Sənət xilaskardır!

Bu hadisədən beş ay sonra İkinci Dünya müharibəsi başladı... - Təranə Vahidin "Hittə" hekayəsi


  • Nəsr
  • 16:00 02.06.2023
  • Oxunma sayı: 333
Bu hadisədən beş ay sonra İkinci Dünya müharibəsi başladı...  - Təranə Vahidin "Hittə" hekayəsi

Deyəsən, o gecə Tanrı kəndi bağışlamışdı...

O gün - ağaclar qol götürüb süzən gün, balıqlar qışqıra-qışqıra çayyuxarı üzən gün, Dəli Səmədin atı özünü qayadan atan gün - hə, o gün kənd qiyamətə inandı, inandı ki, o gün uzaqda deyil, o gün yaxındadı, bəlkə də, o gün elə bu gündü. O gün Alxas elədiyini eləmişdi, tələyə saldığı tülkünü ağacdan asıb dərisini diri-diri boğazından çıxarmışdı. Qışın sazağında ağacın budağında yellənən tülkünün qırmızı əti tir-tir titrədikcə qanı ətrafa sıçrayır, gözləri, kirpiksiz gözləri od saçır, vaqqıltısı eşidənlərin ağlını başından alırdı.

O gün Alxasın Allahsızlığı adamları qorxutmuşdu. Xəbər Məmiş müəllimin qulağına çatanda dərsi yarımçıq qoyub kəndin köhnə məhəlləsinəcən qaçmış, dərisi diri-diri soyulan tülkünü görəndə tükləri biz-biz olmuşdu. Ordan qaranəfəs Bəhlulgilə  qaçıb ov tüfəngini istəmişdi. Bəhlul Məmiş müəllimin əlindən xata çıxacağından qorxub tüfəngi vermək istəməmişdi.

- Allahın olsun! - deyəndə Bəhlulun sözü olmamışdı.

Güllə açılanda tülkü son dəfə vaqqıldayıb canını tapşırdı, bununla da tamaşa bitdi...

Amma o gün şər qarışanda kənddə başqa bir hadisə də oldu, molla Əminin nəvəsi, kəndin axundu Nurəhmədi durduğu yerdə vurğun vurdu. Üç gün heysiz, hərəkətsiz, ölü kimi düşüb qaldı. Adamlar axunddan əlini üzəndə, möcüzə baş verdi, üzündə işıq dolaşdı, bir-birinə sıxılmış dodaqları aralandı, nəsə anlaşılmaz sözlər pıçıldadı.

Bacısı İsmət qardaşının ağzına su damızdırdı, arvadı Şölə pərvanə kimi ərinin başına dolandı, bütün kənd Nurəhmədə dua elədi, qalayçı Yusif qurban kəsib payladı, dostu Səfa adsız dağa nəzir-niyaz dedi, boyaqçı Məmməd üç gün oruc tutdu, sonda Nurəhməd yavaş-yavaş dirçəlib özünə gəldi. Ölümdən geri dönsə də, yaddaşını özüylə gətirə bilmədi. Nurəhmədin yaddaşı sərhədin o üzündəki ağ zolaqda qaldı. Gözləri baxırdı, amma baxışlarının o üzü ucsuz-bucaqsız boşluq idi. Nurəhmədin halından əvvəlcə arvadı Şölə duyuq düşdü, sonra qonum-qonşu, sonra bütün kənd.

Nurəhmədin başına qəza o gün, o uğursuz, o bəd gün gəlmişdi. "Alxasın günahı Nurəhmədi tutdu, Nurəhməd kəndi xilas elədi". Kəndin küpəgirən qarısı Pərli Səltənət başını əsdirə-əsdirə belə deyirdi. Amma Allahsız Alxasın günahı niyə üz-gözündən, əməllərindən nur yağan Nurəhmədi tutmalıydı, niyə Alxasa zaval dəyməməliydi, niyə bu ağır bədəli o ödəməliydi? Bu sualın cavabını heç sonralar da bilən olmadı.

Nurəhməd boş gözləriylə adamlara baxırdı, ağzını da açanda heç kimin anlamadığı bircə kəlmə pıçıldayırdı: hittə.

Ağıllı adamın dəli olmağından axmaq iş yoxdu. Bəsirət gözü açıq olan, hamıya ağıl verib yol göstərən Nurəhməd indi çarəsiz qalmışdı. Körpə uşaq kimi axşam düşəndə  zülüm-zülüm ağlayır, "inqə" deyən bəbə kimi o da "hittə" deyib səsini başına atırdı.

Kəndin bu ağrıya alışması çətin oldu. Arvad-uşağı çarəsizlikdən qırıla-qırıla qaldı. Ölümə nə var ey, gələn bir gün şələ-şüləsini götürüb gedir. Dərd Nurəhmədin dərdiydi. Adamlar xəlvətdə: "Allah heç kəsi Nurəhmədin gününə salmasın", - deyirdilər.

Vaxt keçdikcə Nurəhmədin qəribəlikləri artırdı. Ağacların altında, suyun kənarında, yolun ortasında saatlarla diz üstə çökür, əllərini göyə açıb heydən düşənəcən, ağzı köpüklənənəcən "hittə"  deyirdi. Elə yalvarışla, elə ürəkdən deyirdi ki, eşidənlərin dili-dodağı əsirdi.

