Sənət xilaskardır!

Duman - Aslan Quliyevin hekayəsi


  • Nəsr
  • 12:00 22.08.2023
  • Oxunma sayı: 241
Duman  - Aslan Quliyevin hekayəsi

Qoca onlara deyirdi, səsləri eşitməli,   duymalı, görməlisiniz,

Səsləri   eşidir, duyurdular. Küləyin,   dumanın, kəpənək qanadının səsini, dovşan ayaqlarının otlara toxunaraq çıxartdığı səsi, düşən yarpaqların səsini, üşüyən ağacların, ötən buludların, titrəyən otların səsini. Amma  eşitdikləri, duyduqları səsləri görmürdülər.

Qoca   Mahirə tarda, Tahirə kamançada çalmağı, ona isə oxumağı öyrədirdi.  Siz barmaqlarınızı, sən də boğazını qorumalısan deyirdi. Mahirlə Tahirə   işləməyi, idmanla məşğul olmağı qadağan eləmişdi, qışda əlcək geyir, yayda günəş altına çıxmır, əllərini    soyuq,   isti suyla yumurdular. Ona da isti, soyuq, duzlu, turş, yağlı yeməyi, içməyi qadağan eləmişdi. Soyuqda qalın yun şərf bağlayır, istidə yelçəkəndə oturmurdu.

Qoca ona deyirdi, səndə olan səsdən   ölkədə heç kimdə yoxdur. Bu səsin nə əvvəli var, nə də axırı. Amma xam səsdir, qəlibə salmalıyıq. 

Onları yaz çölünə aparırdı. Külək əsdikcə dalğalanan çöldə oturur, səslərə qulaq asırdılar. Qoca deyirdi, siz tarda, kamançada çalırsız, külək isə çöldə.   Otlar, çiçəklər çölün simləridir.  Külək toxunduqca çobanyastığı, zəngçiçəyi, incigülü, vələmir hərəsi bir cür səs çıxardır. Heç biri digərini təkrarlamır. Ən kədərli səs vələmirlərin səsidir. Zəngçiçəklərinin səsi  şən və cingiltili, yoncaların səsi batıq, qanqallarınkı qəzəbli, incigüllərinki zərif olur. Səsləri ayırmalı, yadınızda saxlamalısız.

- Eşidirsiz? – onlardan soruşurdu.

- Eşidirik, - deyirdilər.

- Duyursuz?

- Duyuruq, - deyirdilər.

- Görürsüz?

- Görmürük, - deyirdilər.

Qoca çölə baxır, onlara baxır, küləyin alnına tökdüyü ağappaq saçlarını damarları çıxmış nazik barmaqlarıyla arxaya verib başını  yırğalayırdı. Çölə hələ çox gələcəyik, deyirdi. Səsləri görməlisiz, görmürsüzsə,   korsunuz.  Səsləri görməyəndə zamanın da hesabını itirəcəksiz. Günlərin, həftələrin, ayların, fəsillərin necə gəldiyindən, necə keçdiyindən xəbəriniz olmayacaq. Amma mən əminəm, gec-tez görəcəksiz.   

- Haçan? –   soruşurdular.

- Quşlar  havada qanad saxlayanda, gəlib çiyinlərinizə qonanda, - qoca deyirdi.

Mahirlə Tahir çalır, o  isə qocanın öyrətdiyi mahnıları, muğamları oxuyurdu, amma  quşlar   gəlib  çiyinlərinə qonmurdular. Necə uçurdularsa, elə də uçurdular. Uçub şimal ölkələrinə gedir, bu torpaqların niskilini soyuq ölkələrə aparır,  sonra elə o niskillə də qayıdıb   gəlirdilər. 

Qocaya deyirdilər:

- Səsi görməyəcəyik.

Qoca   eyni əminliklə deyirdi:

- Görəcəksiz.

