Sənət xilaskardır!

Eşqin minbərində azan səsiyəm... - Şeirlər. Bəhram BİLALOĞLU


Eşqin minbərində azan səsiyəm...  - Şeirlər. Bəhram BİLALOĞLU

Bağlı qapıların arxasındayam-

Qüvvətim,iradəm,duaya çatır.

Sonsuz xəyallarım, xəyal dalınca-

Ən böyük zirvəyə,dühaya çatır.

 

Dühanın mərkəzi yaradanındır-

Yaşamaq yolu da mərkəzdən keçir.

İlahi nəsibi,qisməti varsa-

Qumlu səhralardan,dəvə su içir.

 

Kim ki tanıyırsa,duyursa Haqqı-

Haqq özü duyacaq hesab, biləsən.

Fani saydığımız bu dünyanın da-

Yaşayıb savabın, səbəb,güləsən.

 

Açarı seyfinə yığır saxlayır-

Sevgisin qazanan bəndələri var.

Yatıb yuxusunda şəfa alanlar-

Eşqinə yol alan cüt əlləri var.

 

***

 

Mənim ümidimin rəngi qaradır-

Ağ da olmadı ki eşqə bələsin.

Vəsfimə sığınan ümidlərdi ki-

Boyu da çatmadı,göydən ələsin.

 

Zülmətin qaranlıq sabahlarına-

Od vuran alovlu sevgilər yağdı.

Gözümə görünən qara ümidlər-

Mən hardan biləydim,rəngləri ağdı.

 

Təbəssüm üzümə qonandan bəri-

Qırışlar alnıma heç yaraşmadı.

Ömrümün yoludur incə qırışlar-

Açılmır sirr kimi,ürək daşıdı.

 

***

 

Qəlbində Allahın möhürün gördüm-

Çatmısan imana,təqvadasan sən.

Peyğəmbər nəslinə ehtiram etdin-

Çatdırdı ehtiram,əqvadasan sən.

 

Şəffaf şüşə kimi,qarşımda idin-

Baxırdım o zaman bəsirətimlə.

Hərdən duyğuların,tir-tir əsirdi-

Yazırdım ey insan, bəsirətimlə.

 

Neçə gözəlliyi tərənnüm edən-

Zamana sığmayan, arzunu duydum.

İçimdə yaşadım,mən də anbaan-

Yaşanan anların fərzini duydum.

 

Bir karvan yolunda gedirdik birgə-

Baxışlar dünyaya fərqlidi fərqli.

Gözlərin baxdığı məkan biz idik-

Baxan o gözlər də yad sandı əqli.

 

***

 

Göy üzünün yeddi qatı-

Hər bir qatın öz üzü var.

Qatlandıqca o qatların-

Yerə baxan göz izi var.

 

Məskən salıb mələkləri-

Qaranlıqlar içrə gəlir.

Təhvil-təslim etmək üçün-

Yerin üstə, çöhrə gəlir.

 

Düşməz tərsə əksin gedər-

Fırlanar düz xətti seçər.

Fələk sayar saydığını-

Bəhram eşqin suyun içər.

 

Axar göyün yaşı göydən-

Silər Tanrı onu yerdən.

Acısını çəkər,bilməz-

Çəkən yerə, yağar hərdəm.

 

***

 

Göylə yerin arasında-

Baxar kordur nadan gözü.

Nələr yoxdu,nə görmədin?!-

Aşkar idi,bəşər özü.

 

Yapışmışdın balağından-

Hələ sıra çatmamışdı.

Yaxınlaşan bəsirətim-

O vaxtı heç yatmamışdı.

 

Göyün qatın yerdə sayır-

Arxasında dağ görürdüm.

Taleyimə baxanları-

Zamanında sağ görürdüm.

 

Demə iki gözüm vardır-

Tapdığım bir qəlb gözüdür.

Ümman nədir,aləm sığır-

Sığanların cəlb gözüdür.

 

***

 

Enmə özgədən özünə-

Yıxılan özün olarsan.

Kökü üstündə dayanan-

Yadlara bir ün olarsan.

 

Nöqtədir durduğun bu yer-

Daha hamı burda durur.

Bənzəmə hər ötənlərə-

Qonaq özü yurdda durur.

 

Mənzilinə yetişmisən-

Son dönüşün, izi qalıb.

Geri baxma,ay insafsız-

Unutmusan, gözü qalıb.

 

***

 

Gecəni yarıya böl-

Yarısında yatım mən.

Şirin yuxum qayıtsın-

Yarısını atım mən.

 

O bir gecə sehrini-

Qatım səhər,axşama.

Büküm qoyum cibimə-

Saxlayım bir şux cana.

 

Gündüzləri boyayım-

Suyu səpim torpağa.

İçimdən çıxan mələk-

Qarışsın sehrə, ağa.

 

Bölünsün tən yarıya-

Yuxumdakı yuxular.

Eşq ətrinə bürünsün-

İçimdəki axınlar.

 

***

 

Sinəm körpü olsun, sən də keçəni-

Boylan o körpüdən, qəlbimə sarı.

Köçür ağ vərəqə,çək e şəklini -

Qalmasın zülmətdə,zülmətin yarı.

 

Yuyuram hər səhər ibadətimlə-

Dərgaha üz tutur,haqqa çatıram.

Yolunda qüssəni,dərdi tökərək-

Dünyanı yad sanır,varın atıram.

 

Neçə ayrılıqlar burda başlayır-

Oxunur ürəyin naləsi,ahı.

Sevgiyə yer verən,qədrin bilməyən-

Yıxılır nifrətə,tapır günahı.

 

Pulsuz kitablardır,insanlar qəlbi-

Oxuyun,əzməyin heç bir vərəqin.

İlahi yazdığı kitablardı ki-

Pozulmaz əbədi,göz görər yəqin.

 

***

 

Gəzdiyim bu məkan tanışdır mənə-

İlləri həsr edib,yenə dönmüşəm.

Mərtəbə-mərtəbə,dırmaşan gələn-

Könüllü olanla, dinə dönmüşəm.

 

Yolunu izləyən yolundan çıxan-

Neçə adamları dəfn eyləmişəm.

Ruhumu sevəni, dinləyənləri-

Ömürlük həyata kəbn eyləmişəm.

 

Çoxu anlamadan düz gedib asi-

Sənsə bilərəkdən,səhvi etmisən.

Baxmadan fırlanıb gözlər əksinə-

Gözlərin önündə vəsfi etmisən.

 

Ayrılıb yolların ayrıcı səndə-

Açmısan hər kəsə qəlbin dəftərin.

Hıçqırıq verəndə düşünmüsən ki-

O yox e bu imiş, nikbin dəftərin.

 

***

Eşqin minbərində-

Azan səsiyəm-

Səsi duymayana-

Yadam,asiyəm.

 

Allahdan gəlmişəm-

Qayıdışım var.

Dünyanı sevmirəm -

Olur, mənə dar.

 

Axtarma eşqimi-

Məkanı mənəm.

Yolunda yaşayan-

Çarəsiz sənəm.

 

Eşqin minbərində-

Göyərçinə bax-

Baxır insanlara-

Çəkir dərin ah.

 

 


Müsahibə