Belə-belə  kənd "hittə" sözünə alışdı. Uşaqlar bir-birinə "hittə" deyib sataşırdı. Bircə Alxas "hittə" sözünü eşidəndə cinləri oyanır, dəli ata dönürdü. Bütün kənd altıncı duyğuyla Nurəhmədin başına gələnlərdə Alxası günahlandırırdı.

Bir gün kəndin ortasında Alxasla Nurəhməd qarşılaşdı. Nurəhməd dibsiz baxışlarıyla Alxasa baxdı. Alxas özünü itirsə də, yamanlığından əl çəkmədi:

- Axund, məscidə gedirsən? A kişi, ağlın-başın olsun, məscid nə gəzir. Bundan sonra ibadət-zad da olmayacaq, xəbərin var, təzə hökumət məscidi anbar elədi, bundan sonra kolxozun buğdasını, arpasını ora tığlayacaqlar, qışda da  Əmin babanın tikdirdiyi o məsciddə siçanlar "İnnabı" oynayacaq.

Söz ağzından çıxar-çıxmaz Nurəhməd alıcı quş kimi şığıyıb qolunu Alxasın boynuna doladı. Alxasın xırıltısı aləmi başına götürdü. Yoldan ötənlər olmasaydı,  nəfəsi kəsiləcəkdi. Alxası Nurəhmədin əlindən almağına aldılar, amma o gecə kəndə rayon mərkəzindən köhnə bir "Pobeda" gəldi. Papağında ulduz olan iki adam Nurəhmədin qollarını tutdu, çiynində çoxlu ulduzu olan şinelli adam: "Bu yoldaşı islah olmaq üçün lazımi yerlərə göndərəcəyik!" - deyib Nurəhmədin taleyini həll elədi. Bu xəbərdən kənd silkələndi. Adamlar irəli durub "ölərik, bu kişini vermərik", - deyəndə ulduzlu adam göz qırpımında naqanını çıxarıb göyə boşaltdı. İzdiham dondu. Ulduzlu adam Nurəhmədin sovet adamına yaraşmayan əməllərindən danışdı, köhnənin qalığı kimi yamanladı, yoldaş Alxası öldürməyə cəhd etməkdə günahlandırdı. "Belə təhlükəli ünsürü Sibirə sürdürərdik, əgər xəstəliyi karına gəlməsəydi", - deyib camaatın gözündən basdı.

Nurəhmədin qollarını bağlayıb aparanda kəndin qüruru sındı, kişilərin baxışları yerə dikildi.

O gecə kənddə heç kim yatmadı, o gecədən kəndin yuxusu qaçdı.

Bir müddətdən sonra xəbər gəldi ki, Nurəhmədi böyük şəhərə aparıblar, guya həkimlər yoxlayıb deyiblər ki, sapsağlam adamdı, lap bizdən də ağıllıdı, yola salın çıxıb getsin evinə. Bu şayiələr, əslində, kəndin arzusu, istəyi, Nurəhmədə olan sevgisiydi.

Bu hadisədən beş ay sonra İkinci Dünya müharibəsi başladı...

...Elə bil Alxas tülkünü diri-diri soyan gündən kəndin dəfi dönmüş, lənətlənmişdi. Kəndin əli silah tutan kişilərini cəbhəyə apardılar, arvad-uşaq başsız qaldı, kənd ölümdən, yatalaqdan, qızdırmadan, aclıqdan keçdi, müharibəyə gedənlərdən geri dönənlər də oldu, dönməyənlər də. Alxas da adam udan əjdahanın azğından qurtarmadı, geri dönmədi. Kəndin ürəyi yuxa olsa da, onu bağışlamadı.

...İllər sonra bu kəndə paytaxtdan qədim məbədləri, qəbirləri, mağaraları araşdıran ağ saçlı, ağ saqqalı bir adam gəlib çıxdı. Kəndin yeganə qalstuklu adamı Muxtar müəllim: "Arxeoloqdu", - dedi. Amma kənddə bu sözü heç kim başa düşmədi, arxeoloq sözü kəndin dilinə "qəbireşələyən" kimi tərcümə olundu. Dünyanın qulağını qurdalayan bu müdrik adam adamlara tez alışdı. Bir dəfə Xoruzquyruğu Hümbətin çayxanasında söhbət edəndə adamlardan biri o birinə zarafatyana "hittə" dedi. Qoca duruxdu, sözün ucundan tutub getdi. Adamlar kəndin yaddaşındakı o qorxunc hadisəni qocaya nağıl elədilər.

"Biz heç indi də bilmirik, ağlını itirmiş yazıq Nurəhməd bu sözlə nə demək istəyirdi", - dedilər.

Qoca siqaret yandırıb acgözlüklə sümürdü. Həyəcanlı olduğu bəlliydi. Gözünü qıyıb siqaretdən bir qullab  aldı:

- Adam o vaxt dəli olur ki, onu heç kim başa düşmür. "Quran"ın Əl-Bəqərə surəsinin 59-cu ayəsində deyilir ki, "hittə" ərəb dilində "bizi bağışlayın" - deməkdi. O, Allahdan bu kəndin, bu adamların bağışlanmasını istəyirmiş.

Adamlar eşitdiklərinə mat qaldılar.

Axşamçağı arxeoloq heç kimə heç nə demədən kənddən çıxıb getdi.

O gecə Nurəhməd yenidən kəndə, evlərə, yaddaşlara qayıtdı. Başqa qiyafədə, başqa surətdə, başqa hikmətdə.

Deyəsən, o gecə Tanrı kəndi bağışlamışdı...


Nəsr