Sənət xilaskardır!

Kərəm haqlı idi - Orxan Cuvarlının hekayəsi


  • Nəsr
  • 10:00 24.08.2023
  • Oxunma sayı: 156
Kərəm haqlı idi  - Orxan Cuvarlının hekayəsi

- Professor gəlib, eşitmisən?

Kərəm ağ yük maşınından ayaqqabı qutularını ehtiyatla Rasimə ata-ata xəbər aldı. Rasimin diqqəti azca yayındı, az qaldı axırıncı qutunu əlindən salsın. Birtəhər fikrini toplayıb qutunu əl arabasında yerbəyer elədi. Professorun Kazanda nə işi var? Elə bil yüz ildi onun adını eşitmirdi. Bəlkə, Kərəm kimləsə səhv salıb, ya onlar tamam başqa-başqa adamlardan danışırlar? Rasim tərəddüdlə, bir az da çəkinə-çəkinə dəqiqləşdirmək istədi:

- Hansı professor?

- Vay, vay, vay, - Kərəm ikiqat əyilib Rasimin sağ çiyninə dayaqlandı, yüngül hərəkətlə yük yerindən aşağı tullandı, - adə, neçə professorumuz var bizim?! Hətəmovu deyirəm. Professor Hətəmov!

Kərəm tozlu əllərini bir-birinə çəkdi, baş barmağıyla alnının tərini silib yerə çırpdı. Ciblərini döyəclədi, arxa cibindəki qutudan siqaret çıxarıb odladı. Rasimin təəccübü hələ də çəkilib getməmişdi. Düyünlü qaşları Kərəmin də diqqətindən qaçmadı:

- Niyə fikrə getdin?

- Bəylər hara, bura hara? - Rasim də bir siqaret yandırıb nəzərlərini Kərəmin üzünə zilləmişdi. Professorun adını çoxdandır çəkmirdilər. Sanki Bəylər ismi çox uzaq keçmişdə, yaddaşlarının tozlu künc-bucağında ilişib qalmışdı. İndi qulaqlarına yad dəyən bu ad nə vaxtsa hər ikisi üçün məhrəm, doğma idi.

- Bağışlayasız, Rasim müəllim. Xəbərdarlıq edərəm, gələn dəfə mütləq bizdən icazə alar.

Kərəmin köhnə adətidir, həmişə belə anlarda mütləq sözü zarafata salır, irişir. Yenə öz sözünə qəşş edib gülürdü ki, Rasim acıqlandı:

- Yaxşı görək, sənə kim dedi?

- Uşaqlar deyir nəsə konfransa gəlib, - Kərəm tüstünü üfürüb arabadakı qutulara baxa-baxa siqaret kötüyünü yerə tulladı. Vecsizliyindən görünürdü ki, professorun gəlişinə heç tükü də tərpənməyib. Rasimin təlaşı, həyəcanı ona təəccüblü gəlirdi:

- Gəlib, gəlib də, Rasim. Dərdi-səri bizə qalıb? Adlı-sanlı cərrahdır, bizdən icazə almayacaq ki?!

- Əşi, sən də axı bayaqdan nə icazə-icazə salmısan? İcazə alsın deyən var? Gəlibsə, gərək görüşək, yaxşı düşməz.

- Səni bilmirəm, mənim problemlərim bax burdandı, - Kərəm şəhadət barmağını hülqumunda bıçaq kimi sağa-sola gəzdirdi, - vaxtım da yoxdu.

Allah tərəfi, Kərəm haqlı idi, incikliyini başa düşmək olardı. Axırıncı dəfə professorla heç yaxşı ayrılmamışdılar. Həm də Kərəmin başı məhkəmə işlərinə qarışmışdı. Maşınla adam vurmuşdu, ürək-göbəyini yeyirdi. Bir ətək pulu getmişdi, yazıq indi-indi özünə gəlirdi. Köynəyinin döş cibindən dərman çıxarıb dilinin altına qoydu:

- İşdi-şayəd, görüşmək istəsən, uşaqlardan yerini öyrənib deyərəm.

***

Rasim ayağını çəkə-çəkə Bauman və Universitetskaya küçələrinin kəsişməsində ucalan beşmərtəbəli şabalıdı binanın - "Şalyapin Palas" hotelinin qabağında dayandı. Kərəmlə cavanlıqları bu küçədə keçmişdi. 2000-ci illərin əvvəllərində Kazanın mərkəzi küçələri - Tukay, Bauman, Universitetskaya, Puşkin, Ostrovski bu qədər axar-baxarlı deyildi. Həmin illər Kərəmlə iki tin yuxarıda - "Kazan" mehmanxanasında bir nömrədə kirayə qalırdılar. Kərəm onu dartıb buralara gətirməsə, yəqin, hələ də Şamaxıda - yerin az qala göylə birləşdiyi ucqar qəsəbələrində idi.

Kərəm ondan iki yaş böyük idi, eyni məktəbdə oxumuşdular. Qapıbir qonşu olmaqları bir yana, uşaqlıqdan xasiyyətləri də yaman tuturdu. Yaşıdlarından da çox onunla simsar idi, məktəbdə, dərsdən sonra da bir yerdə vaxt keçirirdilər.

Universiteti bitirəndən sonra işsizlik lap əhədini kəsmişdi. Rasim axsaq idi, hərbi xidmətə aparmadılar. Qəsəbəyə qayıdıb arabir tikintidə iş düşəndə qazandığı qəpik-quruşla başını qatırdı. Kərəm əsgərlikdən qayıtdı, uzun müddət işsiz-gücsüz avaralandılar. Ucqar qəsəbə ola, cavan olasan, iş tapılmaya, qəpiyə güllə atasan... Evdən pul almağa üzləri də gəlmirdi.

