Sənət xilaskardır!

19 avqust – Dünya Fotoqrafiya Günüdür - Məşhur fotolardan nümunələr


19 avqust –  Dünya Fotoqrafiya Günüdür  - Məşhur fotolardan nümunələr

19 avqust –  Dünya Fotoqrafiya Günüdür. Bu təqvim 2009-cu ildə avstraliyalı fotoqraf Korske Ara tərəfindən təsis edilib. İlk dəfə 2010-cu ildə qeyd olunan bu gün insanlara özlərini ifadə etməyə imkan verən və ictimaiyyətin diqqətini çəkən fotoqrafiya sənətinin qlobal bayramıdır.

Hər il avqustun 19-da dünyanın hər yerindən peşəkar və həvəskar fotoqraflar müxtəlif şəkillər çəkərək #worldphotoday həştəqi vasitəsilə izləyiciləri ilə paylaşırlar.

Literart.az saytı Dünya Fotoqrafiya Günü münasibətilə ən məşhur fotolardan nümunələr təqdim edir.

 

Filipp Halsman “Dali anatomikus” 1948

Filipp Halsmanı fotoda sürrealizmin banisi adlandırırlar. Onun məşhur "Jump" seriyası foto sənətinin klassikası sayılır. Seriyanın qəhrəmanlarından biri Salvador Dalidir. "Dali anatomikus" kadrı üzərində iş fotoqrafın tam altı saatını alıb. Molbert və rəsm tavandan asılmışdı, bir-iki-üç sayında Dali atlanırdı, fotoqrafın arvadı stulu havaya tullayırdı, assistentlər isə pişikləri havaya ataraq dallarınca vedrədəki suyu boşaldırdılar. Filipp Halsman fotoşəkillərin mövzu seçimini belə izah edirdi: “Bir adam atlanarkən onun bütün diqqəti bu akta yönəldiyindən maskası düşür və əsl siması görünür."

“Göydələndə nahar” 1932

20-ci əsrə aid ən ikonik Amerika fotoşəkillərindən biridir. Naməlum fotoqraf tərəfindən çəkilən bu şəkil ilk dəfə New York Heral Tribune qəzetində dərc olunub.

Ölümdən qorxmayan, RCA binasında çalışan 11 inşaat işçisi yerdən 69 mərtəbə hündürlüyündəki tir üzərində nahar edir, siqaret çəkir.

"Yaponiya üzərində qələbə günü” 1945

Fotoqraf Alfred Eyzenstadt tərəfindən təsadüfən çəkilmişdir. Bir həftə sonra bu foto “Life” jurnalında əksini tapdı. Kadr bir kulta çevrilərək bir çox amerikalılar üçün sülh simvolu oldu.

“Reyxstaq üzərində Zəfər bayrağı” 1945

 İkinci dünya müharibəsində çəkilən bu foto Yevgeniy Haldey tərəfindən Berlin döyüşü zamanı çəkilib. Şəkil Sovet İttifaqının nasist Almaniyası üzərində qələbəsinin simvoluna çevrilib. Sovet bayrağı Meliton Kantariya və Mixail Yeqorov tərəfindən Berlindəki Reyxstaq binasında ucaldılıb. Minlərlə tirajla nəşr olunan bu fotoşəkil İkinci Dünya Müharibəsinin ən diqqət çəkən fotoşəkilləri arasında idi. Şəkildəki əsgərlərin və şəkli çəkən əsgərin kimliyi illər sonra məlum olub.

“Özünü yandıran monax” 1963

Bu fotoda Sayqonda izdihamlı küçədə özünü yandıran rahib Quang Duk əks olunub. O, Cənubi Vyetnam hökumətinin buddistlərə qarşı təqiblərinə etiraz olaraq özünü yandıraraq intihar edib.

Quang Duk iki rahibin müşayiəti ilə Kamboca səfirliyinin yaxınlığında avtomobildən düşüb sakitcə ənənəvi meditasiya vəziyyətində oturur və üstünə benzin tökür. Başqa bir rahib kibrit vurub onu yandıranda Quang Duk zərrəcə tərpənmir. Yoldan keçənlər heyrətlənsələr də, rahibin yanaraq öldüyünü izləyərkən bəziləri dayanıb dua edirlər.

Fotonu New York Times qəzetinin o vaxtkı reportyoru Malkolm Braun çəkib. Bu, sözün əsl mənasında, alovlu etirazı əks etdirən  foto bir neçə saat ərzində dünya qəzetlərinin manşetlərinə çıxdı.

 


Mədəniyyət