Onun nə vaxtsa səsi görəcəklərinə ümidi var idi, Mahir isə inanmırdı. Usta, mən yarpaqların, buludların, otların səsini eşitdim, amma dovşan ayaqlarının ot üzərindəki  səsini eşitmirəm. Məndə dovşanlara qarşı allergiya var. Bu lənətə gəlmişlər hoppananda allergiyam başlayır. Eşitmə qabiliyyətimi itirirəm.  Qorxuram soruşmağa, sən bundan soruş, dovşan ayaqlarıyla, ya vələmirlə muğam arasında nə əlaqə ola bilər? Çöldə yan-başımızı küləyə verməsək, vələmirlərin necə titrəşdiklərinə baxmasaq, barmaqlarım mizrab tutmayacaq?

Tahir də  əsasən meşədə üşüyən ağacların səsini eşidirdi. Bir bax, kamançanı dilləndirirdi, meşədə nə qədər ağac üşüyürsə, hamısının səsini eşidir, duyuram. Kamança da başlayırdı üşüyən ağaclar kimi sızıldamağa, inildəməyə.

- Üşüyən adamların da səsini eşidirsən?

- Hə. Ac və üşüyən adamların səsi eyni olur.

Qoca bəzən onları çaya, bulağa aparır, saatlarla çayın sahilində, bulağın kənarında  oturub suyun şırıltısına, daşdan damcılayan su damlalarının boğuq tappıltısına qulaq asırdılar. Sular aramla, sakitcə axanda qoca deyirdi, çay segah oxuyur, sular köpüklənib daşlara çırpılanda, kükrəyəndə, hay-küylə axanda isə mənsuriyyə oxuduğunu deyirdi.

Muğam çöllərin, meşələrin, çayların, bulaqların, göllərin, göylərin səsidir, deyirdi. Bu səsləri yaddaşınıza köçürdün. Onlar da çöldəki, göydəki bütün səsləri yaddaşlarına köçürdürdülər.

Artırmada məşq eləyirdilər. Qoca gəlib qarşılarında oturur, başıyla hazırlaşmaq işarəsi verir, sonra isə quzu dərisindən tikilmiş papağını çıxardıb barmağında fırlamağa başlayırdı, papaq dayananda, onlar başlayırdılar.

Qoca yenə də papağını barmağında fırlayırdı.  Çöldə qəlb didən qüssəli hava vardı, duman dağlardan gəlib düzlərə çökürdü, külək ağacların arasındakı cığırlarla zəncirotu tozanaqlarını qovurdu.  Yarpaqlar xışıldayırdı, tənəkə banka çəpərə çırpılıb danqıldayırdı, sərçələr cikkildəyirdi, arılar vızıldayırdı. Çöl səslərlə doluydu.

Qocanın ani hərəkətiylə papaq barmağında donub qaldı:

- Dəşti! – qoca dedi.

Mahir tarı dilləndirdi, Tahir   onu müşayiət eləyirdi.  Heç bunca qəhərləndiyi olmamışdı,   qüssə  içinə çökmüşdü, həsrətə köklənmişdi. İçində     kədərli küləklər əsir, külək yaz çölünü dalğalandırırdı. Oxumağa başlayanda hər şeyi unutdu, hər şey yoxa çıxdı, külək də, yaz çölü də, indi o vardı, musiqiçilər var idi.

Niyə ya rəbb, ögey doğmalığı aşikar elədin?

Niyə bizi bir gözlə görməyi inkar elədin?

Birdən ətrafda nəsə dəyişdi, quş qanadlarının səsini eşitdilər,  quşlar qanadlarını onların başlarına toxundurur, bəziləri isə çiyinlərinə qonurdular. Onlar artıq səsləri görürdülər! Şəffaf rəngdəydilər, gölə daş atılanda ləpələr bir-birlərini qovaraq çevrələrini genişləndirib, sahilə doğru necə yayılırdılarsa, havada elə yayılırdılar.

Qoca onlara dedi, hər şey tamamdır. Düşün yollara, gedin. Mən bu sənəti sizə öyrətdim, öz sənətinizlə də çörəyinizi qazanın. 

Yollara düşüb getdilər, öz sənətləri ilə çörəklərini qazanmağa. Yaz idi. Duman idi. Çiskin idi. Yollar idi.    

Şəhərə gəldilər. Burda onlara dedilər, restoranlara gedin,  orda sizin kimi musiqiçilər üçün göydə gəzirlər.

