Sənət xilaskardır!

Tənha ağac və külək - Əyyub Türkaydan uşaqlar üçün hekayə


  • Nəsr
  • 20:20 31.05.2023
  • Oxunma sayı: 231
Tənha ağac və külək  - Əyyub Türkaydan uşaqlar üçün hekayə

Geniş çöllükdə tək bir ağac bitmişdi. Ətrafında heç bir ağac bitmədiyindən onu Tənha Ağac adlandırırdılar. Bu Tənha Ağac illərdir ki, beləcə tək başına, arxa-dayağı olmadan yaşayırdı. Qışda yağan qar onun canına qorxu salırdı. Yağan qarın ağırlığından az qalırdı ki, Tənha Ağacın budaqları qırılsın. Payızda isə Külək onu kökündən qoparacağını söyləyərək öz gücünü göstərməyə çalışırdı.

Bir gün Tənha Ağac yenə də düzənlikdə yalnız vəziyyətdə ucsuz- bucaqsız çölləri seyr edirdi. Birdən əsməyə başlayan güclü Külək Tənha Ağaca özünü yetirdi və lovğalanaraq sözünə başladı.

-Deyilənlərə görə məndən əvvəl bu çöllərdən əsən heç bir külək səni kökündən qoparmağı bacarmayıb. Mən çoxlu ellərin, obaların üstündən əsərək sənin haqqında deyilənlərin doğruluğunu yoxlamağa gəlmişəm. Bu saat elə əsəcəm ki, kökün torpaqdan ayrılacaq. Daha sonra səni qarşıma alıb uzaqlara atacağam.

Tənha Ağac dedi:
-Doğrudur, sən mənim yarpaqlarımı qopara bilərsən, budaqlarımı qıra bilərsən. Amma unutma ki, köküm daim yerin altında qalacaq. Bir vaxt gələcək yenə torpaqdan boy atıb çıxacağam. Daha sonra böyüyüb qol-budaqlı ağac olacağam. Hər ikimizin Ana Təbiət üçün əhəmiyyəti böyükdür. Sən əsdikcə isti hava və soyuq hava yerini dəyişir. Ağaclarda və çiçəklərdə sənin sayəndə tozlanma gedir. Bitkilərin toxumları külək əsdikcə ətrafa səpələnir. Bununla da yeni-yeni bitkilər torpaqda cücərərək boy atır. Və beləcə yer üzünü bəzəyən gül-çiçəklər açır, ətraf-aləm üçün faydalı olan ağaclar meydana gəlir.

Mən isə olmasam oksigen çatışmazlığı yaranar. Havanın çirklənməsinin qarşısını almaqda köməklik göstərirəm. Məhz buna görə də biz ağacları Yer Kürəsinin “ağ ciyər”ləri adlandırırlar. Külək Tənha Ağacı dinlədikcə səhv etdiyini anladı. O, təbiətin daha sağlam və gözəl olması üçün həm özünün, həm də ağacın nə qədər vacib olduğunu başa düşdü. Tənha Ağacın yanından sakitcə əsərək yoluna davam etdi.


Nəsr