Sənət xilaskardır!

"Bu muzeylərin otaqlarında keçmişin rüzgarı dolaşır." - Rüstəm Kamal yazır

Literart.az Rüstəm Kamalın “Dəllək Məhəmmədin şəkli, yaxud yayda muzey ovqatı” adlı essesini təqdim edir.


"Bu muzeylərin otaqlarında keçmişin rüzgarı dolaşır."  - Rüstəm Kamal yazır

Kiçik şəhərlərin və qəsəbələrin, kəndlərin tarixini yerli muzeylər (tarix-diyarşünaslıq muzeyləri, ev-muzeylər, xatirə muzeyləri və s.) yaşadır.

Çoxdandır, rayonda muzeylərə baş çəkməmişdim. Əyalət muzeylərini ziyarətin özü qəribə hissdir.

Muzeyləri ziyarətdən sonra ağlıma müəyyən səmərəli fikirlər də gəlir:

Düşünürəm ki, smartfonların, kompüterlərin virtual dünyasında azmış uşaqlarımıza rayon - muzeylərindəki "dişləri tökülmüş iki taxta vəli" (O.Sarıvəlli) göstərib, onları əcdadlarımızla "baş-başa buraxmaq" vaxtıdır.

Həvəskarlar xalq mərasimlərindən (məsələn, yağış yağdırma, Novruz bayramı və s.) səhnəcikləri və yerli rəqsləri bərpa edib qonaqlara təqdim edər.

Ağdaşda, Maqsud Şeyxzadənin ev-muzeyində "Maqsud Şeyxzadə oxuları" keçirmək olar. İmkan daxilində özbək qardaşlarımızı da dəvət edərik.

Tovuzun Bozalqanlı kəndində, ustad aşığın dastan gecələri evində niyə keçirilməsin?

Bu muzeylərin keçmişlə bu günü birləşdirən yaddaş körpüsünə çevrilməsi üçün fəal yaradıcılıq məkanlarına çevrilməlidir. Əks halda, bütün günü bekarçılıqdan əsnəyən və darıxan muzey əməkdaşlarının özlərinin də eksponatlara çevrilmək qorxusu var.

Əyalət ev-muzeyləri ziyarətçi-tamaşaçı təxəyyülündə assosiativ mənalardan, simvolik obrazlardan ibarət olan bir "mətnə" çevrilməlidir. Və onda muzeydən çıxan hər kəsin təhtəlşüurunda öz Mirzə Fətəlisi, Xan qızı Natəvanı, Sabiri, Mirzə Cəlili, Səməd Vurğunu, Maqsud Şeyxzadəsi, İlyas Əfəndiyevi, Bəxtiyar Vahabzadəsi, Hüseyn Arifi, Aşıq Hüseyn Bozarqanlısı, Nəriman Həsənzadəsi... olacaq.

Bu öz yerində.

İnanın, Luvr, Ermitaj muzeylərindən bu sadə və görkəmsiz muzeylər mənə daha maraqlı və canlı gəlir. Bu muzeylərin otaqlarında keçmişin rüzgarı dolaşır. Əyalət muzeyləri bölgə insanının mədəni yaddaşını simvollaşdıran məkanlardır.

Kim Rusiyanın cənubunda, Taqanroq şəhərində olubsa, yaxşı bilir: burda qonaqlara əvvəlcə Anton Pavloviçin doğulduğu fligeli (böyük binanın həyətində tikilmiş evə, yaxud əlavə tikiliyə deyilir) göstərirlər, sonra boya-başa çatdığı evə dəvət edirlər.

Taqanroqlular dahilərinin qədrini bilirlər.

Nədi-nədi, Çexov ilk dəfə burda teatra gedib - yerli teatr indi Çexovun adını daşıyır.

Şəhər kitabxanasının divarına minnətdarlıq lövhəsi vurulub - Çexov ömrüboyu bura kitablar göndərdiyinə görə!

Bütün bunlar bir yana, ay kişilər, taqanroqlular balaca Antonun balıq tutmaq üçün endiyi yarğan cığırını da onun adı ilə şərəfləndiriblər - qonaqlara, turistlərə o sahil pillələrini mütləq göstərirlər...

Deyilənlərə görə, Kür axırıncı dəfə daşıb, Salahlını basandan sonra kənd camaatı ordan köçməli olur. S.Vurğunun doğulduğu ev də tədricən dağılıb xarabaya çevrilir. Şair Taleh Mansur danışır ki, həmin evin künc daşı bu gün də Orta Salahlıda, yol qırağında durur.

