Sənət xilaskardır!

Bəzən Günəş elə barmağının ucundadı... sənsə küyə düşüb səmaya baxırsan... - Ülvi Bahadırın şeirləri


  • Poeziya
  • 16:10 06.06.2023
  • Oxunma sayı: 180
Bəzən Günəş elə barmağının ucundadı...  sənsə küyə düşüb səmaya baxırsan...  - Ülvi Bahadırın şeirləri

 

Uğultuya cavab

Getmə dedin... getdilər

...ömürdəki adamlar

İllər keçdi...kölgələrin susadığı zamanda...

 

Qayıtdılar...saçlarına...

Qayıtdılar...gözlərinə...

Qayıtdılar...dizlərinə...

 

O illər öncə əkdiyin ağacına qayıtdılar...

O illər öncə örtdüyün pəncərənə qayıtdılar...

O illər öncə keçdiyin yollarına qayıtdılar...

 

Qayıtdılar...qayıtdılar...

Yaxınlarına tüpürüb uzağına qayıtdılar...

Qayıtdılar... xəbərsizcə...

 

Heç bilməzdin...

Tökülən saçlarından...

Diksinən kirpiklərindən...

Səksənən barmaqlarından anladın...

...yollardakı uğultunu...

 

Daha külək vaxtı deyil...

Sərçələr çoxdan uçublar...

Yarpaqlar çoxdan tökülüblər...

 

Ona görə də qorxma...

Elə indicə...dur çıx bayıra...

Üzünü tut o yola və qışqır bütün gücsüzlüyünlə...

- Mən sizin hamınızı sevirdim...

 

Axtarış

Əlimdə ayaq izlərin...

Səni axtarıram tanımadığım küçələrdə...

           

Hər tərəf saçlarla dolu...

Hər tərəf gözlərlə dolu...

Hər tərəf qoxularla dolu...

 

Səpə-səpə gedirəm ayaq izlərini...

 

Sən ki...tükü tükdən seçənim

Sən ki...kəm gözlərdən keçənim

Sən ki...bütün qutsal qoxuları şərab kimi içənim...

 

Gör...və gəl ardımca...

 

Arzuları boş ver...

Xəyalları unut...

O bədəni soyun...

 

...yap-yalqız...unudulmuş o sərsəri ümidə...

...gülə-gülə görün gəl...

Sonuncu ayaq izin dilimin ucundadı...

 

Ayrıc

Allaha nə deyim, nə deyim, allah

əlini də ağdan qaraya vurmur..

Gəzdirir əlini kül bədənimdə...

yaram oradadı...oraya vurmur...

 

Əsəbi ulduzdum... Göy kürəsindən

...yanıb-tökülmüşəm Yer kürəsinə...

Torpağın bağrından çıxır buxarım

yaşayarcasına...ölərcəsinə...

 

Vaxtında səmaya çox üz vermişəm

indi bir yağışlıq sözümə baxmır...

Torpaq da nə yaman sevirmiş məni

bir yol qucaq açıb...tutub...buraxmır.

 

Ay torpaq, mən qədər çirki neynirsən?..

burax, çıxım gedim öz xarabama...

Demirəm ki, hər gün gəlib-gedəcəm

arada gözucu baxacam amma...

 

Məni tanımırsan, bilmirsən, məndə...

...yarasa qulağı, it nəfisi var

Yolsuz bir adamın ayaq izləri...

Ümidsiz bir qəlbin közərtisi var...

 

Xəyalından ötə bir addım atmaq...

...söylə görüm, kimin başına gəlib?

Biryolluq tərk edib bədin evini

...ömürlük qonaqtək xoşuna gəlib?

 

Kövrəldə bilmirəm çılğın buludu

bir az sakitləşə...bir az ağlaya...

Bir az da taleyin gözündən tutub

araz sakitləşə...araz ağlaya...

 

Bəlkə bir sözün var, denən, utanma

bir də gördün, evə dönürəm sabah

Bu torpaq bezəndə...bu göy alanda

Allaha nə deyim... nə deyim, Allah?

 

Boy at

Süpürgəçi qarılar küçələrdən süpürəndə ulduzları...

Ulduzlar axın edir pəncərələrə...

Sənsə...

...sənsə kim bilir, indi hansı nağılın

                                    baş qəhrəmanısan yuxularında...

Bəzən Günəş elə barmağının ucundadı...

... sənsə küyə düşüb səmaya baxırsan...

Alatoran küçələrin birində...

Bir balaca uşaq var... əlində bir parça boyat çörək...

Arxasınca quduz itlər hürüşür...

Uşaq qaçır... itlər qaçır...

İtlər qaçır... uşaq qaçır...

Sonra itlər yorulur... ləhləyir... dayanır...

... amma uşaq qaçır... qaçır... qaçır...

... əlindəki boyat çörəyi dişləyə-dişləyə...

Sonra həmin uşaq ilişib ağzı üstə yıxılır

                                    çörək mağazasının qabağına...

Durur üst-başını təmizləyir...

                        ağzının qanını çirkli paltarıyla silir uşaq...

Qəlbində mələklərin orkestri...

...dünyanın ən qədim musiqisini

                                    pıçıldayır uşağın qulaqlarına...

Yavaş-yavaş gedır uşaq... sübhün qoynuna

Sonra birdən Günəşə ilişib yıxılır.

 

 


Poeziya