Sənət xilaskardır!

Bir adamlıq qəbir - Hekayə. Mənzər Niyarlı


  • Nəsr
  • 13:00 05.07.2023
  • Oxunma sayı: 291
Bir adamlıq qəbir  - Hekayə. Mənzər Niyarlı

                                                                                                                                        

 

Müayinə otağında - pərdəninin arxasında uzandığı yerdə qulağı həkimin tibb bacısına pıçıltı ilə dediyi sözləri aldı. “Hər tərəfinə yayılıb”. Özünə aid bu bəd xəbəri eşitsə də həyəcanlanmadı, qalxıb geyindi və həkimdən heç nə soruşmadan evinə gəldi. Arvadı rəhmətə gedəndən tək yaşayırdı.Yeganə oğlu inistitutu bitirib Tümenə işləməyə getmiş, elə ordaca evlənib qalmışdı. Xəstəliyinin ağrıları artsa da, axır vaxtlar ölüm onu elə də qorxutmurdu. Onsuz da yaşadığını yaşamışdı. Ancaq vəziyyətini, əlacsız xəstəliyini axı kiməsə deməliydi. Oğluna zəng etsinmi? Onun da sənədində  dolaşıqlıq vardı. İki il idi atasına baş çəkə bilmirdi. Bəs onda kimə desin durumunu? Ögey bacı-qardaşınamı? Həyatında çox sevdiyi atası yadına düşdü. Atası Səlim kişi yataqda son nəfəsində gözü yalnız onu - ciyər parasını axtarırdı. Əliyusif hiss edirdi ki, atası heç kəsdən yox, bircə ondan nigaran getdi.

       Səlim kişi rəhmətə gedəndən sonra analığı, ögey bacısıyla qardaşı - Bikəxanımla Famil onu özlərindən elə kənarlaşdırmadılar ki, bir də o, doğma evlərinə ayaq açsın. Bunun da səbəbi çox idi. Üç yaşı olar-olmaz anası rəhmətə getmişdi. Sevimli arvadının qəfil ölümü Səlim kişiyə çox pis təsir elədi.  Bir təhər özünə gəlib mehrini oğluna saldı. Bir neçə il oğlunu təkbaşına böyütsə də, gördü yox arvadsız keçinə bilmir. Uzaq qohumlarından birinin  yaşı ötmüş qızını aldı. Üzdən fağır görünən qızın, sən demə, buynuzu içindəymiş. Nə ərinə bir gün verdi, nə də oğulluğuna. Pulgirliyi, tamahkarlığı bir yana, ərinin oğluna olan məhəbbəti arvadı cin atına mindirərdi. Uşaqları olandan sonra lap qudurdu.

     İndi ömrünün bu ahıl yaşında analığının ona etdiyi zülmü yadına salanda başının tükləri biz-biz dururdu. Görünür, Bikəxanımla Familin ona olan soyuqluğu  analarından keçmişdi. Nə isə... Atası tez-tez, hər gün içməyə başladı. Elə içki də onu apardı. Atasının ölümündən sonra öz doğmaca evlərində yaşaya bilməyəcəyini görüb institutu bitirər-bitirməz zavodların birində işə düzəldi və həmin zavodun yataqxanasında da yerləşdi, pis-yaxşı özünə gün-güzəran da  qurdu. Yaşadığı iki otaqlı evini də iş yerindən vermisdilər. İndi onun yaxını, bircə ürək dostu vardısa, o da qapıbir qonşusu Rəhim müəllim idi. Rəhim müəllim boş vaxtlarında Əliyusifin evinə                                                               keçər, hər ikisi başlarını nərdlə, şahmatla qatardılar.

