Sənət xilaskardır!

Adəmin lüğəti - Vahid Məmmədlinin hekayəsi


  • Nəsr
  • 10:30 01.06.2023
  • Oxunma sayı: 1253
Adəmin lüğəti  - Vahid Məmmədlinin hekayəsi

         Tək olanda öz-özümə hələ də mənşəyini tapa bilmədiyim yad bir dildə danışıram. Dünən bəstəkar dostuma zəng edəndə ki, gəl bizim evin yanındakı parkda gəzək, dostum: “Nə yaxşı zəng etdin, elə mən də səni yığacaqdım. Mənə təcili min manat lazımdır. Borca deyirəm. Gələndə gətir ki, mən də həvəslə gəzim, bu gün on min addım məsafə qət edərik” deyib güldü. Özü də bunu elə tərzdə dedi ki, yəni min manatı gətirmirsənsə, gəzməyə də gəlmirəm. Ona borc söz verib telefonu qapadan kimi qışqırdım: “Takama sasa tuta!” – mənasını anlamadığım bu sözləri sanki içimdən bu dildə danışan başqa birisi dedi, “tərcüməsi” də həmin situasiyaya uyğun olaraq yəqin ki, belə idi: “Mənim ağılsız başım, sən heç bir müğənninin ifa etmək istəmədiyi kutumatların (yəqin ki, tərcüməsi “bayağı mahnı” deməkdir) müəllifi olan bu şumuttaya (eqoistə) niyə zəng edirsən axı, min manatının başı ağrıyır?” Qışqırığımı eşidən həyat yoldaşım mətbəxdən gəlib soruşdu ki, yenə nə olub öz dilində danışırsan? Mən yenə “öz dilim”də ona cavab verdim: Amada takama sasa tuta. Kxı mataka. Yamasa kasa mitita, yamasa kosa mota, yamasa kutumat.

Sən demə, həyat yoldaşım uzun müddətdir ki, özümlə danışdığım bu dili eşitdiyindən bəzi sözlərin “mənasını” artıq bilir. Çünki mənə “ağılsız adamlara niyə zəng edirsən ki?” deyib getdi.

     Mənasını bilmədən, fərqində olmadan sərbəst danışdığım bu mövcud olmayan dil mənə haradan, necə bəllidir, mənimçün sadəcə, sirri-xuda, çözümsüz tapmacadır. Yaxın dostlarım bilir ki, mən çox xoşuma gələn bir şey gördükdə “superdir” demirəm, “superauzadır” deyirəm. Görünür, mənim danışdığım dildə də “super” tipli xarici sözlərdən istifadə olunur, “auza” da yəqin ki, çox mənasını verir, yəni çox superdir. Bir dəfə filoloq qızım soruşdu ki, ata, sən danışdığın, görəsən, hansı xalqın dilidir? Cavab verdim ki, hansı xalqın dili olduğunu bilmirəm, amma hiss edirəm ki, nəsə qədim dildir. Hələliksə mənim ömrüm belə keçir, öz dilimdə danışa-danışa.

Son zamanlar mən bu dildə çox inandığım dostlarımın yanında da danışıram. Düzünü deyim ki, bu artıq məndən asılı deyil... Bir dostum var, dünyanı gəzir, Bakıya da ildə bir-iki dəfə gəlir. Gələn kimi də zəng edir ki, gəl İçəri şəhərdə xəngəl yeyək. Bir dəfə o Mərkəzi Klinik Xəstəxanadan zəng vurdu ki, qardaşım, üstünə sağlıq, Tanzaniyada məni ekzotik cücü dişləyib, qızdırmam düşmür, dünyanın işlərini bilmək olmaz, bəlkə, gələsən. Həyatsevər dostumun belə bədbinləşməsi məni kədərləndirdi və xəstəxanaya yollandım. Dostuma fasiləsiz olaraq sistem köçürülür, həkimlər əllərindən gələni edirdilər. Mən isə səhərdən axşama kimi onun yatdığı palatadakı kresloda oturub, tez-tez deyirdim ki, yəqin sabaha sağalacaq və biz onunla gedib İçəri şəhərdə xəngəl yeyəcəyik. Bilirdim ki, xəngəl sevgisindən  başqa heç nə onu belə tez sağaltmaz. Hər dəfə palataya girib-çıxan tibb bacısı ciy-ciy səsiylə dostuma, mənə o qədər sual verirdi ki, sonda o getdikdən sonra dözməyib yenə də öz dilimdə dedim: “Strenka”. Dostum sözün mənasını bilməsə də, anladı ki, bu həmin çoxdanışan, zəhlətökən tibb bacısına aiddir. Mənsə tibb bacısı barədə dediyim sözün mənasını heç özüm də bilmirdim.

