Sənət xilaskardır!

Rasim Balayev və sinxron cəhənnəm - Fərid HÜSEYN


Rasim Balayev və sinxron cəhənnəm  - Fərid HÜSEYN

Xalq artisti Rasim Balayevə jurnalistika prinsiplərindən kənar meyarlarla ünvanlanan sual, onun qoyuluş tərzi nədənsə çoxlarını narahat etmədi, amma əksəriyyət verilən cavabdan əsəbiləşdi. (“Xalq sizi sevir” deməyə imkan tapırsınızsa, xalqın şikayətlərini də Prezidentə çatdırmağa Sizin fürsətiniz vardı... Ziyalı siyasətə qarışıb xalqın problemlərini ortaya qoymursa, onda o nəyə görə ziyalı adı alır?)

Çünki Azərbaycanda bir sıra hallarda qeyri-peşəkarlığa ehtiram daha çoxdur, nəinki professionallığa. Sualın qoyuluşunun düzgün olması ciddi məsələdir: Hələ əsrlər öncə Çexov A.Suvorinə yazdığı məktubda onunla sualın düzgün qoyuluşu xüsusunda belə bir mübahisə açırdı: “Sualın həllini və düzgün qoyuluşunu qarışdırmaq olmaz. Yalnız ikinci peşəkar üçün mütləqdir. “Anna Karenina”da və “Yevgeni Onegin”də heç bir sual həll olunmayıb, ancaq əsərlər sizi qane edir, çünki o əsərlərdə bütün suallar düzgün qoyulub. Sualları düzgün qoymaq məhkəmənin borcudur, ancaq cavab məsələsini qoy iclasçılar özləri həll eləsin”.

Əsrlər öncə peşəkarlıqla bağlı həll olunmuş bu meyar bizdə hələ “əlifbadan başlamaq səviyyəsində” qalmaqdadır. Bu belə, keçək məsələnin digər tərəfinə...

Cəmiyyətdə qeyri-peşəkarlığa hörmət artdıqca, verdiyi sualın qoyuluş tərzinə diqqət etməyən jurnalist, sonda ömrünü xalqın kino sənətinə, estetik zövqünün formalaşmasına həsr edən peşəkar aktyordan haqlı çıxır. Yəni bu “həvəskarlıq cəhənnəmi” sualı verənlə Heç nəyin ağına-bozuna baxmayan “xridarlar” arasında paralel – sinxron həzz yaradır. Georgi Minois “Cəhənnəmin tarixi” kitabında yazır ki, qədim Misirdə və Mesopotamiyadakı inanca görə, "Ölülər diyarı”, yəni cəhənnəm mövcud idi. Orada insanlar palçıq yeyir və əbədi qaranlıqda yaşayırdılar. Sonra Assuriya dövründəki inanca görə, "Ölülər diyarı”ndakı şərait daha da kəskinləşdi, oranın sakinləri lap qəddar işgəncələrə məruz qaldılar. Maraqlısı odur ki, həmin dövrlərdə real dünyadakı işgəncələr, cəza növləri də kəskinləşibmiş. Burada diqqət çəkən real dünya ilə axirət arasındakı sinxron münasibətlərdir. Yəni, bu dünyada qəddarlıq, işgəncələr, rəhimsizlik artdıqca, paralel olaraq insanların xəyalən canlandırdıqları cəhənnəmdə – "Ölülər diyarı”nda da zülm təsvirləri güclənirmiş. Eynən bizim cəmiyyətimizdə də peşəkarlara nifrət, həvəskarlara hörmət kütlənin bu cür sinxron münasibəti ilə müşayiət olunur. Adi həyatda da, sənət mühitinə münasibətdə də “ala başına-kül başına”, “çeynə-tüpür” prinsipləri inamlı addımlarla yanaşı irəliləməkdədir...

Bu son hadisələrdə başqa bir ağrılı gerçəklik də meydana çıxdı. Məlum oldu ki, cəmiyyətdə sözünün yerini bilməyən nə qədər adam varmış. Sən demə, minlərə adam qanmırmış ki, hansı sözü harada demək olar? Bu cür sözünün yerini bilməyənlər umurlar ki, Rasim Balayev də onların düşündüyü kimi harada, nə danışdığına əhəmiyyət verməsin. 

Bildiyiniz kimi, bir neçə ilə əvvəl incəsənət xadimləri ilə dövlət başçısı cənab İlham Əliyevin görüşü olmuşdu, orada sənətkarlar bir sıra problemləri dilə gətirmişdilər. O zaman Rasim Balayev Prezidentlə görüşə dəvət alanların siyahısına salınmamışdı. Onda cənab Prezident şəxsən ona zəng etmişdi. Rasim Balayev həmin telefon zənginin təfərrüatı barədə mətbuata danışarkən demişdi ki, dövlət başçısı ondan soruşub ki, əgər o görüşdə olsaydınız, hansı problemləri dilə gətirərdiniz? Rasim Balayev də bildirmişdi ki, son illər ölkəmizdə filmlərə kifayət qədər büdcə ayrılmır, ekran əsərləri az çəkilir, nəticədə yeni kino-aktyor nəsli yetişmir və s. Yəni sənətkar sənət müstəvisindəki problemləri zamanında dövlət başçısına çatdırmışdı. Bu söhbətdən sonra dövlət tərəfindən film sektoruna bir neçə milyon manat vəsait ayırmışdı. Kəsəsi, məqam düşəndə problemi soruşan və dilə gətirən tərəflər var. Sadəcə yaddaşsız adamlar dünəni tez unudurlar və yasda hər kəs öz dərdinə ağladığı kimi, problem deyəndə də hər kəs öz müşkülünü nəzərdə tutur. Olmaya insanlarımız bu dəfə də ölkəmizdə filmlərin az çəkilməsi barədə Rasim Balayevdən dövlət qarşısında məsələ qaldırmağı umurlarmış. İnanmıram...

Sənətkarın ictimai rəyə aşırı nüfuzu sovet ənənəsindən qalma azardır. Sosial şəbəkələr vasitəsilə əlində gecə-gündüz həqiqəti yazmaq imkanı olan adamlar onları narahat edən məsələləri Prezidentlə görüşdüyü dəqiqələr ərzində Rasim Balayevin dilindən eşitmək istəyirlər. Rasim Balayev problemdən danışmaq imkanı olanda kinonun problemindən söz açıb və o məsələ də həllini tapıb. Görünür, cəmiyyətdə şüuraltı olaraq SSRİ təfəkkürünün qurbanları hələ çoxdur.

Əbdürrəhim Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsərinin sonunda cəhənnəmdə çaxnaşma düşür, ara qarışır. İnsanlar fikirləşir ki, görəsən, nə olub, niyə onlara cəhənnəmdə də “rahat yaşamağa” imkan vermirlər. Bu zaman bir nəfər əlhaya düşərək deyir ki: “Rus qoşunu cəhənnəmə dolur. Bundan sonra gərək hamımız cəhənnəmdən baş götürüb qaçaq”. Görəsən, cəhənnəmdən qaçmaq mümkün olsaydı, insanlar hara pənah aparardılar?

İndi də SSRİ təfəkkürlü adamlar, hamını necəgəldi siyasətə qatmağa çalışanlar hər gün durmadan sosial şəbəkələrə dolurlar, bəs görəsən, bu vəziyyətdə peşəkarlar, xalqına sənəti ilə xidmət edənlər, sözünün yerini bilənlər başlarını götürüb “qanmayanların cəhənnəmindən” hara qaçsınlar?

 

 qafqazinfo.az


Mədəniyyət