Sənət xilaskardır!

Dünya gözəli seçilmiş ilk azərbaycanlı qadın - Sona xanım Mehmandarova


Dünya gözəli seçilmiş ilk azərbaycanlı qadın  - Sona xanım Mehmandarova

Dünya gözəli seçilmiş ilk azərbaycanlı qadın - Səməd bəy Mehmandarovun qardaşı qızı Sona xanım Mehmandarovadır.

Sona ailənin üç övladından böyüyü, fransız və rus dillərini mükəmməl bilən, təhsilli xanım idi. Təhsilini Avropada davam etdirmək arzusunda olduğundan hələ ki ailə qurmaq niyyətində deyildi. Ondan “yox” cavabı alanlardan Lənkəranın imkanlı ailələrindən olan Zeynalovların oğlu Əhməd bəy rədd edilməyi qüruruna sığışdırmır və qisas almaq üçün gecə xəlvətcə qızın atası Nağı bəyi evində güllələtdirir.

Atası öldürüldükdən sonra Sona xanım Mehmandarova Bakıya köçür. 1912-ci ilin əvvəllərində Bakıda gözəllik müsabiqəsi təşkil edilərkən Sona xanım da qohumlarının təkidi ilə müsabiqəyə qoşulur. Münsiflər heyəti ilk baxışdanca “təbii gözəlliyini qoruyub saxlamış, zərif və nəcib görkəmli əyalət qızını” qalib elan edir və o, Tiflisdə keçirilən gözəllik müsabiqəsində iştirak üçün dəvət alır. Tiflisdə “Qafqaz incisi” adını qazanaraq Sankt-Peterburqda keçiriləcək “Miss Rusiya” müsabiqəsinə vəsiqə qazanan Sona xanım bu yarışmada da birinciliyi və qiymətli tacı əldə edir.

1912-ci ilin sonlarında Parisdə keçirilən “Dünya gözəli” final müsabiqəsinə yollanan Sona Nağı qızı Mehmandarova “Dünya gözəli” titulunu - “Qran-Pri”ni qazanır. Dünya gözəli seçilmiş ilk azərbaycanlı qadın olan Sona xanımın şəkilləri həmin dönəmdə yalnız Paris qəzet və jurnallarında deyil, həmçinin dünya mətbuatında da çap olunur. Dünya gözəli bu müsabiqədən aldığı yüksək pul mükafatı ilə Sankt-Peterburqda bir mülk alır. Bir il sonra əslən dağıstanlı olan Uruzovla ailə qurur. Onların övladı olmur. 1917-ci ildə isə Rusiyadakı hadisələr nəticəsində ailə müflisləşir.

Deyilənlərə görə, repressiya illərində Sona xanım izini itirmək üçün bütün sənədlərini və şəkillərini yandırıb. Mehmandarova Bakıya bir də yarım əsr sonra – 1966-cı ildə qayıdır. 1971-ci ildə Bakıda vəfat edib və burada dəfn olunub.


Mədəniyyət