Sənət xilaskardır!

Əzizim, dodağını gətir söz deyirəm... - Aqşin Evrəndən şeirlər


  • Poeziya
  • 13:15 02.06.2023
  • Oxunma sayı: 340
Əzizim, dodağını gətir söz deyirəm...  - Aqşin Evrəndən şeirlər

 

Dünya yaşıl olanda

Göy qurşağına bağladığımız yelləncəyi

sənin nəfəsin beşik kimi yellədir

Başın çiynimə əyləşib,

qolum şərf kimi boynuna dolanıb

Bizdən bir qədər aralıda

yayından çıxmış oxu ətrafında

Yer kürəsi fırlanır;

havada dollar fırtınası

Pinqvinlər Günəşə sarı uçurlar

buzlaqlar əriyib Afrikanın stəkanına dolur

Ağ göyərçin öz qanadını

Eyfelə sancıb sülh bayrağı yaradır

Ölü dəniz balıq doğur

Qırmızı kitab bir səhifəlikdir

-təkamül meymunları

Çernobılda oksigen partlayışı,

Diktatorlar silahları əridib

Bermud Üçbucağına - qır qazanına qapaq qoyurlar...

Vezuvi püskürüb Ozon dəliyini qurğuşunlayır

Sən saydığın say,

fələk müsbət sonsuzluğa qədər sayır

insan ömrünü,

Bütün dinlərin surələri, ayələri eynidir;

"Əxlaq"

Qocalar evində sükut,

otaqlar boş,

Uşaq evləri

"oyuncaq və əyləncə mərkəzləri"dir

Teatrlarda anşlaq...

Bütün dövlətlərin adı Yer Kürəsidir,

bütün bayraqlar göyərçin qanadı,

bütün gerblər bermud qapağı,

bütün himlər körpə gülüşü

Bütün dillərin əlifbasında eynidir

hərflərin düzülüşü;

X,O,Ş,B,Ə,X,T,L,İ,K...

və biz də bu gözəllikləri izləyərək

mələklərin qucağında

irəli-geri yellənirik,

nə müharibə var, nə göz yaşı,

nə də qəm…

Astaca pıçıldayıram sənə:

-Əzizim, dodağını gətir söz deyirəm...

 

Yadımdan çıxıb evdə qalıb

 

Biz əlifbanı sevgi məktubu yazmaq üçün öyrənmişdik

Bunu 3-cü sinifdə oxuyarkən anladım.

Dəftərimdən qopardığım vərəqə iki söz yazmışdım:

“sənin adın+mənim adım”.

Rəsm dərsində ürək şəkli çəkirdik bayraqla gerb əvəzinə

Körpə qəlbimiz öz sümük beşiyində yenicə gülürdü onda

Onda hələ öyrənməmişdik rəqəmlərin əskjinas olduğunu

Onda bilmirdik ki, dördbucaq çəkə bilməyən dostumuz dörd divara düşəcək

Bilmirdik ki, “ampermetr”dən 5 alan qız cərəyandan öləcək

Bilmirdik ki, hər şey boş çoxluqdur,

Bu yaddaş kitabçasında adam öz əllərini unudur

Yaxın otur,

bir az etiraf edəcəm, yaxın otur, əziz müəlliməm.

Azərbaycan dili dərsində "unutmaq" felini

şəxsə və kəmiyyətə görə dəyişirdik.

Və mən həmişə 1-ci şəxsin təkində yalan danışırdım.

Çünki mən unutmamışdım...

Biologiya bizdən gizlətmişdi ki,

gözlərin 2 funksiyası var:

“ağlamaq və danışmaq”

Əslində, ürəyin dili imiş baxışlar

Onda Tarix Turqut Özal deyildi, Corc Buş deyildi

Onda hələ əkiz qüllələr başını aşağı salmamışdı,

Onda əkiz qüllələrin başı göyə dəyirdi

Fizika da çin işgəncəsi idi

Bircə “Ümumdünya cazibə qanunu”nu

səni qucaqlayarkən başa düşdüm

Nyutonun başına alma düşməmişdən qabaq

sən mənim ürəyimə düşmüşdün...

Coğrafiya dərsində bütün yollar sənə gedirdi,

bütün çaylar sənə axırdı

Hərdən ayaqlarımı geyinib qaçırdım ekvator boyu

Hara dönürdümsə kompasın əqrəbi sənə baxırdı.

Qlobusu qucaqlayan paralellər tək

səni qucaqlamışdı bu qollar

Onda bilmirdim ki,

Yerin nüvə qatından başqa nüvə silahı silahı da var.

Əziz müəlliməm,

İndi “həyat dərsi”ndən kəsr imtahanına gəlmişəm,

Dəftərimi yoxlayın, davranışıma qiymət verin,

İstəyirsiz valideynimi çağırıb iclasda şikayətlənin.

Amma xahiş edirəm, məndən “sevməy”i soruşmayın.

Çünki “sevmək” yadımdan çıxıb evdə qalıb.

 

Unutmağın resepti

Hərdən onun toxunduğu yerlər qopar bədənindən

hissə-hissə yoxa çıxarsan hərdən

Hərdən “qayıt, ölürəm” kimi oxunar

ona yazdığın bircə “Salam. Necəsən?”

 

Sıxılarsan...

Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı

Görərsən saçların onun çiyni üçün darıxır

Ayrılıq sevgiyə yox, ölümə daxildi, qızım...

Bunu da öyrənmişdin uşaqlıq paltarından

 

Gör ayrılığın üstündən neçə payız keçib e,

onun qoxusu hələ də çəkilmir paltarından

Hərdən ovulub gedərsən...

Burnunun ucu göynəyər tanış qoxudan ötrü

Yağış yağar, görərsən ki,

altında bir boş yer qalıb əlindəki çətirin

Hərdən boynunu üşüdər onun aldığı şərf də

barmaqların əllərindən sırsıra tək sallanar.

Boş küçədə öskürər xatirələr astaca

Cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə”

Hərdən heç nə dəyişməz...

Bir görüş yeri boyda boşluq qalar içində

Hərdən büdrəyərsən... yıxılarsan

xatirələrin yanından keçəndə...

 

 


Poeziya