İşsiz-gücsüz, sərgərdan halda küçələri veyllənə-veyllənə gəzəndə bayır-bacaqda tapdıqları yarımçıq siqaretləri damaqlarına qoyub az odlamamışdılar. Kərəmin imkansızlığa heç tabı qalmamışdı, borc-xərc edib xalasıoğlunun yanına - Kazana getdi. Rasim qol-budaqsız qaldı, bir neçə ay doğmalar içində qəriblik çəkdi. Bəlkə, ona görə idi ki, Kərəm onu Kazana çağıranda bircə an belə tərəddüd etməmişdi. Ayaqqabı alverinə girişəndən cibləri pul, əyin-başları paltar gördü. İndi o günlərə boylananda Rasimin ürəyində qəribə nisgil qövr edirdi. Yarıac, yarıtox günlər...

Üfüqün qızardığı, buludların pərən-pərən düşdüyü avqust axşamında Qul Şərif məscidindən üzü Tukay meydanına qədər uzanan Bauman küçəsi yenə basırıq idi. Küçə musiqiçilərinin ifa etdiyi müxtəlif mahnılar Kazanın yay axşamlarına xas sərinliyində əriyib it-bat olurdu. Adamlar qol-qola, ikibir-üçbir Rasimin yanından ötüb keçirdilər. Elə bil havanın sərinliyi adamların hərəkətlərinə də hopmuşdu. Onlar mülayim yay axşamından xüsusi zövq alır, getdikləri yerlərə tələsmir, arabir ayaq saxlayır, telefonlarını çıxarıb bu anı əbədiləşdirirdilər.

Qəribədir, Rasim də hotelə sarı gedib-getməməkdə qərarsız idi. O, məhzun, bir az da arxayın sakitliklə adamların telefonun yaddaşına köçürdüyü anlara, cavanların musiqiçilərin önündəki qutulara atdığı dəmir, kağız pullara tamaşa edirdi. On rubl, əlli rubl, yüz rubl... Rasim yaxşı başa düşürdü ki, ürəyini sıxan onu içəridə gözləyən məchulluq, naməlum görüşdür. Özünü aldatmaq nəyə lazım?! Bura heç kimin israrıyla gəlməyib, nə edirsə, öz xoşuna edir. Lap ürəyi istəsə, bu dəqiqə üzünü çevirib evinə gedər. Amma yox... Bir ayrı hiss idi onu saxlayan. İçində səngimək bilməyən bir inadla bu görüşün baş tutmağını istəyirdi. Şiddətli təkidinin kökü ona aydın deyildi, fəqət indi bu görüşü ürəkdən arzuladığını lap qəti yəqin etmişdi, heç bir şəkk-şübhəsi yox idi.

Ağır-ağır hotelin girişinə sarı addımladı, Bauman küçəsini ağuşuna alan musiqi sədaları aram-aram azaldı, handan-hana gecənin əfsunlu sükutuna qarışdı. Hotelin həyətindəki heykəli, bəyaz sütunları geridə qoyub şüşəli qapıdan içəri keçdi. Küçənin qaranlığından sonra çıraqban foye gözlərini qamaşdırdı. Enli dəhlizdə düz liftə qədər qırmızı xalı döşənmişdi. Hotellərə xas ətir, fərqli qoxular Rasimin burnuna dəydi. Qeydiyyat bölməsində ağ köynəkli iki işçi söhbət edirdilər. Hər ikisi səliqəli geyimdə idi. Oğlan qırmızı qalstuk vurmuşdu, qızsa boynuna bənövşəyi şərf dolamışdı. Onu görüb lap xısın-xısın danışmağa başladılar. Rasim oğlana yaxınlaşdı, döş cibinin üstündəki zərrin lövhədən adını oxudu, mane olduğuna görə üzrxahlıq edib sözlərini kəsdi:

- Dobrıy veçer, rebyata. Ayrat, skajite pojalyusta, qospodin Baylar Xatamov v kakoy komnate jivyot?

Oğlan işçi kompüterə sarı əyilirdi ki, qız dilləndi:

- Uvajaemıy, vot on, - göyümsov damarları aydın sezilən əlini meşin kreslolara səmt uzatdı, -  tam stayit.

Professor ayaq üstə var-gəl edir, həyəcanla telefonla danışırdı. İllər keçdikcə Bəylərin boyu lap bəstələşmişdi. Professor Rasimin sinif yoldaşı idi, indi Türkiyədə adlı-sanlı ürək cərrahıydı. İzmirə universiteti bitirib getdiyi idi. Sonralar şöhrəti ta qəsəbələrinə qədər gəlmişdi. Rasim arxadan onun daz başına, tösmərək bədəninə yapışan sahmansız geyiminə baxa-baxa axırıncı görüşlərini xatırlamağa çalışırdı.

Sonuncu dəfə yeddi ya səkkiz il əvvəl Montin tərəfdə xudmani bir kafedə oturmuşdular. Deyəsən, kiminsə toyuna görə yığışmışdılar. Rasim, Kərəm, professor Hətəmov və indi heç cür yadına sala bilmədiyi daha bir-iki nəfər... Xeyirdən-şərə görüşmək də cavanlığı geridə qoymağın bir əlamətidi. Heç nəyi yerli-yataqlı xatırlamasa da, bir şey yadından çıxmır. Məclisin axırına yaxın professor sağlıq demək üçün güclə ayağa qalxdı, səndələyə-səndələyə masanın bir küncündən yapışıb sözə başladı. Rasim içəndə özünü quş kimi yüngül hiss edirdi. Yenə həmən əhvalda idi, əlində qədəh, altdan-yuxarı professorun buxağına, enli sifətinə baxırdı. Professor İzmirdəki həyatından, ordakı dostlarından, iş mühitindən, tələbələrindən, say-seçmə əməliyyatlarından, qadınlardan, dostluqdan, qəsəbələrindən, uşaqlıq xatirələrindən - bir sözlə hər şeydən danışırdı.