      Həkimin yanından gəldiyi günün axşamı dostunu evinə çağırdı. Vəsiyyətini ürək qızdırdığı Rəhim müəllimə elədi. - Rəhim, qardaşım, - dedi, - mənim vəziyyətim yaxşı deyil, deyəsən, o tərəfliyəm.-İstər- istəməz gülümsədi. - Oğlum da gəlib çıxanacan inanmıram ki, sağ qalam. Sənnən bircə xahişim var. Məni yerdən sən götürərsən. Ölülük-dirilik pulumun da yerini deyəcəyəm sənə. Məni atamın yanında basdırarsan. Doğma anamın üzü yadımda qalmayıb. Onu vəsiyyətinə görə anasının yanında dəfn eləyiblər. Bayramlarda, ad günündə atamla gedib qəbrini ziyarət edərdik. Atam anamı çox istəyərmiş. İnstitutu bir yerdə oxuyublarmış. Atam anamı ömrünün axrına kimi unuda bilmədi. Sonradan aldığı arvad-analığım isə qansızın biriydi. Nə atama bir gün verdi, nə də mənə. Uşaqlarını ki, doğdu, lap qudurdu. Atam o uşaqlarına - Bikəxanımla Familə görə analığımın naqis hərəkətlərinə dözdü. Ancaq deməyim odu ki, atam mənimlə nəfəs alardı, məni hamıdan çox istəyərdi, mən də onu. - Əliyusif köksünü ötürdü.- Məndən atam bədbəxt nigaran getdi. Atam öləndən sora məni evdən perik saldılar. Qorxurdular ki, atamnan qalan üç otağlı evimizdən, bağımızdan mənə da nəsə düşər. Yataqxanada qalanda getdim evimizə, dedim, evi satanda, pay bölgüsü edəndə atamın evinnən heç olmasa bir otağın pulunu verin. Mən də özümə bir gün ağlayım,  evsiz qalmayım. Analığım da, bacı-qardaşım da, vallah, üstümə necə hücum çəkdilərsə bir də ayağımı o evə qoymadım. Yaxşı ki, işlədiyim zavoddan mənə ev verdilər, dolanışığim da pis olmadı. Yoldaşım da ürəyimcə idi . Hə, deməyim odur ki, qardaş, atamın yanında bir nəfərlik qəbır yeri qalıb, qoy elə Bikəxanım da, Famil də, onların övladları da bilsin  ki, mən atamın yanını istəyirəm. - Əliyusif köksünü ötürdü.- Sən, Rəhim, görmüsən ki, oranı...Neçə dəfə məni maşnında aparmısan.

     Əliyusif dostuna vəsiyyətini eləyəndə xəbəri yox idi ki, o bir adamlıq qəbir yerinə görə Bikəxanımla Famil -bacı-qardaş bir- birinə qənim kəsiliblər aralarında dava gedir.

       Əliyusif özünü ələ alaraq xəstəliyini gizlədib telefonda oğlu ilə, nəvələri ilə vidalaşdı, kövrəldi. Dəstəyi yerinə qoyandan sonra gözünün yaşını saxlaya bilməyib ağladı da.

Kişinin bir ayın içərsində halı ağırlaşdı, yeməkdən də qaldı ,boğazına heç su da keçmədi. Günlərin birində - şər qarışan vaxt dünyasını dəyişdi. Gözlərini, çənəsini də dostu Rəhim müəllim bağladı.

 

***

     Bikəxanım Əliyusifin ölümündən iki gün qabaq yuxu görmüşdü. Gördüyü yuxu nə idisə, əcaib-qəraib bir yuxu idi. Yuxuda gördü ki, atalarını basdırdıqları qəbiristanlıqdır. O da hamıdan xəbərsiz gizlincə gəlib, o bir adamlıq qəbirin yanında dayanıb. Bikəxanım bir də onu gördü ki, həmin o gözlərini tikdikləri qəbir yerini, qəbri qazanlar cani-dildən qazırlar. Kimin üçün qazırlar, kimi basdıracaqdılar, bax, Bikəxanım onu dərk edə bilmirdi. Birdən gördü ki, möhkəm külək qalxdı və külək vıyıldaya-vıyıldaya bir tabutu qabağına salıb gətirir. Kimin tabutu idi, hara gətirirdilər? Tabut Bikəxanımın lap qənşərində dayananda içindəki adamın kəfənı öz-özünə açıldı. Bikəxanım elə bil tabutda Əliyusifin üzünü gördü. Necə qışqırdısa yuxudan hövlnak ayıldı. Bu nə yuxu idi görürdü... Bəlkə elə doğurdan da... Ləngərləyə-ləngəlrəyə qalxdı. Qan təzyiqi yuxarı olduğuna görə tez-tez başı hərlənərdi. Xalatını zor-güc əyninə geyinib hamamxanaya keçmək istədi ki, üz-gözünə su vursun, bəlkə özünə gələ. Gördü ki, halı yaxşı deyil. Təzədən başını yastığına atdı. Ancaq uzansa da yuxuya gedə bilmədi. “Allah xeyirə calasın. Bu gün nəsə eşidəcəyəm. Birdən qəbiri keçirərlər ha əllərinə". O biri otaqda yatan yaşı otuzu keçmiş, subay qızı Nazilə ayılmışdı. Qapının örtülüb açılmağından bildi.