Getdilər.  Dəbdəbəli restorandı, bəlkə deyilən kimiydi, onlar kimi musiqiçilər üçün göydə gəzirdilər, amma yerdə gəzmirdilər. Restoranın şefi sifətini turşudaraq onlara heyrət və narazılıqla qulaq asırdı. Onlar danışıb qurtarandan sonra inamsızlıqla səsləndi:

- Quşlar havada qanad saxlayırlar?

- Saxlayırlar.

- Çiyinlərinizə qonurlar?

- Qonurlar.

Adam qızardı, çeçədi, nəsə anlaşılmaz sözlər dedi, sonda nəhayət özünü ələ aldı. Mənə nə sizin quşlarınızdan? Qanad saxlayırlar,  ya harasa qonurlar!  Quş, adı üstündə. Nəyindən danışaq?  “Balabacı”nı oxuya bilirsiz? “Balabacı, Balabacı, yar gəlmədi, dərdim əlacı”. Ya da “O gözəl xanımdı, o mənim canımdı”. “Maral-maral!”

 Qoca onlara yalnız muğamları, təsnifləri, xalq mahnılarını öyrətmişdi. Bu mahnıları isə özləri öyrənmişdilər, radiodan, televizordan, toylardan. Oxuya bildiklərini dedilər və şef qərarını elan elədi.  Gecənizə yüz dollar verəcəyəm. Ola bilsin qonaqlar da bəxşiş verdilər. Yaxşı oxuyun, yaxşı da pul qazanın.

Sözünə ara verdi, gözlərini şübhə ilə qıydı, demək, siz   oxuyacaqsız, quşlar da gəlib çiyinlərinizə qonacaqlar.

- Yox, -  başını yırğaladı.

- Bəs qonacaqdılar?

- Balabacıya qonmazlar.

- Marala necə?

- Marala heç qonmazlar. Yalnız muğam oxuyanda…

Şef qəti xəbərdarlıq elədi,   muğam haqda bircə kəlmə də! Bu restoranda toy eləyənlər muğamdan anlamazlar. Həm də sevməzlər.

- Niyə sevməzlər? – soruşdu.

Şef ona cavab vermədi.

İşə başladılar. Gündüzlər kirayə qaldıqları otaqda  yatır, şəhəri gəzib dolaşır, gecələr dəbdəbəli restorandakı toy məclislərində “Balabacı”nı, “Maral-maral”ı, “Maç-maç, quc-quc”u oxuyurdular. Şamlarını da restoranda eləyirdilər.  Şef sözünə əməl eləyir, toydan sonra onlara yüz dollar verirdi, qonaqlardan da bəxşiş verən olurdu. 

Günlər beləcə keçirdi. Çöl küləklərinin, köçəri quşların, yaz sularının, gecələr donan çöllərin səslərini eşitmədiklərindən, görmədiklərindən fəsillərin necə keçməsindən, bir-birlərini necə əvəz eləmələrindən xəbər tutmurdular.   Günlərin hesabını itirmişdilər.

Yayın gəlişindən xəbərsizdilər. Çöllərin bozardığını,  ilıq yağışlar yağdığını görürdülər.  Dalğın baxışlı adamları görürdülər. Sirsifətləri günəşdə yanıb bürünc rəngi almış qızları görürdülər. Havanın   ilğımlandığını görürdülər. Vətənə yay gəldiyini görmürdülər.

Axşam yenə də toyda çalıb oxuyurdular. Pəncərənin qabağında oturmuşdular. Ortalıqda bahalı paltarlar geymiş, daş-qaşları, qızıl, briliyant bəzək-düzəkləri göz qamaşdıran qadınlar, kişilər fırlanırdılar.

Başını çevirib pəncərədən çölə baxanda dalğa-dalğa gələn dumanı gördü. Allah, Allah, bu isti gecədə duman hardan gəlirdi? 

- Mahir, dəşti!

Mahirin gözlərində dəhşət ifadəsi var idi:

- Usta!

- Nəydi?

- Usta, bizi döyərlər.

- Mahiiiiiiiiiiiiir!