Həmin görüşdə hamısı, illah da professor "düd" deyincə içmişdi. Nə Rasim, nə Kərəm professorun anlaqsız nitqini qavraya bilirdilər. O, bir-biriylə əlaqəsi olmayan, rabitəsiz şeylərdən həvəslə, bir az da sərxoşluğun verdiyi inadla danışır, tez-tez cib dəsmalıyla alnının, boyun-boğazının tərini silirdi. Professor hey qəliz misallar çəkir, hərdən-birdən ona kimlərin qulaq asdığını ölçüb-biçmək üçün hamını diqqətlə süzürdü. Söhbət təhsilə qədər gəldi, Hətəmov qəsəbədəki müəllimlərinin ədalətsiz, savadsız olduğundan bir xeyli şikayətləndi. Rasim məclis əhlinin gərginliyini hiss edirdi. Hətta əmin idi ki, bu dəqiqə Kərəmin dişi bağırsağını kəsir, özünü zor saxlayıb. Gözucu onun sifətinə baxdı, doğrudan da, Kərəm rəng alıb-rəng verirdi. Professor Hətəmov məclisi əcəb dolaşığa salmışdı...

Kərəmin atası Xəyyam müəllim hər üçünə kimyadan dərs demişdi. Professorun bu çıxışı dolayı yolla ona da dəyirdi. Kərəmin qırımından başa düşmək olurdu, professorun zəvzəkliyi, yerli-yersiz söhbətləri onu heç açmamışdı. Rasim o sağlığın axırında qədəhləri toqquşdurub-toqquşdurmadıqlarını dəqiq xatırlamadı. Bircə o yadındadı ki, axırda professor alnını masaya söykəyib yuxuladı, Kərəm büllur külqabını qəzəblə yerə çırpıb çilik-çilik elədi. Səs-küyə professordan başqa hamısı dik atıldı. Sonralar Rasim söhbətin axırına çıxanda Kərəm Bəylərdən yaman gileylənirdi:

- Qudurasan, qurbağa. Camaat xaricə gedib ağıllanır, bizimkinin olan-qalanı da gedib. Gərək, o külqabını yerə yox, keçəlinə çırpaydım. Mənim atam kimi müəllimlər barmaqsayıdı.

O gün-bu gün, professor Hətəmovun adı gələndə Kərəmin qan beyninə vururdu. Bayaq professorun gəlişini xəbər verəndə də sifəti kölgələnmişdi. Bəlkə, vecsiz görünməyi, soyuq təbəssümü də əsəbindən idi. Rasim bu görüşə tək gələcəyini bilirdi. Kərəm yenə də sağ olsun, ünvanı öyrənib ona dedi.

Professorun telefon danışığı uzandıqca uzanırdı. Hotelin musiqilərinə qarışan xırıltılı səsin içindən Rasimin qulağına təkdənbir sözlər dəyirdi. Axıra yaxın telefonun o tərəfindən nə dedilərsə, professor lap özündən çıxdı, səsinin zor yerinə salıb bir-iki "yağlı" söyüş işlətdi. Yaxşı ki, foyedə ikisindən, bir də işçilərdən başqa adam yox idi. Olsa da, başa düşməyəcəkdilər. İşçilərin başı qızğın söhbətə qarışmışdı. Nəhayət, professor telefonu cibinə qoydu, süst vəziyyətdə, asta-asta qəhvəyi kresloya çökdü. Görəsən, salamlaşmaq üçün doğru zaman idi? Professor hiddətli olduğu qədər heysiz görünürdü. Ancaq Rasimin burdan qayıtmaq fikri yox idi, iki əlini yana açıb Bəylərə sarı gedə-gedə onu fikrindən ayırdı:

- Bizim professoru kim əsəbiləşdirib?

Professor qəfil səsə tərəf çöndü, Rasimi görəndə çöhrəsi dəyişdi, dili topuq vurdu:

- Ra-ra-ra-ra-siiiiim?

Bir azdan onlar kofelərini qurtumlaya-qurtumlaya qabaq-qənşər oturmuşdular. Professor yaman kökəlmişdi, göz torbaları şişkin idi. Söhbətin ortasında professor özü əsəbiləşməyinin üstünə gəldi:

- Deyirlər, assistentinin konfransda nə işi var? Deyirəm, ay balam, axı bunun sizə nə dəxli? Qosqoca professor özü bilmir ki, nəyi necə etmək lazımdı? Yaxşı, bileti ki öz hesabıma almışam, nədi sizi narahat edən? Qarın ağrılarını başa düşə bilmirəm.

- Assistent kimdi, professor? - Rasim masadakı sudan bir qurtum aldı. Kofenin acılığı ürəyini vurdu, bilsəydi, südlü sifariş verərdi.

- Hülya xanım. On beş ildi konfranslarda, seminarlarda, əməliyyatlarda, dərslərdə mənə kömək edir.

- Onlara nə düşüb ki, işinizə qarışırlar?

- Heç özüm də bilmirəm, - professor masadakı çərəzlərdən ovuclayıb ağzına atdı, - bir ondan əminəm ki, mənim konfransa tək getməyim düz olmaz. Xarici həmkarlarımız da köməkçilərini gətirir. Sabah özün də görəcəksən.

Rasimin beyni dumanlandı. Kofe zəqqutum kimi idi, amma professorun son sözündən sonra ağzındakı xoşagəlməz dadı tamam unutdu:

- Sabah?

- Bəli, sabah 15:00-da, Kazan Dövlət Universitetinin böyük konfrans zalında. Dəvət edirəm. Olmaya, gəlmək istəmirsən?

- Yox, yox, elə şey olar? - Rasim handan-hana fikrini cəmlədi, - mütləq gələrəm. Deməli, sabah günorta.

- Hə. Ad-soyadını təşkilatçılara verəcəm, yenə də soruşan olsa, denən, professor Hətəmovun müsafiriyəm.

- Yaxşı. professor, deyirdim bu axşam bir yeyib-içək, - Rasim çırtmayla ehmalca, iki dəfə boğazına vurdu.

