Sənət xilaskardır!

Darıxmağın maye halında - Cəlil Cavanşirdən şeirlər


  • Poeziya
  • 21:00 02.06.2023
  • Oxunma sayı: 378
Darıxmağın maye halında  - Cəlil Cavanşirdən şeirlər

Bilirsən də,

mən darıxan adamam

bilirsən də,

çox içirəm gecələr

bir də hava tutuldumu...

zülümdü!

sonra hamı yaddan çıxır

yada düşür bir nəfər...

allah haqqı darıxıram

qurban olum qayıt gəl...

bir az saat əqrəbləri,

bir az gecə vicdansız

qıvrılıram,

sıxılıram

ürəyim səksəkədə

niyə belə daşürəksən,

niyə belə amansız?

qayıtsaydın,

sabahacan sevişərdik

bəlkə də...

allah haqqı, darıxıram,

qurban olum, qayıt gəl...

 

indi elə tənhayam ki,

indi elə təkəm ki,

biri çağırsa adımı,

diksinərəm səsindən

lənət olsun bu gecəyə

mən elə sərxoşam ki

gəlsən, bir də viski al gəl,

beləəə...

lap yekəsindən

allah haqqı, darıxıram

qurban olum, qayıt gəl...

 

gecə hələ yarı deyil

siqaretim qurtarıb...

kimə deyim “siqaret ver”

axı mənim kimim var?

bilirəm ki, gələcəksən

siqareti unutma

bircə qutu bəs eliyər

təki çıxım sabaha

sabah özüm də alaram...

 

vicdan haqqı pulum var

allah haqqı gicləyirəm,

qurban olum, qayıt gəl...

 

***

 

Nəysə, olur belə şeylər

Olur ki, darıxırsan...

Hər kəs sənə doğru qaçır,

Sən ona sığınırsan

Gecələr tez-tez diksinib

Adını çağırırsan...

Nəysə, olur belə şeylər,

Olur ki, çox sevirsən.

Sən hamıdan vaz keçirsən,

Hamıya yadlaşırsan.

O da səndən uzaqdadır,

Bu oyuna çaşırsan...

Nəysə, olur belə şeylər

Olur ki, ağlayırsan.

Göz yaşların ilıq-ilıq

Töküldükcə üzünə

Evin bütün künclərindən

O görünür gözünə...

Nəysə, olur belə şeylər

Olur ki, yorulursan

Bütün həyat eşqin ölür,

Bezirsən, təklənirsən

Bircə quru zəngi gəlir

Coşub ürəklənirsən...

Nəysə, olur belə şeylər

Olur ki, hər şey bitir.

Yaşadığın sevda zülüm,

Sevgin göz yaşı, kədər

Bir də baxırsan illərin,

Hədər gedibmiş, hədər...

Nəysə, olur belə şeylər,

Olur ki,

sən olmursan...

 

***

Gecənin içindəki işığa dikilir baxışlarım - yorğunam, sərsəriyəm

şeirin üstünə yeriyirəm

gecəni udum-udum içirəm

sabahın adamsızlığına gedirəm

And olsun qaranlığa ki,

yalan danışdığını bilirəm...

Ulduzlar qədər uzaqsan və mən səni sevirəm.

Qutudakı son siqaretə uzanır əllərim,

Qutudakı son kibrit dənəsini yandırıb, qaranlığa atıram.

Alışır gecənin bağrı, gecəyə od vururam.

Qaranlığın alışan bağrında bir siqaret yandırıb,

bir içki süzürəm özümə

bir udum soyuq içirəm, bir udum gecə içirəm,

bir nəfəslik işıq çəkirəm ciyərlərimə

sənə durmadan zəng edirəm, sənə durmadan zəng edirəm

və telefonum söndürülüb...

Fələstində bir uşaq vurulur ürəyindən, qan süzülür barmaqlarımdan.

Bir sərsərisi də azalacaq şəhərin,

Çünki çıxıb gedirəm.

Beynimdə qancıq köpəklər ulaşır və bir fahişə düşür maşından

Küçə qaçır ayaqlarımın altından, ulduz axır

Mən maye halındayam indi, darıxmağın maye halında.

Özümü içirəm bütün gecələrin sağlığına.

Göz bəbəklərim ovcumda, səni axtarıram.

İçimdə əcaib sancı var, hamilə olduğumu düşünürəm

Qərib və avara gecələrlə sevişən,

Və qorunmayan küçə şairiyəm..

Bir işıq dirəyinin kölgəsinə çəkilib şeir doğuram.

And olsun bu qaranlığa ki, səni zərrə-zərrə unuduram.

 

 


Poeziya