Mahir çalmağa başladı, sanki restorana su ələndi, ortalığa qulaq dələn sükut çökdü. Fırlananlar dayandılar, başlar onlara tərəf döndü. O isə bütün bunları görmürdü. “Dəşti” oxuyurdu və ona elə gəlirdi ki, quşlar onların çiyinlərinə qonmaq üçün uçub gəlir, özlərini pəncərələrə çırpır, amma içəriyə yol tapa bilmirlər. Bir-iki dəfə şefə də eşitdirmişdi, qapıları açın, qoy quşlar uçub içəri gəlsinlər. Şef isə hirslənmişdi, biz quşlar üçün qapı açmarıq. Aşmamışdı da.

Şef qaça-qaça gəldi, musiqini saxlatdırdı. Onları başqa dəstə əvəz elədi. Onları isə şefin   otağına apardılar. Üç-dörd pəzəvəng də gəldi. Şef zəncir gəmirirdi. Sizə demişdimmi muğam oxumayın? Demişdimmi, bunlar muğam sevməzlər? Demişdim, amma siz oxuduz. Restoranımı abırdan, hörmətdən saldız! Bunu sizə bağışlayarammı? Bağışlamaram!

Bağışlamadı.

Pəzəvənglər onları bəs deyincə əzişdirdilər. Şef son xəbərdarlığını elədi. Bir daha muğam-filan oxumursuz! Bu dəfə güzəşt elədim, bir də sarsaqlasaz, güzəşt olmayacaq. Yəni təkcə restorandakı   işinizlə yox,  həyatınızla da vidalaşacaqsız.

Böyür-başlarını tutub evə qayıdırdılar. Mahirdən üzr istəyirdi. Sən bağışla,  Pəncərədən dumanı gördüm,  dalğa-dalğa gəlirdi. Eyni ilə bizim çöllərdəki kimi. Duman görəndə hər şeyi unuduram. Mahir də ufuldayırdı, usta, hər şeyi unut, amma bizi unutma.

Bir də o restorana getmədilər.  Axtarıb başqa restoran tapdılar. Burda da  həmən mənzərəydi.  Könülsüz çalır, könülsüz oxuyurdular.

Mahir deyirdi, usta,  Moskvaya gedək, deyirlər, orda Azərbaycan uşaqlarının restoranları var. Bizim kimi musiqiçilər üçün göydə gəzirlər.  Vətəndə heç kim muğama qulaq asmaq istəmir. Çalmadıqca, oxumadıqca yadırğayırıq. Qocanın   öyrətdikləri yadımızdan çıxır. Bəlkə orda, qürbət eldə bizə qulaq asacaqlar. Biz    oxuyanda quşlar gəlib çiyinlərimizə qonacaqlar. 

Getməyək, etiraz elədi.    Öz quşlarımız qonmadı, yad torpağın quşları qonarmı?

Mahir, vətəndir, necə gedək?

Sonda getməyə qərar verdilər.   Bəlkə elə  doğrudan da orda, o torpaqlarda muğama  qulaq asan olacaqdı. Onda onlar yenidən ətrafdakı bütün səsləri eşitməyə, görməyə  başlayacaqdılar. Səsləri görməyə başlayanda, günlərin də sayını biləcəkdilər. 

Getdilər. Moskva onları soyuq qarşıladı. Soyuq ölkənin soyuq paytaxtı qaşqabağını tökmüşdü. Qarın üstündən əsən soyuq külək sümüklərini dilləndirirdi. İlk dəfədir  sümüklərimin səsini eşidirəm, Mahir deyirdi, Tahir, nəyə deyirsən and içim, sənin kamançan heç vaxt mənim sümüklərim kimi sızıldamayıb.

Axtarıb Azərbaycan uşaqlarının şam ağaclarının arasındakı restoranını tapdılar. Restoranın şefi gombul, daz birisiydi, qıyıq gözlərindən nifrət, həyasızlıq yağırdı. İşarə eləyirdi, Mahir gedək, biz bununla işləyə bilmərik. Mahir isə əlindən yapışıb aşağı dartırdı, usta, hara gedirik, bunu güclə tapmışıq. Sən narahat olma, hər şey yaxşı olacaq.

