Sənət xilaskardır!

Ərik ağacı - Hekayə. Eyvaz ZEYNALOV


  • Nəsr
  • 14:00 21.08.2023
  • Oxunma sayı: 228
Ərik ağacı  - Hekayə. Eyvaz ZEYNALOV

Nə özü bu yeni ab-havaya, torpağa, mühitə alışa, uyğunlaşa bilirdi, nə də haçandan bəri rayondan gətirib bağçasında əkdiyi calaq ərik ağacı. Çox da başqa ağaclar hamısı bir yanaydı, o da bir yana, ona daha artıq qulluq edirdi. Vaxtında dibini belləyir, peyin verir, suvarır, necə deyərlər, pərvanə tək başına fırlanırdı, amma nəticəsi yoxdu. İldə bir qarış uzana-uzanmayaydı. Ətrafa elə bir qol-budaq da atmamışdı.
Son zamanlar hər il yazda çiçəkləsə də meyvələri tutmur, üstündə qalmırdı. Yaxşı yadındaydı, ilk dəfə beş-altı çiçək açmışdı. İlahi, onları görəndə necə sevinmiş, fərəhlənmişdi! Nəhayət, zəhmətinin barını dərəcəyini, dadacağını düşünmüşdü. Təəssüf, qismət olmamışdı. Güclü külək əsməyə, yağış yağmağa başlamış, zərif çiçəkləri məhv etmişdi.
Ardakı ildə çiçəklərin sayı qədər ümidləri də artmışdı. Lakin vaxtsız düşən sulu qar, şaxta əlini yenə boşda qoymuşdu. Çiçək cəhənnəm, ərik ağacının özünün quruyacağından bərk narahat olmuşdu. Hər şeyə rəğmən ağac davam gətirmiş, tədricən özünü düzəltmişdi…
Öz taleyi kimi bu ərik ağacanın da qəribə taleyi vardı. Ermənilər Qarabağda yurd-yuvalarını işğal edəndə qardaşı o torpaqlardan çox da aralanmamış, elə qonşu rayondaca məskunlaşmışdı, o, Bakıya pənah gətirmişdi. Bakı böyük olduğu qədər də böyük imkanlara malikdi. Paytaxtda daha asan gün-güzaran tapacağını, ailəsini daha yaxşı dolandıracağını düşünmüşdü.
Əvvəl fəhlə yataqxanalarından birinə sığınmışdı. Bir müddətdən sonra yerli icra nümayəndəsindən uşaqlarının boğazından kəsib qəpik-qəpik, manat-manat yığdığı üç min manata 3 sot torpaq satın almışdı. Bir “gecəqondusu” qaraltmış, ora daşınmışdı. Qalan boş yerdə bir neçə meyvə ağacı əkmişdi.
Ərik ağacının əslini qardaşı qaçarkən ata yurdundan özüynən götürmüş, məskunlaşdığı rayondakı bağında əkmişdi. Özgə torpaqda göyərsə, bitsə, bir ili bar versə də sonrakı ili qurumuşdu. Yaxşı ki, qardaşı tədbirli tərpənmiş, vaxtında ondan yerli cır ərik ağaclarına neçə calaq vurmuşdu, nəslini itməyə qoymamışdı. Calaqlardan ikisi tutmuş, göyərmişdi. Üç-dörd qarış olanda təzə həyət-baca qayırdığını eşidən qardaşı birini çıxardıb ona vermişdi.
Yol uzunu evəcən avtobusda calaq ərik ağacını hamıdan qorumuşdu ki, bir sədəmə toxuyar, əzərlər. Əmanət kimi bir şeydi. Çatan kimi bağçasında ən gözəgəlim yerdə əkmişdi.
İki-üç ildən sonra qardaşıgilə ayağı düşəndə calaq ərik ağacının tayının qollu-budaqlı yekə bir ağaca döndüyünü görüb heyrətlənmiş, gözlərinə inanmamışdı. Qardaşının dediyinə görə, artıq məhsula da düşmüşdü.
Məlum məsələydi, rayonda torpaq daha münbitdi. Bakıda, onun bağçasında torpağın üstü qumsal, altı gil idi. Bitsə də ağacın kökü gilə çatanda inkişafı dayanır, quruyurdu. Yaxşı halda xəstə adam kimi sozala-sozala canı ilə əlləşirdi, meyvəsi olmurdu. Gətirdiyi calaq ərik ağacı bu müddət ərzində nə elə bir boy atmış, nə də çiçəkləmişdi.
Öz vəziyyəti, dolanışığından şikayətlənməyi xoşlamadığı, susmağı daha münasib saydığı kimi bunu da açıb-ağartmamışdı. Guya onun calaq ərik ağacı ilə də hər şey qaydasındaydı. Lap elə əkiz tayı kimi.
Sonrakı dəfədə qardaşının calaq ərik ağacının üstü sapsarı, gözoxşayan iri meyvələrlə dolu idi. Dirəklər olmasaydı, yerə əyilən budaqları ağırlıqdan qırılardı.
Qayıdan baş qardaşı meyvələrdən bir səbət dərib onun uşaqlarına pay yolladı.
