Sənət xilaskardır!

Allah, özüm gəlim, ya kimisə göndərəcəksən? - Vaqif Səmədoğlunun şeirləri


  • Poeziya
  • 12:00 05.06.2023
  • Oxunma sayı: 403
Allah, özüm gəlim, ya kimisə göndərəcəksən?  - Vaqif Səmədoğlunun şeirləri

 

Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
Bəndəni hansı gözlə görəcəksən?
Allah,
Özüm gəlim,
Ya kimisə göndərəcəksən?

 

Sevgilim, mən öləndə

Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…

Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…

***

Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...
 

***

İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.
İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.
İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...

***

Əlimi uzatdım
Sevincə sarı,
Gördüm, yox,
Arada kədər dayanıb.
Atamı səslədim,
Köməyə gəlsin,
Gördüm, yox,
Arada qəbir dayanıb.
Üz tutub gedirdim
Allaha tərəf,
Gördüm, yox,
Arada ömür dayanıb...

***
Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi...

Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox,
Yaman ölməli gecədir...

Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa...


Poeziya