    - Naza.   

    - Hə, mama.

    - İşə gedirsən?

    -Yox... Günorta gedəcəm.   

    - Bəri gəl görüm.

 Nazilə qapını aralıyıb anasının  xalat əynində yatagına uzandığını gördü.

    - Nolub? Nə tez durmusan?

    -Yuxu görürdüm. Görürəm ki, dayılığın - Əliyusif ölüb, mən də qəbir üstündəyəm... Sora da...

     Nazilə anasının sözünü ağzında qoydu.

     -Nolsun ki, ölüb. Yuxudu da. Yuxuda nə istəsən görə bilərsən.

     -Necə yəni nolsun. Dayılığın xəstədi ey... Bu gün-sabahlıqdı. O günü qonşusu Rəhim zəng eləmişdi. Özü də, gör, ürəyindən nə kecirmiş. Deyib ki, məni atamın yanımda basdırarsuz. Ürəyimdə dedim, gözlə, boğazında qalar. O cür elitni yer elə ona yaraşır. Qonşusuna bircə onu dedim ki, o yer mənimdi. Naza, qoy qulaqlarını  açıb yaxşı-yaxşı eşitsinlər... Bildin?

      Atalarının dəfn edildiyi dəmir hasara alınmış qəbiri Bikəxanımın dediyi kimi elitni, bahalı qəbiristanlıqda yerləşirdi və şəhərin ən gözəl, havalı, ağaclı, güllü-çiçəkli yerində idi. Şam, zeytun, söyüd ağacları qəbirin üstündə çətir kimi açılırdı. Sanki dünyasını dəyişənlər, gündən, küləkdən, şaxtadan qoruyurdu. Ölülərini ziyarət etməyə gələn ziyarətçilər  başdaşların ayaq tərəfində dayanıb ətrafı seyr etdikçə şimaldan gələn küləyin həzin mehi üzlərinə toxunduqca ürəklərində elə bil burda uyuyanlara paxıllıqları tuturdu. "Görən, mənə də qismət olacaqmı bu gözəl mənzərəli yer, yoxsa cəsədimi aparıb kəndlərin birində kol-kos basmış dərəli-təpəli yerə atacaqlar".

      Səlim kişi dünyasını dəyişəndə, onu harda basdırmaq məsələsi çıxanda təcili bu yeri seçmişdilər. O vaxt burda - bu məzarlıqda boş yerlər çox idi, həm də ucuz. İndi buranin qiyməti, Bikəxanım demişkən, kəllə-çarxa qalxıb. Səlim kişini dəfn etdikdən sonra. Səlimin qaynanasına da, arvadına da burda yer eləmişdilər. Dəmir hasara alınmış yerdə baxıb gördülər ki,  bir adamliq yer qalıb. Bacı-qardaş yaşları artdıqca hər ikisi gözlərini o bir adamlıq  qəbir yerinə dikmişdilər və həmin yerin üstündə neçə il idi ki, didişirdilər. Hələ də bir-birilərinə sübut edə bilmirdilər ki, qəbir üçün aldıqları torpağın pulunu kim verib, yerinə yaraşıq üçün düzülmüş metlaxların, qəbirlərin hər iki tərəfində par-par parıldayan qara mərmərdən bərkildilmiş kətillərin,  həmin kətillərin üstünə pərçimlənmiş materialı keramikadan olan, içinə süni güllərlə doldurulmuş güldanlar kimin hesabına başa gəlib. Ən çox onları şirnikləndirən bu qəbiristanda bir adamlıq qəbir yerinin çox baha olması idi. Eşitdiklərinə görə burda bir nəfərlik qəbir yerini almaq üçün gərək beş-altı minindən keçəsən.