Şef onlara qulaq asdı, əslində çox maraqlı olardı, dedi, ruslar quşlarının sizin çiyinlərinizə necə qonduqlarını, havada necə qanad saxladıqlarını görsəydilər, bütün şəhərə səs-küy düşər, restoranımız məşhurlaşardı. Amma  oxusanız yox, özünüzü   cırsanız da heç bir quş gəlib çiyinlərinizə qonmaz. Hər gecə üç saat oxuyacaqsız,   üç yüz dollar verəcəyəm. Bəxşiş isə bizimdir. “Maral”, “Maç-maç, quc-quc”, “Davay,  dasvidanie!” Muğam oxusanız, vayınızı verərəm!

- Bəs quşlar qonmasın? – çəkinə-çəkinə dedi.

- Hara? – şef duruxdu.

- Çiyinlərimizə.

- Qonsunlar.

- Marala qonmazlar axı.

Şef hirsləndi, hər sözündən təhdid, hədə yağırdı. Cəhənnəmə qonmasınlar! Mən də sizin dünən gəldiyiniz o torpaqdan gəlmişəm. Quşla-filanla başımı tovlaya bilməzsiz! Bu nağıllarınızı ruslar üçün danışarsınız, bəlkə də inanarlar. Mənə isə keçməz! Aydın oldu?

- Oldu, - dedilər.

Kirayə ev tutdular və başladılar gombulun restoranında çalıb oxumağa.   Çaldıqları sümüklərinə düşmürdü,  oxuduqları qəlblərini dilləndirmirdi.

Bir gün azərbaycanlıların toyu idi, yenə də ortalıqda şıdırğı oynayırdılar. Çalıb oxuyurdular, maralı azından iyirmi dəfə təkrar eləmişdilər. Əslinə qalarsa onlara qulaq asan yox idi. Birdən çölə baxdı, şam ağaclarının arasıyla duman sürünərək restorana doğru gəlirdi. Yaz dumanıydı, payız dumanı, bilmirdi. Çünki fəsillərin nə vaxt gəlməsindən, keçməsindən xəbərləri olmurdu. Duman idi, gəlirdi.

Gəlmə, dumana deyirdi, gəlmə.

Duman isə yaxınlaşırdı. Duman yaxınlaşdıqca da qəhərlənirdi. Yenidən azğın qüssə qəlbini didirdi.

Gəlmə, dumana dedi.

Duman   yaxınlaşdı, fırlanan, atılıb düşən adamlarıyla birlikdə restoranı ağuşuna aldı. Restoran dumana düşmüşdü, dumanın qucağında yellənir, yırğalanırdı. Onunsa qəlbini qüssə didirdi. Yalnız indi anladı. Bu payız qüssəsi idi. Demək, çöldə payız idi!

        - Mahir,  dəşti!

- Usta,  döyərlər.

- Mahiiiir!

- Ustaaa…

Mahir çalır, o isə oxuyurdu. Yüz illərin, min illərin muğamı azərbaycanlıların restoranında dalğa-dalğa yayılır, özünə yol tapıb rus çölünə yayılırdı. Qəlbində qövr eləyən neçə günlərin qəhəri, qüssəsi vulkan kimi püskürürdü. Oxuyur, yanaqlarıyla göz yaşları süzülürdü.

Toy sahibləri narazı qalmışdılar, biz   toy eləyirik, cavanlar əylənmək, şənlənmək istəyirlər. Sənin musiqiçilərin isə burda ağlaşma qurublar. Şef  iki qat narazı qalmışdı. Məni hörmətli qonaqların yanında rüsvay elədiniz. Anamı söysəydiniz, mənə bunca təsir eləməzdi. Arvadımı söysəydiniz, məni bunca yandırmazdı.

Onları yenə də döydülər. Bu dəfə rəhimsizcəsinə, insafsızcasına döydülər. Gombul onu yerə uzatdı, təpiyini başına qoyub var qüvvəsi ilə sıxır, kobud yarımçəkməsini onun başında fırlayırdı.

Döymüşdülər, bunca ağrımamışdılar. Bu dəfə ağrıdılar, sındılar. Qürbətçilik ağrısı, təhqir, işkəncə   göynədir, ağrıdırdı.   İki gün evdən çölə çıxmadılar. Mahir deyirdi, usta, hələlik Azərbaycan uşaqlarının restoranını axtarmağa getmə. Barmaqlarımı əziblər,   bizə iş verən tapılsa da, mən çala bilmərəm.

