüəyyənlikdə dayanıb bədbəxtlik yoldaşlarımızın hər yandan yavaşca axışıb gəlməsini izləyirik. Biz onlara hər hansı bir xəbərdaredici siqnal vermək gücündə deyilik, biz yalnız mərhəmət dolu baxışlarla onları müşayiət edirik. Bizə elə gəlir ki, elə belə də olmalıdır; bizə uzaqdan yaxınlaşanlar da nə vaxtsa bunu yaşayacaqlar – bu gün olmasa da, sabah... və ya on... yaxud otuz il sonra...

   Ən geci – Turində.

 


Tərcümə