Bu arzu Rasimin ürəyində çoxdan yer eləmişdi. Montindəki son görüşdə professordan inciyən təkcə Kərəm deyildi. Rasim də Bəylərin davranışlarından, məclisdəki süni gərginlikdən, atmacalardan qıcıqlanırdı. Həm də professor orda hesabı da ödəmişdi. Özü də lap nəzakətsiz, kor-kobud qaydada. İndinin özündə də professorun qırmızı, şax yüzlükləri cibindən çıxarmağı, heç kimə pul ödəməyə fürsət verməməyi, istehzalı gülüşü, həlləm-qəlləm baxışları gözünün qabağından çəkilmirdi. Onun hesabı ödəməyi səxavətdən çox, qürbətdə işləyən köhnə dost-tanışına lovğa münasibətə bənzəyirdi. Əlbəttə, o, bunu açıq şəkildə etmir, dilə gətirmirdi. Ancaq nə Kərəm, nə Rasim uşaq deyildi, tükü tükdən seçirdilər. Həmin gün professorun hər hərəkətindən təkəbbürü hiss olunurdu. Əvvəllər bu qədər kor-kobud, köntöy deyildi. Amma uşaqlıqda da belə qəribəlikləri az olmamışdı. İllah da Rasim, dabbaqda gönünə bələd idi professorun. Ürəyində yaxşı bilirdi ki, Bəylərə sonadək etibar etmək, kürəyini söykəmək olmaz.

- Raska, Bəylərcanı bu axşam olmaz, konfransa hazırlaşmalıyam, - bu köhnə xitabın az qala qırx yaşı var. Təkcə ən yaxınları arabir ona Raska deyirlər, - amma sabah, konfransdan sonra etirazım yoxdur. Lap əntiqə olar.

 

***

Rasim işdən tez çıxdı, taksi dayanacaqda gözləyirdi. Hava azca küləkli idi, pencəyini çıxarmadı. Tədbirə görə kostyum geyinmişdi. Universitetin qabağında sırayla qara maşınlar düzülmüşdü. Əvvəllər bu ikimərtəbəli, süd rəngli binanın yanından çox keçmişdi. İndi heç vədə diqqətlə baxmadığı giriş qapısının ağzındakı on iki iri, bəyaz sütunun ayaqda saxladığı "Kazanskiy Federalnıy Universitet" yazısına göz gəzdirdikcə yadına tələbəlik illəri düşdü.

Qol saatına baxıb içəri tələsdi, konfransın başlamağına bir neçə dəqiqə qalmışdı. Nə bir yaxınlaşan oldu, nə adını soruşan. İstiqamət lövhələrini izləyə-izləyə konfrans zalını tapdı. İçəridə xeyli adam toplaşmışdı, səhnədə texniki işçilər son hazırlıq işlərini görürdülər. İşçilərdən biri çıxış kürsüsündə mikrofonu yoxlayırdı. "Tup-tup-tup". Mikrofondan yayılan boğuq səs zalın divarlarında əridi. Müxtəlif ölkələrdən gələn ürək cərrahları konfrans başlamazdan əvvəl foyedə çay, kofe içirdilər. Rasimin gözləri professoru gəzsə də, tapa bilmədi. Zalın arxa sırasındakı oturacaqlardan birində əyləşdi. Buradan səhnə, kürsü, çıxışçıların arxasındakı nəhəng lövhə, - orda iri hərflərlə "XI Mejdunarodnaya Konferençiya Profilakticeskaya Kardioloqiya 2018" yazılmışdı, - və ekran aydın görünürdü.

İştirakçılar zala gəlməyə başladıqca uzaqdan qırmızı nöqtə kimi görünən boş oturacaqlar yavaş-yavaş azalırdı. Bir neçə dəqiqədən sonra içəridə oturmağa yer qalmamışdı. Rasim nigaran idi, elə bilirdi hansısa vacib cərrahın, köməkçisinin və ya özgə birinin yerində əyləşib. Amma ayaq üstə adam qalmamışdı, hamı yerbəyer olmuşdu. Tədbirin aparıcısı boğazını arıtladı, konfransı açıq elan elədi. Gurultulu alqışlar... Buranın ab-havası Rasim üçün yad, qeyri-adi idi. Çıxış edən kardioloqların ekranda əks olunan təqdimatları, slaydda yazılan terminlər ona maraqlı gəlsə də, bir şey başa düşmürdü. Slaydda görünən ürək şəkillərinə uşaq həvəsiylə baxırdı.

Üçüncü çıxışdan sonra aparıcı professor Hətəmovu səhnəyə dəvət etdi. Bəlkə də, Rasimə elə gəlirdi, amma əvvəlki çıxışlardan daha gur alqış var idi. Ekranda təqdimatı əks olunmağa başlasa da, Bəylər çıxışı üçün səs-küyün tam kəsilməyini gözlədi. Səhnənin aşağısında, pilləkənlərin sağ tərəfində yosunu rəngdə don geyinmiş bir xanım professorun çıxışını telefonla çəkirdi. Hətəmov mətnini ingiliscə hazırlamışdı. Rasim ilk dəfə idi ki, onu başqa dildə danışan görürdü. Ürəyində qəribə hisslər bir-birini əvəzləyirdi. Bir onu bilirdi ki, professor əbəs yerə şan-şöhrət qazanmayıb. İndi bu zalda Bəylərin keçmişini, gün-güzəranını, qatlaşdığı əziyyətləri, yaşadığı məhrumiyyətləri Rasimdən yaxşı bilən tapılmazdı.

Professorun konfrans mövzusu ekrana verilmişdi, Rasim höccələyə-höccələyə "Hypertrophic cardiomyopathy (HCM)" yazısını oxudu. Professorun təqdimatı on dəqiqəyə yaxın çəkdi, sonda yenə gurultulu alqışlar.