 

                                     ***

Bikəxanım qızına təzədən təpinmək istəyəndə Nazilə anasını qabaqladı.

  • Ürəyinnən keçir, qoy basdırsinlar da. O da sənin qanındandı da, ay mama. -

Bikəxanım qaşqabağını salladı.

  • Söz danışdın da. Bəs, ay Naza, bilmirsən ki, orda bir nəfərlik yer qalıb. Elə

Famillə də, sənün o mürdəşir üzünü yumasın, yazıqdı, o doğmaca dayınla davamız elə o qəbir yerinin üstündə döyülmü...

Nazilə əsnəyə-əsnəyə başını yellədi.

  • Az, başını yelləmə ey... Bəs mən? Mən ölsəm məni hara aparıb atacaqsınız?

Nazilə zarafata keçdi. - Ay mama, nə çox yer, - deyib güldü, - Sənin üçün yer taparam. Sən hazırlaş. Qoy Əzrail əmi gəlsin.

  • Az, kiri.
  • Odey... Xırdalan, Masazır, Lökbatan. Havaları tər-təmiz...Təpənin üstü...
  • Hmm. Desinlər ki, Bikəxanıma sentirdə bir qarış yer tapilmadı... Elə hazır yerim var da.
  • Kim qabağa düşdü o yer də onundu.
  • Nə? Allah vurmuşdu elə qabağa düşənnər. Hələ o dayın arvadınla qızını demirəm.
  • Olar nə deyir?
  • O dəfə Gülzargilə yığışmışdıq   haa.  Sənə danışmışam ki. Yadından çıxıb? Dayının qızı... Gör mənə nə deyir.
  • Hansını deyirsən?
  • Hansını deyirəm? Böyüyünü.  Qətibəni. Bibi, deyir, o yerin pulunu Səlim baba öləndə papamız verib.  O yer bizim yer sayılır. Ona görə istəyirik ora bir də əl gəzdirək. Dedim haçan süzün oldu?  O yeri alanda atam əvvəldən hazırlığını görüb pulunu da ayırmışdı ki,  soradan məəttəl qalmayaq. Rəhmətlik ərimin də nə qədər xərci çıxıb o yerə görə. Sən o dayın arvadını,  ifritəni görəydin. Qızına bir qahmar çıxdı ki, sözümü elə ağzımda qoydu, ay baldızağa, dedi,  sənə sübut eləyərəm ki, oranın daşını da, mərmərini də ərim alıb. Dedim, az, sən görmüşdün alanda?  Məni o yandırır ki,  Naza, o, qardaşımın,  o arıq, quru balığı - Qətibəsi gör mənimlə necə danışır.  Ana-bala köhnə palanı tökdülər ortalığa. Əvvəlcə qızı başdadı ki, onu hələ demirik ki, Səlim babanın evini zəbt elədin. Ata-babadan görmüşük ki, ata öləndə ev oğula qalar. Dedim, nə çərənləyirsən? Sənün ağız dolusu dediyin babanıza mən baxmışam ey... nə sənin atan, nə  də anan, gəlin idi də, bircə dəfə qulluğunda durdular, su deyib zarıyanda bircə qurtum su içirtdilər kişiyə?  Heç nə bilmirəm, dedim, o yer mənimdi, vəsallam-şüttamam. Gör, Naza, Qətibənin məni sancamağına bax, deyəcən ki, eşitdyimə görə heç sən də düz-əməlli baxmamısan babamıza. Heç yatağa düşdü ki, baxasan? Qəfildən ölməyibmi?  Ağzım açılmadı, dedim az danışın. Süzü ev yandırır, ev, dedim, girib süzün, qardaşımın gözünə. O boyda bağı da atana verdük də. Onu Famil satsa mənim evimdən ikisini ala bilər. Yenə də, Naza, sözü firlatdilar, gətitib qəbir yerində dayandılar. O qəbir yerini, dedilər, biz heç kəsə verən döyülük, dedim, baxarıq görüm, kim girəcəy o qəbirə.

