Sənət xilaskardır!

Xəyalın gözdən itən yorğun qayıqdı... - Fərid Hüseynin şeirləri


Xəyalın gözdən itən yorğun qayıqdı...  - Fərid Hüseynin şeirləri

 

***

Şeirin həyatda çox şeydən vacib olduğunu

hiss etdirən şairləri sevirəm.

Yaddaşı

gözəl günlərin ziyarətgahı olan qadınları sevirəm.

Neynim, mənim də zövqüm budur.

Adam ən tez özünə qayıdacağı yolu unudur.

Bir uzun və soyuq gecədir yazdıqlarım,

çox gözəl bilirəm.

Qızınıram susduqlarımın oduna.

Qürbət məşuqədi -

ona görə xatırlayanda

çox zaman gecələri düşür yadına.

Eh biz də qocalırıq,

oxuduğumuz məktəblər

soyub apardılar gəncliyimizi.

İndi "çölə boşaldın, - deyirlər, -

yorğunluqla dolu ciblərinizi".

Necə də qaçılmazdır ölüm -

sevdiyim çiçəklərə baxa-baxa soluram.

Xatirələrlə baş-başa qalım deyə

özgələr arasında özüm olmuram.

Tanrının qucağıdırmı sükut?

Hər kəs orda rahatlıq tapır.

Ömür istəklərini

ağlamaqla bildirən uşaqdır,

Yəqin ondandır ki,

çoxu arzularına göz yaşlarıyla çatır.

Qızıl ağaclarını

haqq yeyən hörümçəklər pərdələdilər,

lənət bir ada kimi çıxıb su üzünə.

Həyat sahib olmadıqlarımızın

vergisini istəyir,

kim nizam verəcək

dağılmış vicdan səfinə?

Bezginəm,

sanki hər şey bir-birinə qarşıdır,

hər kəs bir-birindən qeybət edir,

Yağış ələnir nagümanlığıma,

sular könlümdəki odu keyidir.

Yalvarıram, Tanrım,

mənə səni doyunca düşünməyə

bir gün saxla, -

sübhdən ta axşamacan

damarımdakı qana qarış,

beynimdəki damarlara dol,

qayğıların üstünə pərdə sal,

qoyma bu günün nəfsini

sabaha ümidin çarxında itiləyim.

Bir dəmir zindanı üstündə

sənin adını zikr edə-edə

könül yaralarımı ütüləyim.

 

Şükür pramidası

 

Bir-birinə ilişən saat əqrəbləriyik, -

sükunətdə birik, hərəkətdə ayrı.

Sən demə, çox şey elə

öz adıyla əzaba dönürmüş -

bir əzaba qoydum sən daşıdığın adı.

 

 Ötən zaman qardaş itkisi misalı,

bütün ömrüylə yadımdadı.

Hər sevgi bir əlamətdar günmüş,

mənsə heç vaxt təqvimxasiyyət olmadım.

 

 Sözlərin uzanıb yalan tərəfinə,

yıxılıblar bəhanə döşəməsinə.

Neynək,

heç nəyi çözələməyək,

nə yaşanıbsa bir üzü haqdı.

Vaxtın pəncərəsinə söykəmişəm yanağımı,

xəyalın gözdən itən yorğun qayıqdı.

 

İndi könlün qara kağızında,

bəxtin əlləriylə yadlıq xəritəsi cızıram.

Yaşaya bilmədiyimiz hər nə varsa,

Allaha bağışlamağa hazıram.

 

Puçluğun başının altına yastıq qoyuram,

gəldi-gedərliyə su verirəm,

havaya çıxardıram.

Həqiqətin əlləri oturduğum budağı kəsir -

ancaq özümü aldadanda sənə inanıram.

 

Bilmirəm,

bilmirəm,

bilmirəm hardasan...

Bildiyim odur ki,

haçansa Allahdan soruşacağım sualdasan.

 

Heç olmasa Tanrı müdrik cavab verməyə,

barı müəmmanın geyim otağında

həqiqətlər qiyafətini dəyişməyə.

 

Rənglərdən ən vəfalısı sarı imiş, -

solan rənglər hamısı sarıya çalır.

Zülmət möhürü addımlarından

sinəmdə sarı-sarı ləpirlər qalır.

 

 Yuxuda daha tez böyüyən körpələr kimi,

uyuyan dərdlərlə,

keyləşən ağrılarla yaşa doluram.

Haçansa zamanın qəlbimə məlhəm olacağını,

nə vaxtsa unudulacağını düşünəndə

gələcəyimdən utanıram.

 

***

Bizi öldürmədilər,

sevmirlərmiş deməli,

Qəlbimizi tısbağa kimi

arxası üstə çevirdilər.

Yaşaya bilmədik qəlbimizin bu tərəfiylə,

Öyrəncəli ola bilmədik.

Namərdlər

qəlbinin hər üzü üstə yaşayanlardı.

Qadının canında can alanda ana olur.

Kişinin canından can alanda ölü.

Qadını çox vaxt özü yıxır,

Kişini özgələri.


Mədəniyyət