Rasim tədbirin axırında əməlli yorulmuşdu. Bayaq maraqla izlədiyi hər şey indi adiləşmişdi, həm də ürəyini sıxırdı. Qol saatına baxdı, yeddiyə işləyirdi. Bir azdan konfrans işini başa vurdu, izdihama qoşulub yavaş-yavaş zaldan çıxdı. Yenə cərrahlar iki-iki, üç-üç bir yerə cəmləşir, çıxışlar barədə qızğın müzakirələr edirdilər. Professor da bir neçə asiyalı həmkarı ilə nə barədəsə danışırdı. Rasim mane olmamaq üçün bir qıraqda dayandı, Bəylər ayaqüstü söhbəti bitirib yanında bir xanımla ona tərəf gəldi:

- Yorulmadın, Raska?

- Yox, professor. Qəti. Ürək haqqında hər şeyi öyrəndim.

- Elə demə. Mən o qədər ürək görmüşəm, o qədər ürəyə toxunmuşam, onun işindən baş açmaq olmur. Adamı yolda qoymağı da var.

"Lap sənin kimi". Rasim gülümsəyə-gülümsəyə ağlından keçirdi. Professor susqunluğu görüb davam elədi:

- Ay Raska, nə ürəkbazlıqdı, danışarıq bunları. Tanış ol, yardımcım Hülya xanım. 

Bayaq professorun çıxışını çəkən yosunu donlu xanım idi. Rasim elə də güman etmişdi. Bəylər onu da təqdim etdi:

- Hülya xanım, Rasim də mənim cocuqluq dostum, sinif arkadaşım.

- Çok memnun oldum, - Hülya xanım zərif təbəssümlə əl uzatdı.

- Mən də, mən də, - Rasim utana-utana Hülya xanımın əlini sıxdı, üzünü Bəylərə tutdu, - hə, professor, gedək?

- Mütləq. Hülya xanım, əntiqə Azərbaycan yeməkləri yeməyə hazırmısan?

- Hər zaman.

Onlar universitetdən çıxıb əsas yola tərəf addımladılar. Rasim maşın əyləmək istəyirdi, professor zoğalı qalstukunu aça-aça xəbər aldı:

- Hara gedirik?

- Bizimkilərin qəşəng bir kafesi var, oranı danışmışam.

- Hə, nə olar ki, uzaqdadı ya?

- Elə də uzaq deyil, bir az aşağıda, "Reçnoy Port" tərəfdə.

- Yürüyelimmi o zaman? - Hülya xanım əl güzgüsündə saçlarını düzəldə-düzəldə söhbətə qoşuldu, - hava çok güzel.

Onlar etiraz etmədilər. Hava doğrudan da, əntiqə idi. Rasim və professor pencəklərini çıxarmışdı. Hülya xanım çiyinlərinə ağ şal atmışdı. Yolu əllərinə alıb bu gözəl yay axşamında üzü Kazan çay limanına tərəf gedirdilər. Səma mis rəngində idi. Onların sağından, solundan yüngül yay geyimində olan müxtəlif adamlar keçirdilər. Köhnə avtovağzalı keçib ensiz xiyabanla sahilə yanaşdılar.

Volqa çayının sahilində, limanın sol tərəfində yerləşən "Beluqa" kafesi Rasimin həmişə gəldiyi yer idi. Kazanda azərbaycanlıların işlətdiyi kafelər çoxdu. Buranı həm sahildə olmağına, həm də ləzzətli yeməklərinə görə daha çox bəyənirdi. Qiyamət aşpazları var idi. Rasim, professor Montindəki haqq-hesabı təkrarlamasın deyə bəri başdan restoranın sahibi ilə danışıb belini bərkitmişdi. Ona görə arın-arxayın idi, üstəlik, işçilər kafenin açıq hissəsində istədiyi yeri saxlamışdılar. Kefi lap duruldu, kənara çəkilib Hülya xanıma, professora yer göstərdi. Qonaqlar üzü Volqa çayına sarı əyləşdilər.

- Professor, şərabla necəsiniz?, - Rasim stəkanlara qazlı su süzə-süzə soruşdu.

- Pis olmaz, hə? - Bəylər üzünü Hülya xanıma tutub dəqiqləşdirmək istədi, - bəyaz ya qırmızı?

- Bəyaz, - Hülya xanım sudan bir udum içib əminliklə dedi.

Kafedə yan masalar da dolmağa başlamışdı. Sağlarındakı masada dörd cavan əyləşmişdi. İki qız, iki oğlan. Soldakı masada üç xanım var idi, onlar qırmızı şərab içirdilər. Ofisiantlar sürətlə sağa-sola gedir, dolu sinilərdə yeməkləri, içkiləri, çirkli qab-qacaqları daşıyırdılar. Buzlu vedrədə onların şərabını gətirdilər. Yeməkləri də hazır idi, üçü də balıq istəmişdilər. Ofisiant salatı ortaya qoydu, sifarişləri dəqiqləşdirib balıqları, iri qədəhləri qabaqlarına düzdü.

- İki farel, bir kefal, - Rasim boşqablara nəzər yetirə-yetirə süfrəçini səslədi, - sən bizə ağ pendir, zeytun, göy-göyərti, manqal salatı da gətir.

Şərab pis getmirdi. Üçü də möhkəm ac idi, əvvəl-əvvəl hamının başı yeməyə qarışmışdı. Ofisiant qalan sifarişləri də gətirdi. Professor yeməyini bitirib səssiz-ünsüz oturmuşdu. İkiqat buxağı, qırış-qırış alnı puçur-puçur tər tökürdü. Süfrədən ağ salfet götürüb boyun-boğazının, üz-gözünün tərini sildi. Başının ortasında tük yox idi. Olan-qalan telini uzadıb səliqəylə arxaya daramışdı. Keçəl başında bu tellər qıvrılmış ilana oxşayırdı. Gicgahlarındakı gümüşü saçlardan, batqın gözlərindən Bəylərin vaxtından tez yaşlandığını hiss etmək olurdu. Çəpəki nəzərlərlə Hülya xanımı süzdü, Hülya xanımın dalğın baxışları Rasimin çiynindən arxaya - limana, sahildəki adamlara zillənib durmuşdu.

