Sənət xilaskardır!

Doğum günümə - Adilə Nəzərin şeiri

Bu gün Adilə Nəzərin doğum günüdür. Literart.az bu münasibətlə müəllifin yeni şeirini təqdim edir.


  • Poeziya
  • 10:00 26.05.2023
  • Oxunma sayı: 307
Doğum günümə  - Adilə Nəzərin şeiri

Mən "Kiçik Torpaq"danam –

Tam dünyanın yenidən başlandığı yerdənəm.

Elə mən də torpağam –

Peyğəmbər xanəsiyəm…

Yaxşı olmasam belə,

belə... pis də deyiləm,

Şükr olsun Yaradana,

qoymadı bu yaşadək bir kimsəyə əyiləm.

O çox yaxınımdadır,

lap yaxında - yanımda...

Ağacın yarpağında, kəpənək qanadında…

Hər şey Onun adında,

Hər şey Onun altında…

O, mənim hər kəsimdir,

mən Onun hər kəsiyəm…

Bacım, qardaşım da var,

kəsəyim, daşım da var,

evim, eşiyim, yurdum,

dostum, tanışım da var...

Bir az halal çörəyim,

böyük, açıq ürəyim,

ağlım-başım yerində,

hislərim, duyğularım...

bir də vardır qələmim...

Özümü dinləməklə keçir günümün çoxu, -

bir az dağın sükutu,

bir az suyun səsiyəm…

Üç yox, beş yox, sayısız

namazına dururam görünən, görünməyən,

var olan gözəlliyin...

Dəstəmazım xoş sifət,

səccadəm xeyir əməl,

möhürüm sevən qəlbdir,

qibləmsə Eşqdir mənim.

Mən Eşqin naləsiyəm…

Nə olsun, ümidlərim Xəzərdən su içməyib,

nə olsun xəyallarım pəncərədən keçməyib.

Nə olsun tənhalığım şeirlərlə savaşda,

nə olsun fikirlərim mənə qarşı vuruşda.

Mənim də sevdiyim var…

Sevgi mənəm, Eşq Odur,

mən Onun sayəsiyəm…

Qara günü götürüb ağ günlərə qatıram,

Üç rəngli bayrağım var, ucalarda tuturam,

Naxçıvandan Turana alidən ali qayəm…

Mən millət aşiqiyəm,

Vətən pərvanəsiyəm.


Poeziya