Sənət xilaskardır!

Dua - Hekayə. Əlişükür CAVADOV


  • Nəsr
  • 09:00 01.06.2023
  • Oxunma sayı: 483
Dua  - Hekayə. Əlişükür CAVADOV

Günəş şüaları cənginə keçən hər kəsin üstünə şığıyır, onları tərlədib əldən salırdı. Yorulub əldən düşmüş qoca balıqçı artıq 7-ci gün idi ki, evə əliboş qayıdırdı. Bilmirdi başına döyən günün hayına qalsın, yoxsa evin kandarından hansı üzlə girəcəyinin. İçindəki narahatlıqlara çarə tapmasa da, ayaqları onu evə doğru aparırdı. Getməyə başqa yeri olsaydı, yəqin ki, ora gedərdi. Getməzdi evə. Utanırdı əliboş geri döndüyünə görə. Ancaq nə çarə ki, gedəsi başqa yeri yox idi. Əynindəki balıqçı paltarı və çiynindəki balıqçı ləvazimatları torbası onu tərlətməkdə günün şığıyan şüalarına kömək edirdi. Qoca balıqçı, nəhayət, evə çatdı. Həyət darvazasından keçib evə girdi. Evə səssiz girməsindən qarı yenə qocanın əliboş olduğunu başa düşdü. Çünki qoca balıqçı hər dəfə əlidolu gələndə həyət darvazasından içəri keçən kimi qarının adını çəkib onu çağırardı. Bu çağırış, bir növ, şənlik əlaməti idi onun. Qarı artıq bir həftədir ki, balıq tutmaqdan gələn qoca balıqçı yoldaşının ağzından öz adını eşitmirdi. Bu isə yaxşıya əlamət deyildi. Qoca evin içəri otaqlarından birinə keçib dinməzcə əynini dəyişdi. Yuyunub mətbəxdəki stolun arxasında, qarının qənşərində əyləşdi. Qoca heç nə danışmırdı. Qarı da məsələnin nə yerdə olduğunu başa düşdüyündən balıq barədə sual verib utandırmaq istəmirdi qocanı. Onlar bir-birlərinin ürəyindən keçənləri deməmiş də başa düşürdülər. Qarı keçən illər ərzində belə hallarda heç vaxt üzə vurub şikayət etməmişdi vəziyyətin çətinliyindən. Elə buna görə də qoca olduqca razı idi qarıdan. Qoca, qarının süzdüyü çaydan bir qurtum içib gözlərini önündəki qəndqabına zillədi. Qəndqabında olan 3-4 qənd də qocaya - vəziyyət heç yaxşı deyil qoca - deyirdi. Qoca çayı qəndsiz içdi. Qarı bir söz deməsə də, qoca onun qəlbində sözünün olduğunu sezdi. Üzünü qarıya çevirmədən

- Sözlü adama oxşayırsan - dedi.

- Yox.

- Düzünü de. Qaşlarını qaldırmısansa, deməli, nəsə demək istəyirsən - deyib gülümsəyir qoca.

- Əslində, bir sözüm var. Ancaq necə deyim, bilmirəm.

- Həmişə sözün olanda necə deyirsənsə, elə də de ?

- Bilmirəm ki, necə baxarsan sözümə.

- Yaxşı söz olsa, yaxşı baxacam, pis söz olsa pis... Görürəm bu sözü sinəndə saxlamaqla özünə əziyyət verirsən. Odur ki, de yüngülləş.

- Vəziyyətimiz yaxşı deyil. Bizə bir çıxış yolu lazımdır. Bəlkə də deyəcəksən başımı itirmişəm amma olsun... Lap elə başımı itirmişəm...- qarı susur.

- Elədi. Vəziyyətimiz yaxşı deyil. Nədi çıxış yolu ?

- Molla Əfqanı tanıyırsan da.

- Hə. Nolub ki ?

- Deyirlər o yaxşı ruzi duası yazır.

- Bunu deyirdin çıxış yolu ?

- Hə. 30 manata yazır. 35 manatımız var. Gəl yazdıraq.

Qoca bərkdən qəhqəhə çəkib gülür.

- Sənin heç vaxt belə söhbətlər eləyəcəyini güman eləməzdim. Sən ki tində dayanıb mırt vuran arvadlara ağız verən deyildin. Noldu sənə? Bir balaca çətinliyimiz olan kimi deyirsən qaçıb yapışaq mollanın ətəyindən? Çətinlikdi də. Bundan da çətin vaxtlarımız olub. Keçib gedəcək. Narahat olma. 30 manat da heyifdi. Axırıncı pulumuzdu.

- Yaxşı. Sən deyən kimi olsun.

3 gün sonra qoca ilə qarı yenə mətbəxdəki balaca masanın arxasında qabaq-qənşər oturublar. Qoca keçən günlərdə balığa getsə də toruna heç nə düşməyib. Qəndqabı boşdur. Qoca yenə də çayı qəndsiz içir. İkisi də eyni şeyi fikirləşir. Ancaq heç biri heç nə danışmır. Qarı 3 gün əvvəl niyyətini deyəndən sonra aldığı cavabı, qoca isə 3 gün əvvə qarıya dediyi sözü fikirləşirdi...