- Hülya xanım, balığı bəyəndiniz? - professor puro yandırıb soruşdu. Bir puro da Rasimə uzatdı.

- Lezzetli. Ama ben Egenin balıkları dışında pek sevmiyorum, - Hülya xanım nəzərlərini handan-hana limandan çəkib üzünü professora tutmuşdu.

- Ege bir ayrı aləmdi, əşi. Raska, dəvət edirəm, evdəkiləri də götür, gəl. İzmir bir başqa məmləkətdi. Sənə Karşıyakada bir çupra yedirdim, gəl görəsən.

- Qismət, - Rasim puronu siqaret kimi sinəsinə çəkirdi, yaman öskürək tutmuşdu.

- Bunu siqara kimi içməzlər, canım, - professor gülə-gülə bir qullab alıb tüstünü ağzında gəzdirdi, burun pərələrindən havaya buraxdı, - bax belə. Dadını, aromasını, ləzzətini almaq lazım. Ağzında saxla, zövq al, sonra üfür.

Rasim pərt olsa da, zorakı təbəssümlə puronu külqabıda döyəclədi:

- Elə də xoşum yoxdu, mənimki siqaretdi.

- Puro zevk işi, - Hülya xanım professorun purosunu əlindən alıb qırmızı boyalı dodaqlarına yaxınlaşdırdı, eynən Bəylər kimi tüstünü dodaqlarının arasında saxladı, narın-narın havaya üfürdü. Nazilmiş tüstü göyə milləndi, aram-aram qeyb oldu.

Professor başıyla buzlu vedrədəki yarımçıq şərabı göstərdi:

- Raska, nəsə kar eləmədi.

- Mənə də. Araq gedər?

- Pis olmaz.

- Litrlik gedər?

- İçək, - professor əlini yelləyə-yelləyə başının üstündəki ağcaqanadları qovurdu.

Bir qədər sonra onlar büllur qədəhlərini havada toqquşdurdular. Hülya xanım çaxırla davam edirdi. Professor eləcə pendirlə, zeytunla içirdi. Rasim də öyrənmiş can idi, hər məclisdən baş çıxarırdı.

Şüşə boşaldıqca professor Rasimin nəzərində lap fağırlaşırdı. Beyni dumanlandıqca elə bil ürəyindəki göynəkləri, giziltiləri üzə vurmamağa çalışır, Bəylərlə umu-küsüsünün, giley-güzarının üzərindən biryolluq çalın-çarpaz xətt çəkmək istəyirdi. Rasim aradan keçən illəri düşündü, ürəyində çək-çevir elədi. Hərdən qəsəbələri üçün darıxırdı, amma düşündükcə, təsirindən çıxa bilmədiyi hisslərin içində hey əriyir, əriyirdi... İndiki gün-güzəranlarına baxmayın, nə onun, nə professorun uşaqlığı asan keçmişdi. Bunu hamısı yaxşı bilirdi. Ancaq o qəsəbədə kim yağ-bal içində böyümüşdü ki?

Rasim hərdən düşünürdü, necə oldu ki, həyat hərəsini bir burulğana atdı?! Yaşaya bilirsənsə, yaşa! Hərdən ona elə gəlirdi ki, əzəldən bəxti gətirsə, qeyri bir şəhərdə doğulsa, başqa bir ailədə böyüsə, ayrı bir mühitdə yetişsə, daha xoşbəxt olardı. Amma indi də çox şeyin həsrətində idi, uşaqlığını düşündükcə bədəni uçunurdu.

Kaş Hülya xanım burda olmayaydı. Kaş! Bəlkə onda professorla - uşaqlığının tək-tük yadigarı ilə olub-keçənlərdən danışardılar. Bəlkə, onda Bəylərin xirtdəyindən yapışıb haqq-hesab çəkərdi, üzünə lombayla tüpürərdi... Gözlərini yumub ensiz, uzun məhlələrini xəyal elədi. Onda professor yox idi. Yəni var idi, amma onların arasında dərin uçurum yaranmamışdı. Onda Rasim Raska idi, Bəylər Beka. Qayğısız, kədərsiz, bəxtiyar uşaqlıq. Müştərək sevinclər, ortaq kədərlər, nəhayətsiz həyat eşqi. Sonralar eyni çətinliklər, bənzər nigaranlıqlar, oxşar yoxluqlar... İndi o illərə boylananda eləcə üçü var idi. Kərəmdən başqa, bir Bəylərə isinişirdi. Fəqət ona qarşı özünün də səbəbini müəyyənləşdirə bilmədiyi, məchul bir şübhə hissi daima içini didik-didik edirdi.

Şüşənin dibinə çatdılar, professorun qızartılı gözləri lap uzaqlara dikilmişdi. Rasim təəccübləndi, professor Hülya xanımın qumral saçlarını barmağına dolayıb nəsə mızıldanırdı. Bir azdan Bəylərlə Hülya xanım rəqs meydançasında vals oynayırdılar. Professorun boyu Hülya xanımın sinəsindən idi, onların rəqsi kənardan məzəli görünürdü. Rasim pıqqıldayıb gülməmək üçün masanın örtüyünü tumarlayırdı.

Gecəyə yaxın - yan-yörədəki masalar seyrələndə musiqi səsi də aram-aram azaldı. Professor əməlli keflənmişdi. Digər masaları boşaldan, işlərini bitirən süfrəçilər əlləri qoynunda bir qıraqda sonuncu müştərilərin qalxmağını gözləyirdilər. Kafedən ən son onlar çıxdı. Hülya xanım ortalarında idi, əllərini hər ikisinin qoluna keçirdi. Sahilə enmək istədi. Etiraz etmədilər. Düzü, professorun nəinki yox deməyə, hərəkət etməyə halı qalmamışdı.

