Sənət xilaskardır!

Ancelina Colinin - doğum günüdür


Ancelina Colinin   - doğum günüdür

ABŞ aktrisası, Oskar mükafatı laureatı, 3 dəfə "Qızıl qlobus" mükafatı sahibi, 2 dəfə ABŞ aktyorları arasında Gildiya mükafatının qalibi, BMT-nin xoşməramlı səfiri Ancelina Colinin 48 yaşı tamam olur.

*Ancelina Coli 4 iyun 1975-ci ildə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində doğulub. Məşhur ABŞ aktyoru Con Voyt və yarıfransız, yarıkanadalı aktrisa Marşelin Bertranın qızıdır. Özündən böyük Ceyms Heyven Voyt adlı qardaşı var. Soyadı "Coli" fransız dilində "yaxşı", "gözəl" anlamını verir.

*Ancelina Colinin valideynləri 1976-cı ildə ayrılırlar. Ancelina və qardaşı anası ilə Nyu-Yorka köçürlər. 1 il sonra atası Oskar mükafatına layiq görülür. Anası isə uşaqlarına görə karyerasından imtina edir; bütün vaxtını onlarla keçirir, tez-tez uşaqlarını kinoteatra aparır. Elə bu dövrdə Ancelinada kinoya maraq yaranır. 11 yaşı tamam olanda onlar yenidən Los-Ancelesə qayıdırlar. Burada Ancelina 2 il Li Strasberq adına kino məktəbində, daha sonra Beverli Hills liseyində təhsil alır. 14 yaşında model işləməyə başlayır. Lenni Krevits, Rolling Stones və Meat Loaf kimi əfsanələşən qrup və sənətçilərin kliplərində çəkilir. 16 yaşında yenidən teatra qayıdır.

*Colinin qardaşı kino məktəbinə daxil olur və eksperiment üçün bir neçə uğursuz film çəkir. Bu filmlərdə Ancelina da rol alsa da, bu ona tanınmağa kömək etmir.  1993-cü ildə "Kiborq - 2" adlı filmdə rol alsa da, bu da ona uğur gətirmir, lakin ardınca çəkildiyi "Hakerlər" filmi ilə o artıq özünü tanıtmağı bacarır. Hətta “Nyu-York-Tayms” qəzeti onun haqqında yazır.

*1997-ci ildə çəkilmiş "Corc Volles" filmindəki roluna görə, “Emmi” və “Qızıl Qlobus” mükafatına sahib olur. 1 il sonra. 1970-ci ildə vaxtilə məşhur model olmuş Cia Karanci haqqında çəkilən "Cia" filmində baş qəhrəmanı canlandırır. 2-ci dəfə “Qızıl Qlobus”un sahibi olur.

*1999-cu ildə Ceyms Menqoldun filmi "Yarıda buraxılmış həyat" ekranlara çıxır. Bu film baş rol oyunçusu Vaynona Rayderin ekranlara yenidən dönüşü kimi dəyərləndirilsə də, tam əksinə, 2-ci plan aktrisası Ancelina Colinin triumfu olur. Ancelina filmdəki Liz Rou roluna görə, 3-cü dəfə Qızıl Qlobus mükafatı qazanır, Amerika Kinoaktyorlar Birliyi mükafatı və nəhayət, Oskarın sahibi olur.

*2001-ci ildə məşhur kompüter oyunu Tomb Raiderin ekranlaşdırılmış əsərində baş rol Ancelinaya təklif olunur. “Lara Kroft” adlanan filmin 1-ci hissəsi 270 milyon gəlir əldə edir. 2003-cü ildə ekrana çıxan 2-ci hissə  birincidən uğursuz alınır və bu səbəbdən kassa gəliri 160 milyon dolları keçmir. Ancelina isə bu filmə görə 12 milyon dollar qonorar alaraq Hollivudun ən bahalı aktrisalarından birinə çevrilir. Filmdə Coli üçün xüsusi olaraq solaxaylar üçün nəzərdə tutulmuş silah da tapırlar.

* “Lara Kroft” filmləri arasındakı fasilədə Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri kimi bir çox kasıb ölkələrə səfərlər və humanitar yardım etməyə başlayır.

* 2004-cü il Ancelina Coli üçün uğurlu olur. Öncə o Robert De Niro, Rene Zellveger və Uil Smitlə birgə "Sualtı qardaşlar" cizgi filmini səsləndirir. Animasiya filmi 363 milyon dollar qazanır. Daha sonra Oliver Stounun Makedoniyalı İsgəndər haqqında çəkdiyi filmdə İsgəndərin anası obrazını yaradır. Və nəhayət, 2005-ci ildə ekranlara çıxan "Cənab və Xanım Smit" filminin kontraktını imzalayır. Bu filmlə o, 20 milyon dollar qonorar alaraq Culiya Roberts və Kameron Diaz kimi məşhur aktrisalarla eyni pilləyə yüksəlir.

*2005-ci ilin yayında ekrana çıxan "Cənab və Xanım Smit" filmi 480 milyon dollar kassa gəliri yığır. Bu filmdə Ancelina filmdəki əri Con Smitlə sakit və darıxdırıcı ailə həyatı altında professional qatıl olduğunu gizlədən Ceyn Smit obrazını canlandırır. Con Smit rolunu isə Bred Pitt ifa edir. Dəfələrlə dünyanın ən gözəl və cəlbedici aktyor və aktrisası adını qazanan məşhurlara diqqət çəkilişlər boyu azalmaq bilmir. Dəfələrlə şayiələr yayılaraq onların görüşdüyü yazılır. Az keçmiş deyilənlər gerçək olur. Bred Pitt aktrisa Cenifer Enistondan ayrılaraq Ancelina Coli ilə evlənir və onun uşaqlarını övladlığa götürür.

*Ancelina Coli və Bred Pitin 3 qızı, 3 oğlu var. Onlardan üçünü Ancelina kasıb ölkələrdən övladlığa götürüb. Onların ilk övladı Şaylo Nuvel 2006-cı ildə dünyaya gəlib. Uşağın ilk şəkillərini cütlük "People" və "Hello" jurnallarına 10 milyon dollara satıblar. Bu, məşhurlar arasında dünyanın ən bahalı şəkli kimi tarixə düşüb. 2008-ci ildə onların əkiz uşaqları dünyaya gəlib. Noks və Vivyenin ilk şəkilləri yenidən rekord qiymətə - 14 milyon dollara satılıb. Bu məbləği ailə xeyriyyəçiliyə xərcləyib.

 


Mədəniyyət