Elə buradaca bir poetik təklif irəli sürürəm: bu daşı Səməd Vurğun Poeziya evinin həyətinə gətirmək, şairin uşaqlığı ilə bağlı söhbətləri başlamaq olar.

İllər öncəsi qəzetdə rus nasiri M.Kuçerskayanın Martınovo kəndindəki etnoqrafik muzey haqqında köşə qeydlərini oxumuşdum. Muzeyi 2000-ci ildə kənd məktəbinin müəllimləri təşkil ediblər. Muzey rus sobasından, uşaq beşiyindən və ikonadan ibarət bir komadır. Qonaqlara komanın divarlarına vurulmuş fotoşəkilləri, həyətdəki iri anbarı, ağıl içindəki qoyunları göstərib, XIX əsr rus kəndlisinin məişəti və təsərrüfatı haqqında əyani təsəvvürlər yaradırlar.

Muzey fondunda yalnız əsgər məktubları, şagird gündəlikləri, kəndlilərin şəxsi əşyaları deyil, həm də avtobus biletləri, keçən əsrin 90-cı illərinin qaz-işıq qəbzləri saxlanılır.

Bir sözlə, Martınovo kəndinin sakinləri daim "zaman çayı"nın içindədirlər.

Ən maraqlısı isə muzey həyətində kəndin teatr həvəskarlarının xalq tamaşalarından səhnələr göstərmələri, xalq gülüş folkloru personajlarını canlandırmalarıdır.

Vallah, yalançısı olaram, M.Kuçerskaya yazırdı ki, 2008-ci ildə bu kənddə 25 min turist olub...

Bizdə bu mümkündürmü?

Ağstafadan Muğanlıya gedirdim. Poyludan keçəndə yol yoldaşım avtobusun pəncərəsindən bir evi göstərib: "Nəriman Həsənzadənin evidir", - dedi. Bilirdim. Bu neçə il bundan öncə, şairin yubileyində tikilmişdi. Kür üstündə, üzü Poylu vağzalına tərəf.

Onun açılışında olmuşdum.

O da yadıma gəlir ki, əvvəllər Xalq şairi ilə görüşlər, yubiley tədbirləri Poyluda deyil, həmişə Qazaxda, Ağstafada keçirilirdi.

Çünki şairin doğulub, boya-başa çatdığı, Nabat xalanın çörəyinin ətri qalan ev yerində yox idi. Evi uçurmuşdular. Bu hadisənin şairin yaddaşında dərin şırımı da qalıb:

 

Burda bizim bir eyvana göz dikibdilər,

Evimizi uçurdublar, mülk tikibdilər,

Yolumuzu bağlayıblar, bənd çəkibdilər

Bir nişanə axı nəydi, a poylularım?

Poylu məndən nişanədi, a poylularımı!

 

Əlbəttə, gün gələcək, böyük şairin evi mütləq muzeyə çevriləcək (çevrilməlidir!). Və indidən öz təsəvvürlərimdə, "Poylum-beşiyim mənim" poemasındakı və "Nabat xalanın çörəyi" avtobioqrafik povestindəki etnoqrafik detalların köməyi ilə bu muzeyin eksponatlarını "düzüb qoşuram". Axı, bu cür detallar daha təsirli və yaddaqalan olur, assosiativ-simvolik mənalar sırası yaradır.

V.Nabokov traveloq (səyahətnamə) müəlliflərinə üzünü tutub deyirdi ki, Hindistan haqqında danışanda orda fillərin yaşadığını mənə xatırlamaq lazım deyil, onu mən də görə bilirəm. Mənə hindli evlərində, qapı ağzında ayaqqabıları səhərə qədər necə tos basmasından yazmağınız daha vacibdir.

V.Nabokovun sözünün qüvvəti.

Qoy Nəriman müəllimin öz şəkilləri ilə yanaşı, bu muzeyin bir küncündə onun dönə-dönə xatırladığı sadə kənd adamlarının - Dəllək Məhəmmədin, Dəmirçi Mirzənin, Cıppı Rüstəmin şəkilləri də yer alsın.

Yuxuda ona "şairlik butası" vermiş Çoban Əfqanın da bu muzeydə yeri olmalıdır.

Axı, onlar bu evin gerçək personajlarıdır. Onların mövcudluğu bu evin yaddaşını daha canlı və diri saxlayır.

Amma bu ev-muzeyin həyətində mütləq çinar ağacı əkilməlidir:

 

Mən dünyaya gələn günü çinar əkiblər,

Mən unutsam, qoca çinar mənə nə deyir?

 

Bu da öz yerində.


Müsahibə