Rasim sərxoş deyildi, kefi yaman durulmuşdu. İçində ilıq əsməcə var idi, hava sərin olsa da, pencəyini əlində saxlamışdı. Narın axşam mehi kətan köynəyinin açıq yaxasından bədəninə dolduqca yorğun canına sığal çəkirdi. Sahildə bir dəstə cavan əylənir, gitarayla mahnı ifa edən gəncin ətrafında dövrə vurub oynayır, əl çalır, qışqırıb-bağırırdılar. Nəqarət hissəsində xorla oxuyan cavanların zil səsi sahilin lal sükutunu dəlib keçdi:

 

"A ya yasnıye dni,

Ostavlyayu sebe.

A ya xmurıye dni,

Vozvraşayu sudbe".

 

Sahildə dayandılar. Rasim başını qaldırıb göyə baxdı. Ulduzlar bir ovuc tum kimi səmaya səpələnmişdi. Hülya xanım dedi ki, buranın sahili Göztəpəyə oxşayır, professor yarıtəsdiq, yarısual səslə nəsə cavab verdi. Çayın ortasında gəmi dayanmışdı. O, asta-asta ləngər vurur, dalğalar üsulluca sahiləcən axıb gəlirdi. Göyərtəyə çıxan adamlar dəmir sürahidən yapışıb Kazanın gecə mənzərəsini seyr edirdilər. Rasim könlündən keçirdi ki, kaş onlar da elə bu dəqiqə həmin gəmidə olaydılar. Sahildə ağcaqanadlar lap dözülməz idi.

Rasim taytıya-taytıya dondurma köşkünə sarı getdi, mavi-qırmızılı kağıza bükülmüş üç plombirlə qayıtdı. Hülya xanım uşaq kimi sevindi, professor dinib-danışmadı, vəziyyəti xarab idi. Öz dondurma payını da Hülya xanıma verdi. Onlar dondurmanı yeyəndə professor əllərini qarnında qoşalayıb gəmiyə tərəf baxırdı. Rasim çox istəyirdi ki, professorun halı düzəlsin, heç olmasa, dondurma payını yeyə bilsin. Bəlkə, onda nəsə xatırlayardı... Hülya xanım ikinci dondurmaya keçdi.

Doğrusu, Rasim elə də dondurma həvəskarı deyildi, nə hikmətdirsə, heç uşaqlarına da almırdı. Uşaqlar ilan dili çıxarırdılar, amma Rasim hər dəfə bir bəhanəylə imtina edirdi. Boğazınız gələr, hava soyuqdu, yayda yeyərsiniz... Fəqət hər dondurma köşkünün yanından ötəndə mütləq ayaq saxlayırdı. Başqa bir əhvalat idi bu dondurma əhvalatı. Yaddaşına ləkə kimi düşən, beynindən silinməyən əhvalat. Uzaq uşaqlıq illərində, bir yay axşamında qalan əhvalat.

O yay yeddinci sinfə təzə keçmişdilər.

 

***

Bəylərin atdığı çınqıl Rasim yatan otağın pəncərəsinə dəydi. Yerinə girsə də, yuxu tutmamışdı. Göldəki qurbağaların qurultusu yarıaralı pəncərədən otağına dolurdu. Rasimgilin evi məhlədəki son ev idi. Həyətlərindən aşağıda bir bulaq, bir göl olmasa, burda səssizlikdən qulaq tutulardı. Bir tərəfdən də qurbağalar qulaq həyanı idi, yaz girəndən səs-səsə verib quruldayırdılar. Hardansa eşitmişdi ki, qurbağaya toxunsa əlləri ziyil tökər. O gündən qurbağa görəndə yolunu dəyişirdi. Şüşəyə dəyən çınqıl fikrini yayındırdı. Barmaqlarının ucunda pəncərəyə sarı getdi, aşağı boylandı. Bəylər ağ kepkasını havada yelləyə-yelləyə onu çağırırdı. Qorxdu anasıgil oyanar. Əynini geyinib tələm-tələsik həyətə düşdü. Bəylər neçə gündü baş-beynini aparmışdı. Rasimin qolundan tutub həyətin bir küncünə çəkdi, xısın-xısın, bir az da titrək səslə soruşdu:

- Gedək?

- Qorxuram, Beka. Pulumuz olanda gedərik.

- Ağciyər! - Bəylərin çöhrəsi elə dəyişdi ki, Rasim utandı, lap pisinə gəldi. - Mən bilirdim belə eləyəcəksən.

- Axı Kərəm də gəlmir.

- O əvvəldən demişdi, sən adamı lap yolda qoyarsan.

Bəylərin təklifi əzəldən Rasimin ürəyincə deyildi. Həm də istəmirdi, dostu onu qorxaq kimi tanısın. Amma atasından, anasından da çəkinirdi. İllah da atası bilsə, dərisinə saman təpərdi. Yaxşı bilirdi ki, Bəylər də atasından ehtiyat edir, onu qabağa verir. Birdən cəsarətə gəldi, Bəylərin qolundan yapışdı, əmin səslə:

- Gedək, - dedi.

Alaqapı bağlı idi, səs edib atasıgili oyatmaq istəmədi. İkisi də çəpərin dəmirinə ayaq qoyub qıvraq hərəkətlə barının o üzünə aşdılar.

Qaranlıq küçənin sonuna qədər kəlmə kəsmədilər. Rasim ürəyinin döyüntülərini aydın eşidirdi. Heç ağlı kəsmirdi, Bəylər bu xam xəyala hardan, necə düşmüşdü? Neçə gün onun da, Kərəmin də başını dəng elədi. Kərəm birtəhər aradan sivişdi, qaldı ikisi. Bəlkə, ayaq saxlasın? Ziyanın yarısından qayıtmaq da xeyirdir. Amma kimə deyirsən? Ağlı nə deyirdisə, ürəyi tərsini edirdi.