***
– Yediyimiz əriklər bizim calaq ərik ağacının əkiz tayının meyvələrindəndi belə qəşəng, iri, dadlı? – Arvadı soruşdu.
– Yox, əşi, – döyükərək guya laqeydcəsinə tez dedi.
Eyvanda əyləşmişdilər. Hər yanı açıqdı. Nə danışdıqlarının hamısını yaxınlıqdakı calaq ərik ağacı eşidirdi. Ona elə gəlirdi calaq ərik ağacı rayondakı əkiz tayının artıq çoxdan bar verdiyindən xəbər tutsa, dərddən quruya, ölə bilər. Ağac olanda nə olar, o da axı canlı idi!
– O da bizim ərik ağacı kimi hələ bara düşməyib, – təskinlik kimi eşitdirdi.
Beləcə qardaşıgildən gətirdiyi sovqatın hansı ərik ağacının meyvəsi olduğunu arvad-uşağından da gizlətdi.
***
Sovqat məsələsi növbəti dəfə qardaşıgilə gedəndə də onu yaxşıca fikirləşməyə vadar etdi. Rayonda avtobusdan düşüb əvvəlcə bazara döndü. Orda qardaşının bağındakı calaq ərik ağacının meyvəsinə oxşayan meyvə axtardı. Bir səbət seçmə ərik çəkdirdi, qardaşıgilə əlidolu yollandı. Guya bağçasındakı calaq ərik ağacının meyvəsindən idi. Söhbət əsnasında bunu bir yönlə yalnız qardaşına deyil, bağındakı calaq ərik ağacına da çatdırdı ki, uzaqdakı tayından nigaran qalmasın.
Sonrakı illərdə bu adət halına düşdü. Hər il qardaşı bağındakı calaq ərik ağacının meyvələrindən onun uşaqlarına sovqat göndərirdi, o da elə həmin səbəti bazardan pulla satın aldığı əriklə doldurub geri qaytarırdı…
***
Daha üç-beş il də ötdü. Yaxşılığa doğru heç nə dəyişmədi. Nə özünün, nə də calaq ərik ağacının həyatında, inkişafında. Nə öz bağçasındakı ərik ağacının pis gün-güzaranını qardaşının bağındakı ərik ağacına, nə də qardaşının bağındakı ərik ağacının firavanlığını öz bağçasındakı ərik ağacına bildirirdi. Hərəsinə bir cür yalan satırdı.
Calaq ərik ağacları eşitdiklərindən az-çox məmnun görünsələr də o özü bu vəziyyətdən həddən ziyadə narahatdı. Qəbahət iş tutmuş adam kimi özünü qardaşının da, ağacların da qarşısında günahkar sayırdı. Bağçasındakı calaq ərik ağacını da bitdiyi, calandığı doğma torpağından ayırmasaydı, yəqin o biri tayı kimi, hələ bəlkə ondan da artıq boylu-buxunlu, qol-budaqlı, barlı-bəhərli olardı…
İşğaldan əvvəl doğma torpaqlarında onlar da iki qardaş firavan yaşayırdlar. Çətinə düşəndə bir-birinin harayına yetir, bir-birinə həyan olurdular. Müharibə, yağı düşmən calaq ərik ağacları kimi onları da bir-birindən ayrı salmışdı. Qonşu rayonda qalan qardaşı da heç yaxşı dolanmırdı. Amma ərik ağacı kimi bu böyük, nəhəng şəhərdə onun gün-güzaranı daha betər, daha ağırdı.
Son vaxtlar evini başına uçurtmaq, torpağını əlindən almaqla hədələyirdilər. Guya sənəd-sünədi düz deyildi, tikintini qanunsuz aparmışdı. Sənəd-sünədsiz daşı daş üstünə qoya bilərdi? Səlahiyyət sahibi pulunu alıb torpağı satanda, sərəncam, sənəd-sünəd verəndə hardaydılar? Beli bağlı olmasa, aldığının çoxunu yuxarılara ötürməsə, yedirtməsə bu qələti qarışdırmağa cürəti çatardımı?
Əlbir satıb-sovmuş, aradan çıxmış, daha doğrusu, vəzifələrini dəyişmişdilər, onun yaxası əldə qalmışdı. Dərdini kimə deyir, yazırdı, çarə qılan tapılmırdı. Sanki vicdanları işğal altındaydı Qarabağ torpaqları kimi…
***
Bu arada, nəhayət, qardaşının da iş-gücdən başı açıldı. Bakıya, onlara qonaq gəlməyə vaxt, imkan tapdı. Bağçasındakı calaq ərik ağacını görəndə heyrətdən yerindəcə dondu. Lakin hər şeyi başa düşmüş kimi heç nə soruşmadı.
– Gedəndə bu ərik ağacını da apar doğma torpağına qovuşdur. – Gizlədiləsi nəsə qalmışdısa, o da öz dərd-səriydi.
Qardaşı başını tərpətməklə razılığını bildirdi.


Nəsr