Sənət xilaskardır!

Əmisinin himayəsində böyüdü, 18 yaşında ilk dəfə evləndi, 31 yaşında Xalq artisti oldu... - 17 avqust Müslüm Maqomayevin doğum günüdür


Əmisinin himayəsində böyüdü, 18 yaşında ilk dəfə evləndi, 31 yaşında Xalq artisti oldu...  - 17 avqust Müslüm Maqomayevin doğum günüdür

 

 

     Bu gün – 17 avqust  Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 81-ci ildönümü tamam olur.

    * Görkəmli musiqiçi və dirijor Müslüm Maqomayevin nəvəsi olan Müslüm atasını ümumiyyətlə xatırlamırdı. Çünki oğlu anadan olandan qısa müddət sonra Məhəmməd Maqomayev orduya çağırılır və Berlinin alınması uğrunda gedən döyüşlərdə, qələbəyə bir neçə gün qalmış həlak olur. Düz 7 il atasının ölümünü Müslümdən gizlədirlər və o yalnız 10 yaşında həqiqəti öyrənir.

     *Müslümün milliyyətcə adıgey olan anası tanınmış aktrisa Ayşət Kinjalova ərinin ölüm xəbərini alandan sonra Bakıdan Maykopa, oradan da Vışnıy Voloçekə köçür. Müslüm əmisi Camalın himayəsində qalır. Əmisi onun istedadını kəşf edir. Gözəl musiqi duyumuna və güclü səsə malik Müslüm Bakı Konservatoriyası nəzdində bəstəkarlıq və fortepiano sinfi üzrə musiqi məktəbinə daxil olur. Lakin anası darıxdığından Müslümün 9 yaşı olanda onu yanına – Rusiyanın Vışnıy Voloçek şəhərinə aparır. Daha sonra Ayşət Kinjalova Murmansk şəhərinə köçür, sənətini buradakı teatrda davam etdirir və yenidən ailə qurur. Müslüm anasının yanında bir il qalır və Ayşət xanımın qərarı ilə Bakıya - nənəsi və əmisinin yanına geri dönür. Anası ömrünün sonuna kimi Murmanskda yaşayır. İkinci evlilikdən onun iki övladı dünyaya gəlir.

    *Müslüm 18 yaşında evlənəndə anasını da toyuna çağırır. Bu haqda onun ögey bacısı Tatyana xatirələrində yazır: "Anam qardaşımı və məni də götürüb Bakıya Müslümün toyuna gətirdi. Mən və qardaşım ondan 14 və 16 yaş kiçik idik. Onda Müslüm Polşadan qastroldan qayıtmışdı. Və bizə müxtəlif cür saqqızlar hədiyyə etdi. SSRİ-də o zaman xarici saqqızı çox az adam görmüşdü. Biz bilmədik onları neyləyək. Onda Müslüm bizə izah etdi ki, bu saqqızdır və onu çeynəmək lazımdır. Mənim 5, qardaşım Yurinin 7 yaşı vardı”.

Uzun illər sonra – 1996-cı ildə Müslüm Murmanska gedir, anasına baş çəkir. Ayşət Kinjalova 2003-cü ildə dünyasını dəyişib.

  *İlk dəfə 14 yaşında Bakıda dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqalə dərc edib.

  *Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, Milanın dünya şöhrətli “La Skala” teatrında təcrübə keçmişdir.

   *Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. 31 yaşında SSRİ Xalq artisti fəxri adına layiq görülüb.

    *Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən “Azərbaycan” mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir. Müğənni həm də “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilib.

    *Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.

   *M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.

     *17 avqust 2022-ci ildə Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinin açılışı olub. Heykəlin müəllifi heykəltaraş Ömər Eldarovdur. 

 

 


Mədəniyyət