       Nazilənin bir qulağı anasında, əlindəki telefona baxa-baxa köksünü ötürdü:

  • Lap dava-dalaşa çıxmısınız ki. Görün nəyin üstündə mübahisə edirsiniz ey. O dayım aravadı da, o qızı da elə sən ağıldadılar. Qurtarın, sən Allah bu qəbir söhbətini.
  • Görmürsən nə deyillər. Oları elə Famil - sənin dayun qızışdırır. Özü yaxasını çəkib qırağa, arvadını, qızlarını verib qabağa.

Bikəxanım hikkəli-hikkəli yerinin içində yırğalandı:

  • Yox , belə olmaz, birdən, Naza, o dayılığın, lap elə bu ifritələrdən biri ölər, o yeri tutarlar ha. Allah mənə ölüm vermir ki, məni istədiyim yerdə basdırsınlar.  Sən çoxdan getmirsən qəbirüstə, Naza, cənnətdi ey, cənnət. Orda işləyənlər var ey, biri, kişinin adı nədi, yadımdan çıxıb, qəbirlərə baxan. O dəfə kişiyə pul verdim ki, gül əksin, təmizləsin qəbirlərin yan-yörəsini. Novruz bayramında gedəndə görrəm ki, nərgizlər gül açıb, ətrinnən adamın başı gicəllənir. Qəbirlərin ki, yanında dayanırsan, Naza. Orda, aşağı tərəfdə göl də var ey. Ordan da meh adamın üzünə vurur. Böyründə də su kranı. Nə qədər istəyirsən əl-üzünü yu, sərinlən.
  • Ay mama, deyəsən, sən dəli olmusan...
  • Özünsən dəli. - Bikəxanım iki əllərini yuxarı qaldırıb Allahdan ölüm istədi.-Ay Allah, sənə qurban olum, mənə asan ölüm ver, o yeri tutmasınlar. Özün şahidsən ki, ora od qiymətinədi. O yetimçəni aparıb orda basdırsalar bağrım yarılar.

***

       Bikəxanımın gördüyü yuxudan iki gün keçmişdi ki, Əliyusif keçinib və həmin o birnəfərlik qəbir yerini onun üçün qazırlar. Xəbəri Bikəxanıma qəbiristanlığda təmizlik işinə baxanlardan biri çatdırdı.

  • Nə? - Bikəxanımın ürəyi sanki yerindən çıxıb ayaqlarının altına düşdü. - Ay Allah, yuxum çin çıxdı. Mən elə bilirdim, ürəyimə dammışdı. Əliyusif, o yetim qabağa düşəcəy. Gözlə, bu dəqiqə!.. Elə qoyaram səni orda basdırsınlar!

Bikəxanım telefonu qapıb ərdə olan böyük qızı Sevilə, qardaşı qızlarına, qardaşı arvadına zəng eləyib hamısına xəbər elədi ki, yubanmasınlar, özlərni qəbirstanlığa çatdırsınlar. Mən də gəlirəm.

Əliyusifin cənazəsini qəbiristanlığa gətirəndə günortanı keçmiş, saat dördə işləyirdi. Qəbirqazanlar qan-tər içində o bir adamlıq qəbirin torpağını qazıb əl-üzlərini yumuş, yorğunluqlarını çıxartmaq üçün bir tərəfə çəkilərək çömbəlib otumuşdular. Deyəsən, Rəhim müəllimdən onlara çatacaq zəhmətlərinin haqqını gözləyirdilər. Rəhim müəllim də onların işindən razı qalıb qəbirqazanlara işarə elədi ki, beş-on dəqiqə gözləsinlər. Pullarını ödəyəcək. Qoyun molla fatihəsini versin.

       Molla Qasım cənazə namazını qılmışdı, əlini üzunə aparıb fatihə vermək istəyirdi ki, elə bu vaxt Bikəxanımın dəstəsi maşından tökülüşdü. Düz vaxtında özlərini çatdırmışdılar. Gördülər ki, bir neçə adam tabutun dörd tərəfindən yapışıb qəbirə tərəf aparır. Bikəxanım, onunla gələnlər qəbirlərin arasından dar cığırdan keçib dəmir hasardan içəri doluşdular. Bikəxanımın qışqırığına hamı çöndü:

  • Saxlayın! And olsun Allaha yandıraram buraları! - Üzünü Rəhim müəllimə tutdu - Mən elə bilirdim. Bilirdim bular sənün əməlləründü.