Göyrəmiş, qançır olmuş barmaqlarını ona göstərdi. Bu o barmaqlar idi ki,    isti, soyuq suya salmağı qoca qadağan eləmişdi, barmaqlar həssaslığını itirər deyə işləmir, idman eləmir, istidə, şaxtada çölə çıxmırdılar.

Həftənin axırında Mahirlə Tahiri evdə qoyub şəhərə çıxdı. Soraqlaşıb həmyerlilərini tapmaq istəyirdi. Bəlkə kiməsə restoranında, kafesində musiqiçilər lazım olacaqdı. Uğursuz gün imiş, heç kimi tapa bilmədi. Parkda şam ağaclarının arasındakı oturacaqda oturmuşdu. Yorulmuş, gövrəlmişdi. Kiprikləri yaş üstündə dolanırdı. Qarşısında qarayanız, sifətində çapıq olan cavan bir oğlan dayandı.

Doğma dildə ondan soruşdu:

- Sənə nə olub?

- Heç, - dedi və dodaqları titrədi.

- Nə olub? – oğlan təkrar soruşdu.

- Heç, - təkrar dedi.

- Onda niyə qəlbin qan ağlayır?

Boğazını qəhər tutmuşdu. Danışmaq istəyir, amma danışa bilmirdi. Onunla öz dilində danışan, sifətindən nəciblik, mərdlik yağan bu  cavan oğlanın qarşısında ağlamaq istəmirdi. Oğlan təkid eləyəndən sonra başlarına gələnləri danışdı.

Oğlan ona dedi:

- Oxu.

- Burda? – inamsızlıqla səsləndi.

- Hə.

Əlini qulağının dibinə atıb oxuyurdu, qəhərdən səsi ara-sıra qırılsa da, bu möhtəşəm səs oğlanı sehirləmişdi. Nə qulaqlarına, nə gözlərinə inana bilmirdi. Qulaq asdıqca da gözləri dolurdu.

Oğlan onun qolundan yapışıb yaxınlıqda saxladığı maşınına apardı. Həmən restorana getdilər.   Onlar içəri girəndə restoran bir-birinə dəydi, əli başına çatan oğlanın qabağına qaçıb, ona təzim eləyir, əllərini sinələrinə qoyaraq salam verirdilər. Şef də gəldi, həyasızcasına irişirdi. Sifətinə müti bir ifadə verib, Kara, sən gələn yollara qurban olum, deyirdi. Sənin bura gəlişin mənə şərəf verdi.

Kara dediyi cavan oğlan şefin qulağının dibindən  şillə ilə necə vurdusa, şef fırlanıb onun ayaqları altına yıxıldı. Kara uzunburun, işıldayan tuflisini onun başını qoyub, var gücüylə aşağı sıxır, şef eybəcər səslər çıxardırdı. Sən, şərəfsiz, Kara ona deyirdi, belə adamlara necə əl qaldırarsan? Bunun kimi Azərbaycanda oxuyan yoxdur, sənsə belə səsin sahibini ayağın altına salırsan. Mən bu ölkəyə gələn bütün adamsızların, imkansızların adamıyam. Onlara əl qaldıran mənə əl qaldırmış olur. Sən onlara yox, mənə əl qaldırıbsan!

Şef zarıya-zarıya onlardan üzr istəyirdi, bir də belə qələt eləmərəm. Kara məni bağışla, çevir məni balalarının başına.

Kara deyirdi, qalın, işinizə davam edin. Bu köpək hər gecənizə beş min dollar verəcək, nə oxumağınıza da qarışmayacaq.

Razılaşmadı. Nəinki bu adamla işləmək, onu yaxınlığında belə görmək istəmirdi. Görərdisə, oxuya bilməzdi. Kara da təkid eləmədi. Onları öz restoranına gətirdi. Burda çalın, oxuyun, dedi. Gecənizə beş min dollar verəcəyəm, xətriniz nə istəyir, onu da oxuyun. 

