Sənət xilaskardır!

Sinəm dağı Savalanın dağıdı - çiçəkləyib, düşmənlərim gül dərər... - Vahid Məmmədlinin şeirləri


  • Poeziya
  • 17:00 22.08.2023
  • Oxunma sayı: 951
Sinəm dağı Savalanın dağıdı - çiçəkləyib, düşmənlərim gül dərər...  - Vahid Məmmədlinin şeirləri

Azadlıq

 

Saçlarında bircə tükdən asıb sanki

Yer üzünü böyük Fələk,

buludların üzərində qərar tutub

gözəl mələk...

İnsanların ümidləri

göyərərək

əlləridir ağac olub

uzanırlar göylərədək...

Qara külək göy üzündə

bərq vuraraq

bəzən qovur buludları,

bəzən isə səssizliyə qərq olaraq

hiylə ilə, riya ilə ağuşuna almaq istər

insanların büt sandığı, tapındığı

o mələyi.

Topa-topa şəffaf bulud

süzür onun ətrafında,

gah görünür, gah yox olur zamanında.

bəzən yağır günahları

yuyan yağış...

İnsanlarsa gəzir onu

göy üzündə qarış-qarış...

İşıqlaşır aram-aram...

günəş özü gülümsəyir

onu görcək

kainatın üzü gülür

damağı çağ - 

budur gerçək.

Okeanlar, dənizlər də

sahilindən aşıb daşıb güclənirlər...

Fırtınalar, təlatümlər qaçılmazdır,

o mələyə çatmaq üçün

buludlara dartınırlar...

Süxurlar da dirənirlər

yer təkindən lap üstədək

insanlartək...

iztirabla dolu heyhat,

o mələyə gedən yoldur

əsl həyat...

Şirin yuxu, böyük vüsal,

qəhrəmanlıq...

Kimdır axı gözəllərin ən gözəli? -

Huri-cənnət...

Azadlıqdır, Azadlıqdır, Azadlıq...

 

***

Sinəm dağı Savalanın dağıdı,

Çiçəkləyib, düşmənlərim gül dərər.

Məlikləri Beyrəklərə yağıdı,

Təpəgözlər adamlara yeriklər.

Yer qalmadı, hara qazım gor, dədə?

Hara gedir bu dünyamız gör, dədə...

 

Dəli Domrul, Qara Budaq, İç ərən,

Qaraca Çoban, sapandına qoy məni.

Bamsı Beyrək, Qara Günə, Alp Ərən,

Yurd talandı, el soyulub, soy məni.

Dədəm Qorqud, od ələnir göy hələ,

Hara gedir bu dünyamız gör hələ.

 

Çal qılıncı, qollarıma çal, naşı,

Buda məni, budaqlarım çarpaşıq.

Mən vətənin Kərəmiyəm, çal, aşıq,

Bir dəlisov qocalaraq çallaşır.

Ad ver, Dədəm, adım, bəlkə, göyərə...

Hara gedir bu dünyamız gör hələ.

 

Siqaret

 

Qutudakı ən sonuncu siqaret,

Yandırım?.. yan mənimtək.

Yan qurtar, külə dön get,

Sən də tənha, mən də tək.

 

Sən bir dəfə ölürsən,

Yandırıldın, bitirdin.

Mən gündə neçə dəfə

yandırıldım, dirildim.

 

Bəlkə heç yandırmayım?!

Sonuncusan... yandırır...

Gecənin qaranlığı

Sabahı yubandırır.

 

Tənhayam bu şəhərdə,

Kimdən alım siqaret?

Sonuncu dostum səndin,

Yandıracam... sən də get...

 

Yuxu

 

Rəngarəng işıqların

arasında ağ işıq

gördüm yenə yuxumda -

Yuxularım qarışıq...

Sarısaçlı bir körpə

ağ atın belindəydi.

mənə əl edirdi: "gəl",

dünyanın məhvəri

onun əllərindəydi...

Ağsaçlı bir qocaydım,

ağ işıqların ən yaşlısı

olacaqdım...

Çatdım atlı körpəyə -

ağ işığa qərq etmişdi

Tanrı onu

nurunun işığından -

görünmədi bir anlıq

uzun yolların sonu...

Sonra böyümüş gördüm

o sarışın körpəni:

bir əlində qılınc,

birində dünyanın məhvəri -

mənsizlərdən, mənasızlardan təmizləyirdi

nura qərq etdiyi

qədim şəhəri...

 


Poeziya