Rəhim müəllim, Rəhim müəllimlə mərhumu basdırmağa gələnlər Bikəxanımın səsinə döndülər. Əvvəlcə elə bildilər ki, Əliyusifi oxşamağa, ağlamağa gəliblər. Ancaq yox, gələnlərin niyyəti başqa idi. Bikəxanım tabuta lap yaxınlaşdı.

  • Bu nə hoqqadır çıxardırsınız? Rəhim müəllim özünü ölünün sahibi kimi irəli verdi. - Nolub ki, bacı?
  • Yekə kişisən... Day nolacaq Sənə telefonda nə dedim. Demədim ki, bu yerin adamı var? - Bikəxanım üzünü nimdaş paltarlar içində büzüşüb oturan qəbirqazanlara tutdu.
  • Ayə, a kişilər bu torpağı necə qazmısınızsa eləcə də doldurun. Bu yer, hamı eşitsin, mənim yerimdir.

Arxada dayanan Bikəxanımın qardaşı qızı Qətibə bibisinə bozardı:

  • Yox bir sənin yerin… Hardan oldu, sənin yerin... Papam fağırdır deyə dinmir. Buranın pulunu, demişəm də, papam verib.

Bikəxanım təzədən cin atına mindi: - Yenə başladın. Pulu verəndə yanındaydın. Uşaqsan otur uşaq yerində.

Özünü qəbiristanlığa təzəcə çatdıran Bikəxanımın böyuk qızı Sevil dayısı qızına cımxırdı:

  • Bilməmişdik... Yerimizin müştərisi bunlar imiş.                                                                                                                    

    Rəhim müəllim, Molla Qasım, Əliyusifi dəfn etməyə gələnlər təəccüblə qohumlar arasında gedən mübahisəyə qulaq asırdılar. 

Molla Qasım mərhumun qohumlarını sakitləşdirmək məqsədilə ucadan iki dəfə - Allahu-əkbər! Allahu-əkbər! - deyib gözucu Bikəxanıma baxdı.    

Rəhim müəllim yanındakılara işarə elədi ki, heç nəyə fikir verməsinlər, mərhumu qəbirə qoysunlar. Bikəxanım Rəhim müəllimin adamlara işarəsindən başa düşdü ki, neyləmək istəyir. Dörd-beş adam tabuta yaxınlaşsa da Bikəxanımın  qışqırığı onların əl-qolların boşaltdı. Geri çəkildilər.

  • Bu saat heç nəyə baxmaram, dağıdaram aləmi. Hər adamın yeri döyül bu qəbir. Özümün də, ərimin də, vaxtı ilə, bura nə qədər xərcimiz çıxıb. Kişi öləndə də ərim qabağa düşmüşdü.

      İndi də Bikəxanımın qardaşı arvadı Nübar hirsli-hirsli üzünü Rəhim müəllimə tutdu.

  • Ərimin icazəsi olmadan heç kimin ixtiyarı yoxdu burda basdırılsın. Bildiniz mən nə demək istəyirəm. Bikəxanım, sən də qulağını aç, yaxşı-yaxşı eşit. Çünki, bu yerin pulunu ərim verib. Sənədi də məndədi. Sənin qışqır-bağır salmağunla döyül ey. Gedin kimə istəyirsiz şikayət edin.

Bikəxanım yanıb  töküldü.

  • Deyirəm axı sənədlər harda itib-batıb.

Molla Qasımın hövsələsi get-gedə daralırdı. Yenə də ucadan: - Allahu-əkbər! - deyib arvadları susdurmaq istədi. Sonra:

  • Bacılar,- dedi, - Burda mübahisə etməyinizin yeri döyil. Günahdı. Küfr-küfr danışmayın. Söhbətüvüzdən belə başa düşdüm ki, bu mərhum süzün qanuvuzdandı. Ona görə də izin verin ölünü basdıraq. Gün əyilir. Gecəyə qalmayaq. Hava da get- gedə soyuyur.

