Sənət xilaskardır!

Gülən adam - Vahid Məmmədlinin yeni hekayəsi

Literart.az Vahid Məmmədlinin "Adamlar" silsiləsindən yeni hekayəsini təqdim edir.


  • Nəsr
  • 20:00 23.08.2023
  • Oxunma sayı: 1059
Gülən adam  - Vahid Məmmədlinin yeni hekayəsi

          Blokdan bir neçə addım aralanmış nə xatırladısa, dönüb geri baxdı. Həyat yoldaşı illərdir yaşadığı birotaqlı mənzilinin eyvanından yenə həmişəki kimi arxasınca baxır, onu nəzərləri ilə ötürürdü. Gülümsəyib əl yelləyən qadına eynilə cavab verdi. Adəti üzrə, şəhər mərkəzinə yol aldı.

     Təbəssümü çoxdandır bu şəhərin rəmzlərindən birinə çevrilmişdi. Şəhər əhlinə payladığı gülüşü insanların qarşılıqlı təbəssümü, isti münasibətilə daha da dəyərlənirdi. Rastlaşdığı hər kəsə gülümsəyir, başı ilə salamlaşdıqca təkcə adamların üzü deyil, sanki Fəvvarələr meydanına döşənmiş boz mərmər plitələr də işıqlanırdı. Onu görən hər kəsin simasına qeyri-ixtiyari təbəssüm yayılır,  salamlaşmağa tələsir, nisbətən  uzaqdakılar əl yelləyir, bəziləri də selfi çəkdirirdilər.

   “Pizza İnn”in qarşısında dayanmış kafe işçisi üzündə təbəssüm yüngülcə təzimlə onu səssiz-sözsüz içəriyə dəvət etsə də, o da əlini sinəsinə qoyaraq eyni şəkildə minnətdarlıqla gülümsədi. Espressosunun vaxtı deyildi; səhər eyvanında oturub şəhərin sübhü ilə günün ilk təbəssümünü paylaşaraq ləzzətlə içmişdi qəhvəsini. Əlini cibindəki sonuncu yaşıl əsginasa toxundurub gözlərindən gülümsədi. Molokan bağındakı kafedə çay içəcəkdi.

     Evdən buraya kimi xeyli piyada yol gəlmişdi, aramla gəzsə də, sanki ürəyi boğazında döyünürdü. Bir az dincini almaq üçün qarşısına çıxan ilk skamyada əyləşdi. Gözü sataşanda ayaqqabı bağının açıldığını gördü. Ciddi görkəm alıb əyildi, ipləri dartıb yenidən bağladı. Bu bir neçə saniyədə yenə təngnəfəs oldu, ağır-ağır dikələndə  qarşısındakı bir dəstə adamın maraqla ona baxdığını gördü. Öndəki, eynəyi tərləmiş yaşlı kişi onu  diqqətlə süzüb, ətrafdakılara səsləndi: -Aaa, ay camaat, bu, Gülən adam deyil? Bəs indi niyə gülmür?

Eynəkli kişi sualını ətrafında maraqdan addımını yavaşıdan, ayaq saxlayan adamlara ünvanlasa da, cavabı Gülən adam verdi:

  -Mən bilmirəm ayaqqabıların bağı niyə açılır? Nə qədər bərk dartıb bağlasan da, yenə açılır, - ətrafına toplaşmış adamlara baxanda yenə gülümsədi.

Sualın mənasızlığına gülüb keçən də oldu, çiynini çəkib ətrafında baş sındırıb cavab tapmağa çalışan da. Dəblə geyinmiş, başında şlyapa olan qadın canfəşanlıq etdi:

  -Baxır ayaqqabınızın sağ, ya sol tayının bağının açılmasına… Sağ tayın bağı açılıbsa, bu, yaxşılığadır, sol taydırsa, kimsə arxanızca danışır. – Gülən adam qadını təbəssümlə dinləməyə, o isə fikir yürütməyə davam edirdi. - Bir də baxır hansı düyünlə bağlayırsınız  da ipləri. Dörd növ düyünlə bağlamaq olar ayaqqabı iplərini: düz, qadın, qaynana və bir də oğru düyünləriylə.

Qadının sadaladığı düyün növlərinə pıqqıldayan, təkrarlayıb lağ-lağı edənlərin arasından bığlarını sığallaya-sığallaya diqqətlə qulaq asan cavan oğlan dilləndi:

-Yəqin ki sol olar. Çünki siz bayaq önümüzdən keçəndə bir nəfər arxanızca dedi ki, “görəsən, bu yorulmadı gülümsəməkdən?”

Gülən adam “Ayaqqabımın sol tayının bağı açılmışdı” – deyib gülümsədi.

Bığlı oğlan “Görürsüz, xalanın dediyi düz çıxdı” deyə məmnunluqla bu dəfə qarnını sığalladı.