Nəhayət, qarı sükutu pozur.

- Vallah, kefimdən demirəm mən də. Arvadlar danışır ki, kim dua yazdırır, xeyrini görür. Onsuz o 30 manatla artıb qabağa gedən deyilik. Gəl yazdıraq biz də. Allah Kərimdi.

Qoca, qarının üzünə baxıb susur. Qarı davam edir.

- Bilirəm, sən heç vaxt inanmamısan belə şeylərə. Cahil kimi baxmısan belə şeylər üçün molla qapısına üz tutanlara. Heç mən də indiyə qədər molla adı tutub, molla qapısına üz tutmamışam. Vəziyyətimiz bu yerə gəlməsəydi, mən də necə ki, indiyə qədər dillənməmişdim, bundan sonra da 100 il keçsə, dillənən deyildim. Ancaq ki indi vəziyyət bizi dalana dirəyib. Yoxlasaq, bəlkə, biz də başqaları kimi xeyrini görərik...

Qoca üzdə özünü qarıya narazı kimi göstərsə də, içində razılaşmağa başlamışdı onunla. Özünü bir az tox tutandan sonra yavaş-yavaş yumşalmağa başladı. Üzünü qarıya tutub:

- Yaxşı, get yazdır. Ancaq elə elə, kənd arvadları bilməsin.

Qarı sevinclə hazırlaşıb yola düzəldi.

30 manat duaya, 5 manat da rayon mərkəzinə gedib-gəlməyə xərcləndi. Artıq qoca ilə qarının tək varidatı Molla Əfqanın yazdığı ruzi duası idi.

İki saat yarımdan sonra qarı sevinclə geri döndü. Qoynunda gizlətdiyi duanı çıxarıb qocaya göstərdi. Molla Əfqan duanı boş butulkanın içinə qoyub balıq tutmazdan qabaq çaya atmağı tapşırmışdı. Əlacı kəsilmiş qoca səhəri gün balıq tutmağa gedəndə şüşə butulkaya qoyub ağzını bərk-bərk bağladığı duanı da özü ilə götürdü. Qoca çayın sahilinə çatıb dayandı. Sübh tezdən olduğundan hava tam işıqlanmamışdı. Çayın sahilində bitmiş yaşıllıqlar havaya səxavətlə oskigen buraxırdılar, təmiz hava qocanın ciyərlərini sığallayır, eynini açırdı. Qoca səkkiz dəfə havanı burnundan alıb ağzından verdi. Cavan vaxtı radioda eşitmişdi ki, belə etmək gecə boyunca beynin oksigen çatmayan yerlərini oksigenlə təmin edir. O vaxtdan indiyə qədər də eşitdiyinə əməl edirdi. Artıq 9 gündür ki, ona nemət verməyən çaya kədərlə baxan qocanın son ümidi əlində tutduğu butulkada olan duaya idi. Qayığın çəpləyib çayın orta dərinliyində saxladı.  Torlarını suya atmamışdan qabaq  içində dua olan butulkanı qolu getdikcə suya tulladı. Həmin gün qoca evə yenə əliboş qayıtdı. Həmin gündən sonrakı iki gün ərzində də qocanın toruna balıq düşmədi... Qoca yenə sübh çağı çayın kənarında dayanmışdı. 10 gündür ki, qənaətlə çəkdiyi siqaretinin sonuncusunu damağında qoyub qayğılı bir sifətlə ətrafa, çaya, qayığına, torlarına nəzər saldı. Nəzərlərindən yorğunluq və çarəsizlik yağan qoca səbrlə siqaretini sümürürdü. Qoca siqaretə sonuncu qullabı vurub onu kənara tulladı. Adəti üzrə, çayın orta yerinə gəlib torlarını çayda yerbəyer etdi... Vaxt keçdi, zaman yetişdi, torların yığılmaq vaxtı gəldi. Qoca torlarını atdığı yerə gəlib onları yığmağa başladı. Toru ortasına qədər yığmışdı ki, torun boş olmadığını gördü. Vəziyyəti belə görən qocanın qollarına əlavə güc, gözlərinə əlavə işıq gəldi. Toru ikiqat sürətlə yığmağa başladı. Yığdı-yığdı, yığa-yığa torun sonuna yaxınlaşırdı. Tor heç belə uzun görünməmişdi qocanın gözünə. Sanki tor uzanıb böyümüşdü. Nəhayət, qoca torun sonuna çatdı. Tora düşənin nə olduğunu gördü. Tora düşənin nə olduğunu görən qoca ağlını itirmiş dəli kimi ucadan gülməyə başladı. Tora bu dəfə də balıq düşəməmişdi. Tora düşən içində Molla Əfqanın yazdığı duanın olduğu  şüşə butulka idi.

 

 

 


Nəsr