Qətibə təzədən bibisini sancmağından qalmadı:

  • Bizim, bu acgöz bibimiz belədi də. Evi keçirdib adına, indi də buranı  qamarlamaq istəyir.

Bikəxanımın böyük qızı  Sevil özünü irəli verdi. - Zato bağı da siz əlinizə keçirtdiniz. Yayın istisində o bağa yaxın dura bilmirik.

Molla Qasım yenə də səsini ucaltdı:

  • Allahu-əkbər!

Bikəxanım, Bikəxanımla gələnlər çönüb tərs-tərs Molla Qasıma baxdılar. Molla Qasım naümid-naümid arvadları razı salmaq məqsədilə səsinə yumşaqlıq qatıb nəsihətə keçmək istədi:

  • Bacılar, günaha batmayın. Cənazənin yanında  bir-birüvüzü acılamayın. Dünyanın malı heç kəsə qalan döyül. Ağlınızı başınıza yığın. Özü də cənazədən kənara çəkilin. İmkan verün ölümüzü basdıraq. - Molla Qasım sözünə ara verib əlini üzünə apardı: -  İndi isə hamılıqla Əliyusif qardaşın ruhuna bir salavat xətm eləyək.

Mollanın sözündən sonra bir an sakitlik yarandı. Əliyusifin qohumları əllərini salavat çevirmək üçün üzlərinə apardılar. Molla Qasım da əlini üzünə apardı: - Allahu me salli əla Muhammədin və ali Muhəmməd. - Rəhim müəllim səssizcə Molla Qasıma yaxınlaşdı: - İndi neyniyək? – qulağına pıçıldadı: – Molla Qasım, sən nə məsləhət görürsən?

Molla Qasım bir də əlini üzünə aparıb salavatını çevirəndən sonra Səlim kişinin qəbrini göstərdi və yavaşca: - Qardaşım, - dedi, - bu kişi mərhumun nəyidi?

- Atasıdı da. Bu binəva vəsiyyət eləmişdi mənə ki, atasının yanında basdırım. İndi qalmışam məəttəl. Bilmirəm neynim.

- Doğmaca atasudur?

- Həri. Dopdoğmaca.

Molla Qasımın elə bil keyfi açıldı.

- Mən çıxış yolunu tapdım. – deyib qəbirqazanları yanına çağırdı və tapşırdı ki, Səlim kişinin qəbir daşını söksünlər. Rəhim müəllim təəccüblə: - Niyə, nəyə görə, qardaş? – deyə soruşdu.

- Şəriyyətdən məlumdur ki, qardaşım, atanın qəbirinə oğlan övladını da qoymaq olar. – Mollanın bu sözündən sonra elə bil qurbağa gölünə daş atdılar. Hamı səssizcə bir-birilərinin üzünə baxdı.

Bikəxanım, Bikəxanımın dəstəsi çaşbaş qalmışdı. “Molla nə deyir?” Etiraz da edə bilmirdilər. Onları Səlim kişinin qəbri yox, bu boş qəbirin yeri maraqlandırırdı.

Boş qəbir yerini göz qırpımında doldurub qutaran qəbirqazanlar Səlim kişinin qəbir daşını söküb kənara qoydular, sonra meyitin üstündəki torpağı da qazdılar. Molla Qasım Səlim kişinin də ruhuna bir salavat çevirdi, fatihəsini verdi. Qəbirqazanlar və Rəhim müəllimlə gələnlərdən iki nəfər Molla Qasımın nəzarəti altında cənazəni tabutdan çıxarıb atasının qucağına qoydular. Bu vaxt hamı hiss eləməsə də, Rəhim müəllimə elə gəldi ki, Əliyusifin cansız, soyuq bədəni sanki sevincdən titrədi. Sonra hər iki meyitin üstünü torpaqladılar. Qüruba doğru üz tutan günəşin solğun şəfəqləri ata-balanın üstünə tökülən torpağı şölələndirəndə Bikə xanımla dəstəsi gözlərini dikdikləri o boş qəbir yerindən arxayın olub getdilər. Rəhim müəllim onunla gələnləri və qəbirqazanların pulunu  verib yola saldı. Sonra bir daha dostu ilə vidalaşıb: - Rahat yat, qardaşım. Hər şey sən deyən kimi oldu. – deyib kövrəldi. – Sabah da gəlib atanın qəbir daşını yerinə qoyacaqlar. O daşın üstündə atanın yanında sənin də adın yazılacaq.

