Sənət xilaskardır!

Sənin qurduğun dünyaya dodaq büzdüm – bilirsən... - Qulu Ağsəsin şeiri öz ifasında - VİDEO


  • Poeziya
  • 12:33 25.05.2023
  • Oxunma sayı: 132
Sənin qurduğun dünyaya dodaq büzdüm – bilirsən...  - Qulu Ağsəsin şeiri öz ifasında  - VİDEO

 

Ömrümdən neçə gün qalıb,

                         neçə saat, İlahi?

Çoxdan Səndən nə zəng gəlir,

                         nə amanat, İlahi!

Kim kəsib Sən olan yerdə,

                         söylə, yolu-yolağı?

Gedim hansı cəhənnəmə,

                         hardan gəlir sorağın?..

Nə vaxt çaparam dördnala

                          mən də əcəl atında?

At altımdan uçub gedə,

                          mən də sənin altından.

Ha uçsam da, öz üstümə

                           uçar öz günahım da,

Səhvlərimi deyim, bəlkə,

                            çıxım söz günahımdan? –

...İki dünya gözəlinə

                            mehr  saldım – yadında?

Nə özgəyə verdim, nə də

                             özüm aldım – yadında?

Yolda qoydum gözlərini,

                              gözümü dağlayarsan,

Əllərinə qurban olum,

                               üstündə saxlayarsan.

Neçə kərə söz göndərdin,

                               ərindim, yazammadım,

Ürəyimdə ocaq çatdın,

                                naşükür qızınmadı.

Qadan-balan sızan yerə

                                 şərab süzdüm – bilirsən,

Sənin qurduğun dünyaya

                                 dodaq büzdüm – bilirsən.

Ruhumu da tərpətmədi

                                   min cür nazü-nemətin,

Yamanladım taleyimi –

                                    haqdan gələn qisməti...

...Mərhəmətin, neyləsəm də,

                                    günahımı aşmada,

Çoxdandı ki, içimdə bir

                                    yalvarış dolaşmada: –

Gedib tövbə eləməyə

                                    mənə yer ver, İlahi,

Elə yer ki, baxıb görüm

                                    Sənsən hər yer, İlahi!

Günahımı nəylə desən,

                                    razıyam, yuyum orda,

Əgər gücün çatsa, məni

                                    özündən doyur orda...

 


Poeziya