Sənət xilaskardır!

Saatım qurulub sənin vaxtınla... - Rəşad Məcidin şeirləri

21 avqust - yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Rəşad Məcidin doğum günüdür. Literart.az bu münasibətlə müəllifin şeirlərindən nümunələr təqdim edir.


  • Poeziya
  • 10:00 21.08.2023
  • Oxunma sayı: 189
Saatım qurulub sənin vaxtınla...  - Rəşad Məcidin şeirləri

Şuşa

 

Min şəhər adı var dillər əzbəri,

Adların ən üstün adıdı Şuşa.

Musiqi notudur cüt hecasıyla: Şu-Şa

Dilimin şəhdidir, dadıdı Şuşa.

 

Ciyərdə nəfəsdir, damarda qandır,

Ruha qanad verən sirli məkandır,

Biri beş edəndir, güc artırandır,

Qoşundur, əsgərdir, ordudur Şuşa.

 

Qoynuna hər gələn yüz xəyal eylər,

Qıraqda qalanlar qeylü-qal eylər,

Birini coşdurar, birin lal eylər,

Tilsimdir, ovsundur, cadudur Şuşa.

 

Bayrağım

 

Səni ən çətin

günlərimdə qorudum,

beynimə həkk edib

ürəyimə sarıdım.

 

Mahnımda,

nəğməmdə gizlədim.

Aya baxıb xatırladım,

ulduzunu sevdim.

 

Üç rənginə öyrəndim,

hər üzünü sevdim.

Hücumdan, həmlədən qorudum,

küləkdən, tufandan keçirdim,

Bir gün qaldırdım başımın üstünə,

Saxladım,

əymədim.

 

Zaval yox indən belə,

başımın üstündən

qoymaram yerə.

Sənə təşnəyəm, acam -

əlim-qolum yorulsa,

dişimlə saxlayacam.

 

Gücü çatmaz

daha nəsə tərpədə,

                kimsə əyə...

Dalğalan,

əs,

açıl yelkən kimi

gedək gələcəyə!

 

Saatım qurulub sənin vaxtınla

 

Saatım qurulub sənin vaxtınla

Mənim günortamdı sənin səhərin

Yerini bilirəm saata baxıb

Harasındasansa qoca şəhərin.

Görürəm yuxudan oyanmağını,

Görürəm yuyunub daranmağını

O rus qarısına çay verməyini,

Evdən çıxmağını, yol getməyini

Mən burda məşğulam

hər addımınla –

Saatım qurulub sənin

vaxtınla.

 

Sənsən...

 

Sənsən əzablarla dolu qürbətim,

Sənsən diz çökdüyüm vətənim mənim.

Sənsən ən yaxınım, vəfalı dostum,

Qanıma susayan düşmənim mənim.

 

Cəhənnəmim də sən, cənnətim də sən,

Gah nəğmə oxuyan, gah ağı deyən.

Ağır əzablardan tir-tir titrəyən,

Ruhtək rahatlaşan bədənim mənim.

 

Sən - gecəm-gündüzüm, sən - toyum-yasım,

Sənsən dar ağacım, sənsən xilasım.

Əynimə oturan ən düz libasım,

Boyuma biçilən kəfənim mənim.

 

 

Bir də gəlməyəcək…

Elə möcüzələr yaratmısan ki,

Elə dəqiqələr yaşatmısan ki,

Olmayıb heç onun yüzdə biri də

Nə mənim dünyamda,

nə bu dünyada.

 

Sən elə telləri qırıb getmisən,

Sən elə yaralar vurub getmisən,

Təpəri yoxdu ki, dözüb dayansın,

Nə mənim dünyamın,

nə bu dünyanın.

 

Qəfil gəlişinlə suç eləmisən

Sənsiz keçən ömrü puç eləmisən

Vurmayıb heç zaman belə qar-yagış

nə mənim dünyamı,

nə bu dünyanı

 

Bilmədim iblissən, ya mələk, Qadın,

Ətri, gözəlliyi çiyələk Qadın.

Bir də gəlməyəcək sənintək Qadın

Nə mənim dünyama,

nə bu dünyaya.


Poeziya