Sənət xilaskardır!

Çıxışlarına qadağa qoyulan, mahnısının sözlərini dəyişməyə məcbur edilən… - “Şuşanın dağları”nın müəllifi Xan Şuşinski - VİDEO

Bu gün Xan Şuşinskinin anadan olmasından 122 il ötür. Literart.az bu münasibətlə sənətkar haqqında maraqlı məlumatları təqdim edir.


 Çıxışlarına qadağa qoyulan, mahnısının sözlərini dəyişməyə məcbur edilən…  - “Şuşanın dağları”nın müəllifi Xan Şuşinski - VİDEO

Şuşanın dağları başı dumanlı,

Qırmızı qoftalı, yaşıl tumanlı,

Dərdindən ölməyə çoxdu gümanım…

    Şuşanın adı çəkiləndə ilk yada düşən mahnıdır “Şuşanın dağları”. Muğam üçlüyü üçün nəzərdə tutulmuş mahnının söz və musiqi müəllifi  xanəndə Xan Şuşinskidir – Şuşada doğulan (1901), ailəsinin Qarabağ xanları nəsli ilə qohumluq əlaqəsi olan, Azərbaycan SSR Xalq artisti  İsfəndiyar Aslan oğlu Cavanşir. İsfəndiyar yeniyetmə ikən Qarabağın Novruzlu kəndində qurulmuş məclisə yığışanların arzusu ilə və müəllimi, “Segah”ın mahir ifaçısı İslam Abdullayevin xeyir-duasıyla, zamanında məşhur təbrizli Əbülhəsənin “Kürdü-Şahnaz”ından geri qalmayan ifasının qiyməti olaraq Xan adına layiq görülmüşdü. Azərbaycan klassik muğam sənətinin təkrarsız ifaçısı Xan Şuşinski geniş səs diapazonuna malik xanəndə, muğamlarımızın yalnız mahir ifaçısı deyil, həm də bilicisi kimi musiqi mədəniyyətimizi dünyada təbliğ edən sənətkarlardandır.

      O, Bakıya ilk dəfə 21 yaşında gəlir, bir müddət Abşeron toylarına, ətraf rayonlara və kəndlərə məclislərə dəvət olunur. 1924-38-ci illərdə isə müntəzəm olaraq Bakıya qastrol səfərlərinə gəlir. Deyilənlərə görə, o vaxtlar gündən-günə şöhrəti artan Xanın konsertlərinə düşmək müşkül imiş. Lakin konsertlərində o vaxt həbs olunmuş Hüseyn Cavidin şeirlərini oxuduğu üçün özünə heç bir səbəb göstərmədən ona Qarabağa qayıtmalı olduğunu deyirlər. Bir ilə qədər Xanı nəinki toylara dəvət edirlər, hətta bəzi tanışları da ondan uzaqlaşır. Özünün sözlərinə görə, yalnız Üzeyir bəy Hacıbəyli və Səməd Vurğunun səyi onu rəhbərin qəzəbindən və ciddi cəzalardan xilas edib.       Nəhayət, 1939-cu ildə sənətkar Bakıya köçərək filarmoniyanın solisti kimi fəaliyyətə başlayır və düz 40 il burada işləyir. 1943-cü ildə birbaşa Xalq artisti fəxri adına layiq görülür.

      1960-cı ildə Xan Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası nəzdində “Muğam studiyası” yaradaraq gənc xanəndələrə sənətin sirlərini öyrədir. Saysız-hesabsız pərəstişkarları xanəndəni heç olmasa, kənardan görə bilmək üçün səhər çağı filarmoniyaya gedən yol boyu düzülərək onun gəlib keçməsini gözləyərmişlər.

      Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” kimi zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də böyük yer tutub. X.Şuşinski xüsusi bir şövqlə ifa etdiyi xalq mahnılarını yeni çalarlarla zənginləşdirə bilmişdir.

     Xan Şuşinski ifa sirlərini ustadlardan öyrəndiyi muğam və xalq mahnılarının özünəməxsus ifa üslubunu yaratmışdı. Onun səsi cazibəli olduğu kimi, ifası da dolğun idi. Xan oxuyarkən nə səsində-avazında, nə də simasında dəyişiklik sezilərdi. Orijinal ifası yalnız dinləyiciləri deyil, peşəkar sənət adamlarını da heyrətləndirmək gücündə idi.

   Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" kimi nümunələrin müəllifi də Xan Şuşinskidir; bu mahnıları xalq yaradıcılığından təsirlənərək bəstələmişdir. Lakin bu günə kimi də Xanın ən şox sevilən mahnısı “Şuşanın dağları”dır. Bu mahnı 1967-ci ildə bəstəkar Səid Rüstəmov tərəfindən nota alınaraq “Azərbaycan xalq mahnıları” toplusunda çap olunur. Mahnının mətnində Şuşa və onun gəzməli, görməli yerləri vəsf edilir, özü gözəl bir qıza bənzədilir. “Şuşanın dağları” mahnısının tarixi sovet dövründə keşməkeşlərdən keçməli olub. İdeoloji basqı mahnının mətnini təftiş edir, “Şuşanın başı dumanlı”, “ölürəm” kimi ifadələri ideologiyaya yad hesab edərək bəzi sözlərin dəyişdirilərək oxunmasını tələb edirdi. Xan Şuşinski dəfələrlə bu mövzu ilə bağlı inzibati orqanlara çağırılır, izahatlar verməli olurdu. Nəticədə, rəsmi məclislərdə mahnının sözləri “Şuşanın başı deyil dumanlı” şəklində dəyişdirilərək oxunurdu. Lakin ölkəmiz sovetlərin basqısından xilas olduğundan bəri mahnı orijinal variantında səsləndirilməyə davam edir.

     1992-ci il erməni işğalından sonra “Şuşanın dağları” nisgilli bir Şuşa harayına çevrilmişdi. 2020-ci ilin 8 noyabr tarixində Şuşa işğaldan azad olunduqdan sonra bu mahnı Şuşanın az qala, himninə çevrildi – Xan Şuşinskinin ərsəyə gətirdiyi ecazkar mahnı bu gün Cıdır düzündən havalandıqca Şuşanın başı üzərindəki dumanları qovub dağıdır:

Şuşanın hər yandan gəlir sorağı,

Tərifə layiqdir İsa bulağı,

Dağları, bağları, qızlar oylağı…


Mədəniyyət