  Kara onlara  bu qədər dəyər vermişdi,   qonaqları narazı qalmasınlar deyə   nə çalıb oxumalarına qarışan olmasa da, daha muğam oxumurdular.  Amma onun xahişi ilə onları pəncərədən  uzaqda oturtmuşdular. Deyirdi, özümdən asılı deyil,   çölə baxıb, duman gördümmü, oxuyacağam. 

Yenə də çalır, oxuyur, hər gecə restoran bağlananda beş min dollar alıb, kirayə qaldıqları evə gedirdilər.  İçib sərxoş olandan sonra başlarını masanın üstünə qoyub ağlayan azərbaycanlılar  üçün “Maral-maral”ı   oxuyurdular. Azərbaycanlılar da   batıq, xırıltılı səslə “Maral, maral” deyə nəqarəti onlarla birlikdə oxuyurdular.  

Mahir, gedək burdan, dedi. Qürbətçilik sıxdı məni.  Bu adam restorandan  bəlkə heç gecəyə beş min qazanmır. Amma bizə beş min verir. Mən bunu qəbul eləyə bilmərəm.

Gedək, Mahir, vətənə gedək!

Həmən gündən sonra  Karanı görməmişdilər. Restoranı onlarla yaşıd olan gülərüz oğlan idarə eləyirdi. Getmək istədiklərini deyəndə, oğlan gülümsədi. Gedə bilərsiniz, dedi, onsuz da Kara mənə demişdi, onlar burda qalan deyillər, gedəcəklər. Nə vaxt istəsələr getsinlər. Onlardan bircə xahişim var, nə vaxt   öldüyümü eşitsələr, gəlib qəbrim üstə oxuyarlar.

Ölərsə, gəlib qəbrinin üstündə çalıb oxuyacaqlarına söz verdilər.

- Sənin qəbrinin üstündə də oxuyarıq? – Mahir ondan soruşdu.

- Yox, - oğlan qətiyyətlə dedi.

- Niyə?

- Mənim qəbrim üstə oxumaq istəsəniz, sizi də öldürüb mənimlə birlikdə basdırarlar. Mənsə bunu istəmirəm. Su səhəngi suda sınar. Bu işdə bizim üçün ölüm qaşla göz arasındadır. Sizsə yaşayın, oxuyun.

Onların hərəsinə on min dollar verdi. Gətirib hava limanından yola saldı.

Qayıtdılar vətənə. Daha restoranlarda iş axtarmadılar. Ölkədə tanınmış bir qarmonçalan   dedi, gəlin mənimlə toylara gedək. Yaxşı pul qazanarsınız. Azərbaycanda sizin kimi çalan, oxuyan yoxdur.

Toylara gedir, çalıb oxuyur, yaxşı pul qazanırdılar. İstədiklərini oxuyurdular, amma nə oxusalar da, daha quşlar gəlib çiyinlərinə qonmur, ətraflarında uçuşmurdular. Mahir nə bacarığı varsa göstərir, Tahir kamançanı dilə gətirir, kamança dil açıb danışır, o da nə əvvəli, nə də axırı olmayan səsiylə, qəlbinin   odu, alovuyla  bütün muğamları oxuyurdu, amma quşlar onlara yaxın düşmürdülər.

Quşlar uçub gedirdilər. Cənuba uçan, şimala uçan quşların ayrılıq nəğmələrini eşidirdilər, amma bu onlara heç nə demirdi. Səsləri görmürdülər. Səsləri görməyəni də zaman hissini itirmişdilər. İndi payızmı, yazmı olduğunu bilmirdilər.

Yenə toyları var idi, axşam toyda olmalıydılar. Mahir hay-küylə gəldi. Moskvada restoranı işlədən həmən gülərüz oğlan ona zəng eləmiş,   Karanın öldürüldüyünü, sabah  öz rayonunda dəfn olunacağını demişdi.

- Hazırlaş, Mahir, gedirik.

- Usta, hara?

- Yasa.

- Usta, bizə orda oxumağa icazə verərlərmi?

- Mahiiiir!

Bəs toy necə olsun? Beh almışıq. Usta, bəlkə getməyək. Bu adamların işi-gücü silah oynatmaqdır, yəqin orda, dəfndə də tapança oynadan beş-altı dostu olacaq. Ordan salamat qayıtmarıq.  Bizi də öldürüb Karayla birlikdə basdırarlar. Unutdunmu, oğlan bizə  demişdi.