 

***

Əliyusifin dəfnindən bir ay keçdi. Bahar güllü-çıçəkli, xoş, həzin havasıyla qışın yerini tutdu. Bikəxanım hər il olduğu kimi bu yaz da hipertonik xəstəsi olduğu üçün uzaq, yad şəhərlərin birinə - sanatoriyaya yola salındı. Həmin vaxt heç kəs bilmirdi ki, adına Koronavirus deyilən təhlükəli bir virus dünyaya meydan oxuyacaq. Heç Bikəxanım da bilmirdi. Bilsəydi elə evindəcə oturardı da. Bikəxanım hardan bilərdi ki, bu yer kürəsinə qədəm basan çağırılmamış qonaq gələcək. O öz yağlı bədəninə yapışdırdığı tikanlı caynaqları ilə insanların gözünün odunu alacaq, onlara yaxınlaşıb iyrənc virusları ilə həyatlarına son qoymağa çalışacaq. Bu Taclı virusdan qorunmaq üçün bircə çıxış yolu vardı. Evdən çıxmamaq, harda qalmısansa elə ordaca tərpənməməlisən. Şəhərlərdə, rayonlarda, kəndlərdə qadağalar qoyuldu. Təyyarələrin, nəqliyyatların uçuşları dayandırıldı. İnsanlar başlarını itirmişdilər. Bu nə bəladı bizi gözləyir. Hamı qorxu içərisində evlərə çəkilmişdi. Əllərini, üzlərini yumaqdan, spirtləməkdən başqa, ümidlərini Allaha bağlamışdılar. Bu əcayib virus onlara toxunmasın deyə, doğmalar – qohum-əqrabalar biri-birilərindən gizlənirdilər. Yoluxmalar da gündən-günə artırdı. Yer üzündə karantin tədbiq edildi. Belə vaxtların birində Bikəxanım yad şəhərdə - sanatoriyada otaqların birinə sığınıb, ağlaya-ağlaya evini arzulayırdı. “Mən öləcəyəm, ürəyimə damıb. – deyirdi, - məni vətənimə yola salın. Vallah, heç bir qəbir gözümdə döyül. Təki məni öz torpağımda basdırsınlar”. Bikəxanım bu həngamədə söz danışdı da. Kim idi onun sözü ilə oturub duran? Məgər təyyarələr uçurdu ki, qatarlar işləyirdi ki, Bikəxanımı yola salsınlar.

Gecələrin birində sarsıntıdan Bikəxanımın qan təzyiqi qalxdı və çarpayısının yanındaca yerə yıxıldı. Səhər üzünə maska taxmış, əllərinə əlcək geyinmiş xidmətçi qadın Bikəxanımın qaldığı otağının qapısını açanda arvadı halsız halda yerə sərilmiş gördü. Xidmətçi qadın həkimi çağırmağa qaçdı. Başdan ayağa ağ geyinmiş, ağızları, gözləri bağlı həkimlər içəri girəndə artıq Bikəxanım keçinmişdi. Həkimlərin qoyduqları diaqnoz bir-birilərindən fərqli idi. Biri deyirdi Koronavirus ağ ciyərini paramparça eləyib, o biri deyirdi qan təzyiqi qalxıb, insult keçirib.

Sanatoriyanın müdiri telefonla qızlarına  analarının ölüm xəbərini verdikdən sonra : - “Biz Bikə Balabəyovanın nəşini yola sala bilmərik. Düzdür, o bizim pasiyentdir. Ancaq vəziyyəti başa düşürsünüz də. Bizlik deyil. Təyyarələr uçuşlarını  dayandırıb. Heç bir nəqliyyat işləmir. - Telefonun o biri tərəfində qızları ağlaşsalar da, əlləri heç yana çatmadı.

Sanatoriyanın müdiri şəhər merinin otağında beş-on dəqiqəlik məşvərətdən sonra Bikəxanımı həmin şəhərin kimsəsizlər qəbiristanlığında basdırdılar.


Nəsr