Şlyapalı qadın dönüb ona “xala” deyən gəncə hikkəli bir baxış atıb yenidən üzünü Gülən adama tutdu:  - Siz də bundan sonra kimsəyə gülümsəməyin, minnətləri olsun, podumayeşşş, - çiynindəki saçlarını geri atıb ədayla davam etdi, - Hansı düyünü yadınızda saxlamağınızdan da çox şey asılıdır. Məncə, siz cərrah düyünü vurun ayaqqabılarınızın bağlarına. Amma inanın, heç onlar da mənfi enerjiyə dözmürlər, -qayğılı-qayğılı başını tərpətdi, - Bəyəm bütün cərrahi əməliyyatlar uğurludur ki?!

Bığlı oğlan irəli keçib skamyada Gülən adamın yanında oturdu. Əlindəki telefonu önünə qaldırıb Gülən adama sığınaraq “Nə olar, gülümsəyin də bir selfi çəkdirək. Elə indi instaqramda paylaşacam” dedi.

Gülən adam təbəssümlə kameraya baxmağa imkan tapmamış şlyapalı qadın coşdu:

-Niyə gülsün? Nəyə gülsün? Zakaznandı?

Gülən adamın bu yupyumru qadının sözlərinə, ədasına gülməyi tutdu. Elə bu təbəssümlə də  bığlı oğlanın önlərinə uzatdığı telefona baxdı. Ətrafına xeyli adam toplaşdığından parkın girəcəyində gediş-gəlişə maneə törədəcəklərindən narahat olub  skamyadan qalxdı. Camaat oğlanla selfi çəkdirdiyini görüb həvəsə düşdü, hərə telefonunu çıxarıb Gülən adamın qoluna girir, o da üzünə təbəssüm qondurub qarşısına gələn növbənöv telefonların kamerasına baxırdı. Yorulduğundan təbəssümlə “məni bağışlayın” mənasında əlini sinəsinə qoyub adamlardan aralandı, bulvara üz tutdu.

       Şlyapalı qadın arxadan səsləndi: -Yaxşı deyiblər ki, dost başa baxar, düşmən ayağa. Elə bilirsiniz ki, ayaqqabınızın bağı öz-özündən açılır?

     O, qeyri-ixtiyari ayaqqabılarına baxdı. Bir az əvvəl dartıb-sıxıb bir neçə düyün atdığı sol ayaqqabısının bağı yenə açılmışdı. Çöməlib ayaqqabısının bağını düyünləyərkən birdən-birə yağış başladı. İri yağış dənəcikləri saçlarını, üzünü, paltarlarını bircə anın içində islatsa da, başını qaldıranda şlyapalı qadının əlindəki çətiri onun üstünə tutduğunu gördü. Qadın bayaqkı mövzunu davam etdirirdi: - Bilirsiniz nə qədər enerji vampiri var?! Elə bilməyin ki, ayaqqabınızın bağı öz-özünə açılır. Həmin o mənfi enerjilər açır ayaqqabınızın bağını… -  Gülən adam çətiri qadının əlindən alıb, hər ikisinin başı üzərinə qaldırdı.

 Meriyanın pəncərələrinin açıldığı parka yaxınlaşırdılar. Binanın qarşısına xeyli adam toplaşmışdı. Şlyapalı qadın hələ də ayaqqabı bağının açılma səbəbləri barədə mülahizələrini davam etdirirdi…

  Şəhər meri yolboyu sürücünü tələsdirirdi. Maşın sürət götürdüyündən ünvana çataçatda küçənin ortasındakı gölməçəni yarıb keçərkən suyu meriyanın qarşısına toplaşmış adamların üstünə sıçratdı. Hər kəs hay-küy salıb əl-qol ilə sürücüyə bağırarkən mer şüşəni endirib camaatı sakitləşdirməyə çalışdıqda Gülən adam paltarına bulaşmış palçıqlı suyu əli ilə təmizləyib gülümsədi:

-Əşşi, su aydınlıqdır, əsəbləşməyin. Merimiz söz verib, şəhərdə bir dənə də olsun gölməçə qalmayacaq.

Mer gözünü ondan çəkmədən şüşəni qaldırdı. Maşın binanın girişinə burulana qədər o, arxa şüşədən hələ də Gülən adama baxırdı…

   -Baxın yenə də gülümsədiniz. Bu qədər adam toplaşıb bura. Sizin gülüşünüzdən müsbət enerjini alıb, mənfini sizə yükləyirlər. Təkcə sol ayaqqabının bağı açılmır ki. Elə olsaydı, nə vardı – bütün orqanizminizə təsir edir. Bu, qlobal məsələdir, nəticədə də müsbət enerji yer üzündə tükənir. Enerji vampirlərindən özləri kimi mənfi auralı nəsil törəyir. Ekologiya, hava, su – hər şey çirklənir…

     Qadını üzündə təbəssümlə dinləyən Gülən adam ayaqqabılarına baxdı: hər iki tayında iplərə vurduğu düyünlər yerində idi. Şlyapalı qadın onun ağlından keçənləri oxumuş kimi meriyanın qarşısına toplaşmış adamlara baxıb dedi: - Narahat olmayın, bunların nə mənfi, nə də müsbət enerjiləri var. Külək hansı enerjini onlara tərəf əsdirsə, onlar da həmin axınlarda olurlar…

Mer başıalovlu pillələri qalxdı: -Bu qədər adam aşağıda niyə toplaşıb?