Unutmadım, öldürərlərsə, basdırarlarsa, demək, ömrümüz ora qədərmiş. Söz vermişik,   əməl eləməliyik.

Elə həmən gün yola düşdülər. Gecə Karanın rayonuna çatdılar. Oteldə qaldılar. Səhər oyanıb tarı, qavalı, kamançanı  götürüb qəbiristanlığa getdilər. Burda izdiham var idi. Onlar əllərində musiqi alətləri qəbiristanlığa girəndə adamlar dörd göz oldular. Onlara heyrətlə baxırdılar, üzlərində qəzəb dolu ifadə var idi. Sanki indicə üzərlərinə atılıb onları parçalayacaqdılar. Elə belə də eləmək istəyirdilər. Ancaq saçı-saqqalı ağappaq olan, sifətindən nur yağan qoca əlini yuxarı qaldırdı. Dalğalanan kütlə dayandı.

Qoca onların kim olduqlarını öyrənib dedi,  bura niyə gəlibsiz? Bu gün mənim balamın toyu yox, yasıdır.

Adamların arasından Moskvada restoranı işlədən həmən gülərüz oğlan irəli çıxdı. Onlar Karanın vəsiyyətinə görə gəliblər, dedi. Kara onlara demişdi ölüm xəbərimi eşidən kimi gəlib qəbrim üstə çalıb oxuyarsız. Onlar da gəliblər.

- Oxu, - qoca ona dedi və ağladı.

Bardaş qurub qəbrin kənarında oturdular.  Mahir çalmaq üçün ondan işarə gözləyirdi. O isə başını aşağı salmışdı.

- Niyə oxumursan? – qoca ondan soruşdu.

- Qavalım nəm çəkib, - pərt halda dedi.

- Onda necə olsun?

- Köz lazımdır.

Mahir haqlıymış, ucaboy, gözlərindən qan sağılan cavan bir oğlan tapançasını çıxartdı. Bunlar bizimlə məzələnirlər, dedi, qoy hərəsinin başına ikisini sıxım, işimizi görək. İndi köz, qaval vaxtıdır?

Qoca onu qəzəblə süzdü.

- Köz gətirin! - dedi.

Çox çəkmədən bir vedrə köz gətirdilər. Qavalı közdə qızdırdı və Mahirə işarə elədi.  

Dağlardan duman enir, dalğa-dalğı gəlirdi. Mahir gözlərini yumub çalırdı.  İndiyə kimi belə çaldığı olmamışdı. Mizrab simlərə toxunan kimi səs eşidilmir,  yalnız bir azdan göylərdən gəlirdi tarın səsi. Göylərdən gəlib adamların başına, qəbiristanlığa ələnirdi. O da illər öncəsi Moskvadakı parkda qarşısında  dayanmış Karanı görürdü.  Kara ona deyirdi, oxu!   O da oxuyurdu. Dərələr, dağlar səsinə səs vermişdi. Həsrət, giley, yanğı dolu səs dərələrdə əks-səda verir,  dumana qarışaraq sükut içində boğulan çöllərə yayılırdı.

Birini qaldırıb əflaka qədər yüksəltdin,

Birinin yurdunu zülümlə tari-mar elədin.

Birdən qanad səsləri eşitdilər. Qəbiristanlıq quşları    ətraflarında uçuşur, çiyinlərinə qonur, özlərini tara, kamançaya çırpırdılar. Adamlar heyrət və çaşqınlıq içindəydilər. İlk dəfəydi çöl quşlarının insanların çiyinlərinə qonduğunu görürdülər.

Mizrab sonuncu dəfə simə toxundu, tar, kamança sonuncu dəfə səslənib susdu. Ayağa qalxdılar, onlara yaxşılıq eləmiş adama verdikləri sözə əməl eləmişdilər.  Heç kimlə vidalaşmadan qəbiristanlıq qapısına doğru gedirdilər. Hələ də heyrət içində olan adamlar aralanır, onlara yol verirdilər.

Qəbiristanlıqdan çıxanda Mahir deyirdi:

- Usta, mən artıq hiss elədim. Payızdır.

Onların vətənində payız idi.


Nəsr