     Şükürlər olsun ki, dostum tez bir zamanda sağaldı və biz onunla İçəri şəhərdə xəngəl yemək arzumuzu reallaşdırdıq. Kafenin önündə dilimdən yenə o məchul dildə bir söz çıxdı: “Ninakupenda” (məncə, mənası “bu xəmir xörəkləri bizi öldürəcək” demək idi). Həmin xəngəldən sonra dostum bu dəfə Cənubi Amerikaya səyahət edəcəyini deyib getdi. Dostumun arxasınca “kata susapa” dedim (yəqin ki, “yolun açıq olsun” demək idi).

   Bir müddət sonra vatsapa görüntülü zəng edib salam-kəlamdan sonra: - Cənubi Amerikada Surinamdayam, sənə gözəl xəbərim var, - sifətindəki şillə yerini göstərib dedi: - Düzdür, bu mənə asan başa gəlmədi, amma dostum, mən müəyyən etdim ki, sən işlətdiyin bir söz surinamlıların sranan tonqo dilindədir. Sən dediyin sözlərin çoxu beynimdən çıxmır, ona görə də ara-sıra küçədə, oteldə, okeanın kənarında tək darıxanda danışdığın dildəki sözlərdən öz-özümə deyirəm. Bu gün də oteldən okean sahilinə çimərliyə gələrkən səni yadıma saldım və bərkdən dedim “strenka”. Qabaqda gedən qadın çevrilib sifətimə bir şillə çəkdi. Polisdə məlum oldu ki, bu surinamlıların dilində “cırcırama” deməkdir. Qadından üzr istədikdən sonra cərimə ödətdirib məni buraxdılar. Amma heç də peşman deyiləm. Sonra üzümdəki şillənin ağrısını unutmaq üçün otelin restoranında əyləşib bir şeylər içmək istəyəndə ürəyimdən xəngəl keçdi və “ninakupenda” dedim. Xidmətçi qız gülümsəyib “siz suxaili dilini bilirsiniz?” soruşdu. Sən demə, qız konqoluymuş və bura surinamlıya ərə gəlibmiş. Suxaili dilində “ninakupenda” – “mən səni sevirəm” deməkdir. Orda xəngəlxananın qarşısında sən xəngəli sevdiyini demək istəmisən.

Dostumun dedikləri o qədər ağlıma batmasa da, gülümsəyib telefonu qapatdım. Mən hara, Surinam hara, mən hara suxaililər hara…

     Dostumun bu zəngindən xeyli müddət keçmişdi. Bakıya qar yağırdı. Yaxşı xəngəl havası vardı. Səyahətçi dostum yadıma düşdü, telefonda onu aradım. Dostum çox ciddi görünürdü:

-Qardaşım, mən sənin naməlum dildə dediyin sözləri eşitdikcə dəftərçəmə yazırdım. Bir araşdırma apardım. Məsələn, tez tez işlətdiyin “superauza”dakı “auza” qədim latış dilindədir. Sən danışdığın o dildə dünyanın bütün xalqlarının, millətlərinin sözləri var. Bir çox alimlərlə də danışdım. Belə qərara gəldilər ki, sənin danışdığın dil Adəmin danışdığı dildir. Təbrik edirəm! Həmin alimlər tezliklə mənimlə birlikdə sənin görüşünə gələcəklər. Sən demə, hər bir xalq Adəm babamızın danışdığı dildən bir söz götürüb, öz dillərini yaradıb. Sənə də halaldı, kişinin genləri çox güclüymüş, Adəmin genləri səndə yenidən təzahür edib…

Dostumun dedikləri mənə fantastik görünsə də, ağlıma batdı. Axı deyirlər, Allah insanlarla yalnız bir dəfə - dünyanın başlanğıcında danışıb. O səs buludların arasından gəlirmiş. Sözlər də eynən mənim işlətdiyim kimi – bütövlükdə heç kimin, ayrı-ayrılıqda hamının anladığı sözlər…


Nəsr