 Bayaqdan kabinetinin qapısında vurnuxan köməkçisi onu görcək özünü önünə atdı: - Gecəqondu sakinləridir, - əlindəki vərəqi merə uzatdı, - bütün sakinlərin adından ərizədir.

-        Oxu görək!

Köməkçi gecəqondu məhəlləsində yaşayanların ərizəsini mötəbər iclasdaymış kimi ucadan oxudu:

-Cənab mer, bizim qəsəbədə kimsənin üzü gülmür...

- Elə buu? – mer təəccübdən uzada-uzada soruşdu.

- Yox, cənab mer, özləri ilə söhbət etdik. Probleməri həddindən artıq çoxdur. Amma burda eləcə ümumiləşdirib yazıblar: “kimsənin üzü gülmür”.

-Deməli, bunlara gülmək lazımdır? – mer bığaltı gülümsədi.

-Bəli, cənab mer, problemləri həll olunsa, üzləri güləcək.

Mer köməkçisinin problemlərlə bağlı açıqlamasına heç fikir də vermədi. Bir az əvvəl binanın qarşısında gördüyü Gülən adamı xatırladı. Köməkçisinə təcili onu yanına çağırmağı əmr etdi.

-Sizi gecəqondu qəsəbəsinə nümayəndəm təyin edirəm. Orda hamı gülməyi yadırğayıb. Təqdimata da sizi özüm aparacam. Orda bol-bol gülümsəyin, gülün, qəhqəhə çəkin… Neynirsiz edin, əsas odur, qoy qəsəbə camaatı xatırlasın ki, gülmək də var.

Gülən adam düşüncəli gülümsədi:

-Həyatımda ilk dəfədir ki, özümü gülümsəməyə məcbur etməli olacam. Mən yalandan gülə bilmirəm axı. Bilmirəm, bunu bacaracammı?

Merin hövsələsi daraldı: -Qulaq as, bu meriyada o qədər adam var ki, onlara desəm, gülmək lazımdır, bir dəqiqə belə dayanmadan gülərlər. Amma onların gülüşünün heç bir təsiri ola bilməz. Orda camaata sizin gülüşünüz lazımdır. Çox şey istəmirik ki –  sadəcə bir təbəssüm…

Qəsəbəyə çatar-çatmaz insan seli maşını dövrəyə aldı. Öndə olanları arxadakılar elə sıxışdırmışdılar ki, avtomobilin ön, arxa və yan şüşələrinə onlarla sifət yapışmışdı. Neçə-neçə göz bərələrək ona zillənmişdi. Gülən adam bir anlıq bu gözlərə baxdı.

Yanında əyləşmiş mer həyəcanla dilləndi: -Gülümsə onlara, görmürsən necə aqressivdirlər?!

Gülən adam ilk dəfə idi ki, gülə bilmirdi. Gözləri bərəlib şüşəyə yapışan, illərin yorğunluğu, əzabları çökmüş qoca arxadakıların təzyiqindən sanki boğulmaq üzrə idi.

Mer dil boğaza qoymurdu, süni sevinc və canfəşanlıqla: -Cənnət kimi yerdir! Bax gör səni görmək üçün necə maraq göstərirlər! Qal kef elə burda…

  Qapını açıb düşməyə çalışdı. İnsan seli bir qədər geri çəkildi. İlk olaraq onun tərtəmiz qara ayaqqabılarına baxdılar. Ayaqqabısının hər iki tayının iplərinə vurulmuş düyünlər açılıb gülümsəyirdi…

    Maşından enib bayaq gözləri bərəlmiş qocanı axtardı. O, insan selindən zorla qopub gözlərinin, sifətinin ağrısından yolun qırağında çöməlmişdi. İzdihamı yarıb qocaya sarı getdi. Ona yaxınlaşdığını görən qoca göz yaşlarını silib ayağa qaxdı, günahkar kimi gülümsədi.

    Gülən adam əlini qocanın sısqa çiyninə qoyub gülümsədi. Gözlərindən axan yaş gilələrini isə qırışlarından cadar torpağı xatırladan o qocadan başqa kimsə görmürdü…

 

fevral / 2023

 

 

 


Nəsr