Sənət xilaskardır!

Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür

Literart.az bu münasibətlə şairin şeirlərindən nümunələr təqdim edir.


Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür

Şirin dillim 

 

Saçlarından tel əsəndə,

Telinə qurban olmuşam.

Dilin sözə tələsəndə,

Dilinə qurban olmuşam.

 

Təzə çıxan süd dişinə,

Qəh-qəhəli gülüşünə.

Tırıp- tırıp yerişinə,

Baxmışam heyran olmuşam.

 

Yanağının gülü solsa,

Könlün bir an tutqun olsa,

Bir ağrıyla gözün dolsa,

Mən ürəyi qan olmuşam.

 

Keçib getdi ayım, ilim,

Sən açıldın, qönçə gülüm,

” Ana” deyən gündən dilin,

Bəxtiyar insan olmuşam.

 

Müəllimim

 

O elə şəfqətli, elə gözəldi,

Yox idi gözümdə heç bərabəri.

O, bir arzu idi, xoş bir əməldi,

Yaşayır könlümdə illərdən bəri…

 

Necə məlahətli, qəşəngdi səsi

Axan saf suların təranəsitək;

Necə də istiydi doğma nəfəsi,

Necə də böyükdü köksündə ürək!

 

Qarlı qış axşamı soyuq küləklər

Körpə ürəklərə gətirəndə qəm,

Onun bir sözüylə açar çiçəklər,

Nura qərq olardı elə bil aləm!

 

Min nəğmə gələrdi qulağımıza

Daim çiçəklənən könül bağından.

Elə bil çıxırdıq təzə bir yaza

Soyuq, cansıxıcı qış otağından.

 

O bizim şəfqətlə sığallayanda

Hərdən başımızı bir ana kimi,

Onun ətrafında biz də bu anda

Olardıq nur görmüş pərvanə kimi.

 

Heyif ki, əl çatmaz o gözəl günə,

Aradan keçmişdir neçə qış, bahar!

Ancaq saçlarımın üstündə yenə,

Sanki o əllərin hərarəti var.

 

Ah, ey uşaqlığın gözəl günləri,

Əziz müəlliməm, hardasınız siz?

O məktəb illərim dönsəydi geri,

Önündə hörmətlə indi çöküb diz —

 

Deyərdim: — Bu şeirim, sənətim üçün

Həmişə, həmişə borcluyam sənə.

Şərəflə keçirib ömrünü bütün,

Nəsillər böyütdün doğma vətənə.

 

Sözü inci kimi düzdün dilimə,

Öyrətdin düşünüb cümlə qurmağı.

Qələmi bir dayaq edib əlimə,

Çox usta çıxartdın uca bir dağı.

 

Coşqun bir çay kimi, bir bulaq kimi

Sən həyat eşqilə coşdun, çağladın,

Mümkün olsa idi açmaq qəlbimi

Görərdin orada həkk olub adın.

 

Sən uşaq könlümün eşqi, ilqarı,

Andıydın, ustadım, dostum, yoldaşım!

Bununçün bu adı daşıyanların

Önündə hörmətlə əyilir başım.

 

Neylərəm o ömrü mən 

Neylərəm o ömrü mən

Nə qışı, nə yazı var!

Duyğunun nə dərini,

Nə də ki, dayazı var!

 

Neylərəm o ömrü mən,

Nə bir şirin sükutu,

Nə də sel axışı var.

Nə çılğın bir sevinci,

Nə də göz yağışı var.

 

Neylərəm o ömrü mən,

Nə özü, nə özgəsi,

Nə səsi, nə nəfəsi,

Nə dərdi, nə qəmi var.

Nə əqidə yoldaşı,

Nə könül həmdəmi var!

 

Neylərəm o ömrü mən,

Nə Vətən məhəbbəti,

Nə xalqa sədaqəti,

Nə darda mətanəti,

Nə dərdə tabı olsun,

Nə ömür yollarında

Bir inqilabı olsun!

 

Dünyaya nə ilk sözü,

Nə son cavabı olsun.

Mən ömür istəmişəm

Məşələ dönüm, yanım

Mən ömür istəmişəm,

Qoy dolsun odla qanım!

Mən həyat yollarında

Bu odla silahlanım.

İnamım, etiqadım

Qoy inqilabım olsun!

 

Mən dünyaya gələndə

Səsli, nəfəsli gəldim,

İstəmirəm sükutum

Ən son cavabım olsun…

 

Azərbaycanım 

 

Torpağı-türbət

Suları-şərbət,

Günəşi məlhəm

Ayrılığı- qəm Azərbaycanım!

 

Aranı,dağı,

Tərlan oylağı,

Könlüm çırağı,

Qızılgül bağı Azərbaycanım!

 

Ana nəfəslim,

Qaranquş səslim,

Ellim, obalım,

Dağlar havalım Azərbaycanım!

 

Qızları dilbər,

Oğulları ər,

Odum,ocağım,

Ana qucağım

Qalsam həyatım,

Ölsəm torpağım Azərbaycanım!

 

 

 


Mədəniyyət