Küçənin tininə çatdılar. Davud dayı dükanı bağlamağa hazırlaşırdı. Dağın döşü səmtdə bir it üç ağız hürdü. Yalnız bu səsdən sonra Rasimin canını soyuq tər basdı, titrətdi və o gün, ilk dəfə onda başa düşdü ki, bu isti yay gecəsində, adamların əl-ayağının küçədən yığışdığı bir vaxtda qəbih iş tutmaq - özü də kimlə, kimlə, atasız-anasız, xalasının ümidinə qalan Bəylərlə -  həyatının ən səfeh, ən axırıncı hərəkəti olardı. Heç insafdan da deyildi. Xalası Bəylərə uzağı bir-iki şillə çəkəcək, qulaqburması verəcək. Bəs o? Rasim bir anlıq ata-anasının, qohum-əqrəbasının onu qabağına qoyub necə danlamağını təsəvvür elədi. Danlaq ən yaxşı ehtimal idi, atası dərisini boğazından üzməsə yaxşıdı... Fəqət anlaşılmaz bir inad ona mane olurdu. Nə qədər çalışsa da, ürəyinin xofunu, nigaranlığını Bəylərə deməyi bacarmırdı. Onda fərqinə vardı ki, Bəylərdən qorxmur, ona yazığı gəlir.

Bəylər də ilin-günün bu vaxtı yaman mümkünsüz fikrə düşmüşdü. Davud dayı yay uzunu bu dükanda qəsəbə camaatına, şəhərdən gələn qonaqlara dondurma satırdı. Dükanın ağzında dörd kiçik soyuducu var idi. Davud dayı ilboyu qəsəbə camaatının əlindən usananda, nisyə dəftəri qabaranda gözünü yaya dikir, bu üç ayın qazancını xəyal edir, ovunur, təsəlli tapırdı. Davud dayının adı qəsəbədə heç yaxşı deyildi. Böyüklər "Çolaq Davud" deyirdi, yeniyetmə vaxtlarında, ot biçinində dəryaz üç barmağını aparmışdı. Həm də pulgir adam idi, nisyə istəyən olanda sifəti bozarıb əyiş-üyüş olurdu. Vay o adamın halına ki, Davud dayının nisyə borcunu bir az yubadaydı. Həmin adama dişinin dibindən çıxanı deyir, abrını ətəyinə bükürdü.

Bəylər bu dondurmalar barədə kimdənsə eşitdiyi gündən iki ayağını bir başmağa dirəmişdi. İndi küçənin tinindən dükana göz qoyanda da eyni sözləri hey təkrarlayırdı:

- Sən qabaqda get, mən də sağ-solu yoxlaya-yoxlaya arxanca. Bax, ordan gedək, - Bəylər koppuş barmaqlarını yolun o biri tərəfindəki işıq dirəklərinə sarı uzatdı, - bu tərəf işıqdı.

Rasim neçə vaxt ürəyini yeyə-yeyə bu anı yüz yol ağlından keçirtmişdi. Bəylər danışırdı ki, mütləq gecə gedəcəklər, Davud dayının başı qarışıq olanda bir neçə dondurma götürüb səssiz-səmirsiz aradan çıxacaqlar. Rasim solğun işıqlardan yayına-yayına dükana yaxınlaşdıqca əsim-əsim əsirdi. Çevrilib Bəylərə baxdı, bir az arxada, yarıəyili vəziyyətdə dayanmışdı. Dükana lap yanaşdılar, pəncərənin dəmir barmaqlıqlarından içəri boylandı, Davud dayı piştaxtanın arxasında peçenye qutularını yerbəyer edirdi. Əsl məqam idi, Rasim asta-asta soyuducunu açdı, zərli kağızda olan dondurmalardan üç-dördünü götürdü. Arxaya çevrilib Bəylərə baxdı, ikisi də sevinirdi. İçəridən gələn səsə həyəcanlandı, qaçmaq istəyəndə ayağı səkiyə ilişdi, ağzıüstə yerə dəydi. Dizindən dəhşətli ağrı qopmuşdu. Bəylər götürüldü. Davud dayı səs-küyə çıxdı, yerə dağılan dondurmaları görüb səsini başına atdı:

- İt balası, it! İt balası, it!

Rasimin üzü tozlu, qızmar asfalta yapışmışdı. Özünü tamam itirmişdi, Davud dayının səsi lap yaxından gəldi, ayaqlarından canına ağrı yayıldı. Davud dayı çəliyini qaldırıb hikkəylə sol ayağına, yanına vurduqca göynəyi birə-beş artır, gözləri alacalanırdı.

- Kimin uşağısan ə, sən?! Oğru! İt balası, it.

Davud dayı çəliyini illah da sol ayağına çırpırdı. Get-gedə bədəni keyidi, halsızlaşdı, heç nə hiss etmədi. Rasim onda bilmirdi ki, topuğundan canına yayılan bu küt ağrı ömrü boyu ona "yoldaşlıq" edəcək. Gücünü toplayıb küçələrinə tərəf baxdı, dartınmağa çalışdı. Bəylər çoxdan gözdən itmişdi.

***

Əvvəl gəmi çəkilib getdi, sonra cavanlar dağılışdılar. Hülya xanım yaman yorulmuşdu. Rasimə təşəkkür elədi, mütləq İzmirə gəlin, - dedi. Professor ağacların arasına çəkilib qaytarandan sonra bir az yüngülləşsə də, gözləri açılmırdı. Sağollaşdılar, arxalarınca baxa-baxa qaldı. Hülya xanım professorun qoluna girmişdi. Getdilər, xeyli uzaqlaşdılar, kiçildilər, Kazanın qaranlıq küçələrinə qarışıb qeyb oldular.

 

Mart, 2023

 


Nəsr