Sənət xilaskardır!

Sirk “Oscar”ının sahibi Allahverdi İsrafilov - Rusiyada işləsə də, həmişə Azərbaycanı təmsil edən böyük sirk ustası - VİDEO

Rusiyada çalışsa da, hər zaman Azərbaycanı təmsil edən, məşhur sirk ustaları olan İsrafilovlar ailəsinin davamçısı, “Beynəlxalq sirk mükafatı” və ya sirk “Oscar”ının sahibi Allahverdi İsrafilov. Gənclik illərində İrandan gələn iş təklifi ilə oraya gedən sirk ustası Allahverdi və dostlarının başına nə gəlmişdi? Monte-Karlo şahzadəsi onunla görüşdə “Azərbaycan” adını eşidəndə nə demişdi? Ətraflı videomaterialda.


Sirk “Oscar”ının sahibi Allahverdi İsrafilov  - Rusiyada işləsə də, həmişə Azərbaycanı təmsil edən böyük sirk ustası - VİDEO

*Sirkin “Oskar”ını qazanmış Allahverdi İsrafilov deyir: “Sirk artisti olacağam, pul qazanacağam” deyən tezliklə sirkdən gedəcək. Dünyanın heç bir qonorarı tamaşaçı alqışından üstün deyil!”


*Monte-Karloda keçirilən 36-cı Beynəlxalq Sirk Festivalında sirk “Oskar”ını qazanmış, ölümcül “Hava adajiosu” tryukunun ifaçısı Allahverdi İsrafilov “Böyük Sirk”də Gümüş Aslan, “Sabahın Sirki”ndə Qızıl Mükafat, “Qızıl Buff”da gümüş mükafat, Beynəlxalq Paytaxt Sirkləri Festivalında Qran Pri mükafatlarını da qazanıb.  


*Allahverdi bəy deyir ki, sirk onun həyatıdır: “Həyat təcrübəm göstərdi ki, sirksiz mümkün deyil. Hər nə olsa da, dünyanın enerjisi məni yenə də fırladır gətirir sirkə. Bilirsiniz, sirkdə pul qazanmaq üçün işləmək olmaz. “Sirk artisti olacağam, pul qazanacağam” deyən tezliklə sirkdən gedəcək. Dünyanın heç bir qonorarı tamaşaçı alqışından üstün deyil! Manejdə qısa bir nömrəni göstərmək üçün artist günlərlə məşq edir. Elə olub ki, bir tamaşada 4 nömrə oynamışam. Aldığım maaş heç nə olub. Sirkdə elə tryuklar var ki, onları etmək üçün ancaq fanat olmalısan. Mən fanatlığımı sonuncu festivalda başa düşdüm. Monte-Karloda Monako şahzadəsi Stefaniyanın sədrliyi ilə keçirilən Beynəlxalq Sirk Festivalında ən yüksək mükafatı aldım. Bu qalibiyyətdən sonra həyatımda çox şey dəyişdi. Artıq istədiyimi almışdım. Amma mən Çində keçirilən festivalda iştirak etməli, 16 metrlik hündürlükdən başıaşağı tullandığım “Hava adajiosu”nu göstərməliydim. Düşündüm ki, bunu indiyə kimi inkişafa görə etmişəm və indi ən yüksək pillədəyəm və yenə edirəm. Ciddi bir səbəb tapmırdım. Sonda bunun bir fanatizm olduğunu anladım”.

*Artist Azərbaycan sirkinin səviyyəsindən də danışarkən deyir: “Bu gün dünyaya çıxaracaq səviyyədə sirk kollektivimiz yoxdur. Amma peşəkar azərbaycanlı sirk artistləri var ki, dünyanın müxtəlif ölkələrində işləyir. Təəssüf ki, Bakı Dövlət Sirkində belə truppamız yoxdur. Amma bir vaxtlar dünyada 10 kollektiv var idisə, onlardan biri Azərbaycan sirki idi. Sirkimizin 100-ə yaxın artisti vardı. Hazırda planımızda ilkin olaraq sirkdə truppa yaratmaq, məktəb qurmaq var. İndi sirkin rəhbərliyi də gənclərdir. Yaxşı truppanın olmamasına görə onları da qınamaq olmaz. Buna qədər olan rəhbərlik fikirləşməli idi, amma fikirləşməyib. Buna görə də onları qınamıram, çünki sirkin rəhbərliyində sirk adamı, sirkin fanatı olmalıdır. Bu gün hökumətimiz bütün sahələrə diqqət göstərir, həmçinin sirkə də. Hər işdə nümunəyik. Sirkin də tezliklə yüksək səviyyəyə çatacağına inanıram. Bundan başqa, sirkimizdə studiya yaratmaq istəyirik”.
*Allahverdi bəyin həyat yoldaşı Qalina İsrafilova da sirk ustasıdır. Məşq vaxtı mübahisələri də olur, dalaşırlar da: “Hərdən elə olurdu ki, bir-birimizi vurub öldürmək istəyirdik. Amma bunu elə işdə qoyub çıxırdıq. Əgər işdə olanları evə gətirsək, yaşaya bilməzdik. Problem bilirsiniz nədəydi? Mənim fikrim-zikrim bu idi ki, sirkdə çempion olum. Amma onun fikri mən deyəni etmək idi. Mənsə istəyirdim ki, onun özündə də çempion olmaq istəyi olsun. Bunu da qeyd edim ki, qızımın sirk ustası olmağını istəməzdim. Bu ağırlığı özüm yaşamışam, o, yaşamasın. Üstəlik də sirkdə unikal olmaq məsələsi var”.

*Materialda Xanım Aydının müsahibəsindən istifadə edilib.

 


Mədəniyyət