Sənət xilaskardır!

6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı - bilet satışlarına başlayıb


  • Media
  • 13:10 18.08.2023
  • Oxunma sayı: 138
6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı  - bilet satışlarına başlayıb

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” MMC-nin təşkilatçılığ ilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2023-cü il 6-10 sentyabr arası Nizami Kino Mərkəzində keçiriləcək. Festival geniş proqramını açıqlayaraq bilet satışlarına başlayıb.

Festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bilet satışlarından əldə olunacaq bütün gəlirin qadın rejissorlarımıza dəstək məqsədilə ianə ediləcəyini bildirib.

Xatırladaq ki, 6-cı ANİMAFİLM Festivalınına  üç əsas proqram daxildir:

Müsabiqə proqramı: Festivala 46 ölkədən daxil olmuş 174 film arasından seçim komissiyası müsabiqəyə 13 ölkədən 39 film qəbul edib. Bu filmlər 2 beynəlxalq və 2 yerli kateqoriyalar üzrə yarışacaq. Bütün seçilmiş filmləri beynəlxalq münsiflər və uşaq tamaşaçılar qiymətləndirəcək və qaliblər festivalın bağlanış mərasimində mükafatlandırılacaq. Festivalın mükafat fondu 2300 ABŞ dolları təşkil edir.

Müsabiqədənkənar proqram: “Qadınların qadınlar üçün çəkdiyi filmlər” proqramı, Yaponiyanın "Ghibli" studiyasının “Oscar” mükafatına namizəd “Qırmızı tısbağa” (“The Red Turtle”) və "Oscar" mükafatı qazanmış "Ruhlarla sovrulanlar" ("Spirited Away") tammetrajlı filmləri, mükafata layiq görülmüş Hindistan animasiya filmləri nümayiş etdiriləcək. Qeyd edək ki, “Qadınların qadınlar üçün çəkdiyi filmlər” tədbirində İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan türkü Hədis Nəcəfi haqqında çəkilmiş “Hədis” filmi, müsəlman aləmində demokratik yolla seçilmiş ilk müsəlman qadın millət vəkili Pərixanım Sofiyeva haqqında gürcü filmi nümayiş etdiriləcək.

Peşəkarlar üçün proqram: Bu proqram çərçivəsində yerli animasiya film layihələri təqdim olunacaq və beynəlxalq münsiflər heyəti, eləcə də xüsusi qonaqlarla görüşlər, masterklaslar və vörkşoplar təşkil ediləcək. Proqram çərçivəsində “Oscar” mükafatı qazanmış rejissor Michaël Dudok de Witt-in, kanadalı animator Matthew Lyon-un masterklasları, uşaqlar üçün isə gürcüstanlı rejissor Ana Chubinidze və hindistanlı Tehzeeb Khurana animasiya vörkşopları keçirəcək.

Animasiya peşəkarları üçün proqram çərçivəsində bu il bir sıra qapalı tədbirlər də təşkil olunacaq. Bunlara İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyilə həyata keçirilən “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı layihəsinə seçilmiş 5 qadın rejissor üçün avropalı mentorlar — isveçrəli rejissor Isabelle Favez, fransalı prodüser Olivier Catherin ilə təlimlər, individual görüşlər daxildir. Seçilmiş animasiya layihələri “ANIMAFILM School: Pitçinq müsabiqəsi”ndə ictimaiyyətə təqdim olunacaq. Pitçinq müsabiqəsinə izləyici kimi hər kəs qatıla bilər.

Festival gedişində, həmçinin, Azərbaycan milli animasiya sənayesinin kommersiyalaşdırılması və ixrac imkanları perspektivləri mövzusunda dəyirmi masa təşkil olunacaq.

Həmçinin, Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının 100 illiyi münasibətilə “Klassik Azərbaycan animasiya filmləri” tədbirində milli animasiyamızın inciləri olan filmlərin nümayişi keçiriləcək.

 

culture.gov.az

 


Media