Sənət xilaskardır!

"Ağrı - böyütmür, aşındırır" - "Fragment" silsiləsi. Günel XƏZƏL

"Frida" filmindən sonra


"Ağrı - böyütmür, aşındırır"  -  "Fragment" silsiləsi. Günel XƏZƏL

 

Reallıq - ikiqat illuziyadır.

Salman Rüşdi "Gecəyarısı uşaqları"

 

Hə, razıyam: reallıq - illuziyanın  kvadratıdır. İnanmaq və inkar etmək isə, sadəcə qənaətə gəlmək. Qənaət - ağlın məhsuludur. Fəhmin qərarı illuziyondur. İlluziya reallığı kölgədə qoyur; həm rəng, həm dad, həm hiss müstəvisində.

Düşüncəndə stəkan qırılıb, su dağılıbsa, reallıqda nə stəkan olub, nə su.

Gördüyün iki qanadlının kəpənək ya açıq kitab olmağının heç bir fərqi yoxdur. Çünki baxılan yox, baxandır məsələ. Təfəkkürünün sənə göstərdiyi səhnənin xəyal olduğunu ən istedadlı natiq, ən peşəkar həkim, ən aqil ərmiş belə sübut edə bilməz. Dünyanın bütün müqəddəs andları fırçaya dönsə, zehnin yaratdığı rəsmə nöqtə də qoya bilməz. Çünki tablon şəffaf, formasız və dəyişkəndir. Çünki heç bir gerçək sənin yaratdığın yalandan doğma və doğru deyil. Çünki sən özünü qorumaq üçün məhv edirsən.

Bəzən də əksinə: gözünlə gördüyün reallığı yaddaşından tamamilə silirsən. Sadəcə zehnindən silib, ürəyinin qaranlıq köşəsində qorumursan, elə yerli-dibli "Shift+delete" edirsən. Bu da özünü qorumağın başqa bir adıdır - müdriklik.

Ağrı - böyütmür, aşındırır. Bədəli əbədi heyrət, heyranlıq, xatırlanma olsa da, bu dünyada bircə anlıq zülm çəkməyə dəyməz. Ya xoş yaşam, ya boş ölüm - qalan hər şey əlvan sirkulyasiya, idraka qapalı simulyasiyadır. Necə deyərlər, yaşamaq - sağlamlığa ziyan, cana təhlükə, ruha ölümdür.

Amma nəyəsə görə gəlirik axı bu dünyaya?! Əminəm! Göndərilmirik. Özümüz gəlirik. Sən... Azca düşün, yadına sal, bu dəfə nəyə gəlmisən?!

Sonda, filmdən sitat:

Ümid edirəm yoxluq əyləncəlidir

Ümid edirəm heç vaxt

dönməyəcəyəm

Frida


Mədəniyyət