Sənət xilaskardır!

Minalanmış ərazilər: Allah, söz, müəllif... - Hədiyyə ŞƏFAQƏT


  • Esse
  • 23:30 24.05.2023
  • Oxunma sayı: 250
Minalanmış ərazilər: Allah, söz, müəllif...  - Hədiyyə ŞƏFAQƏT

Allahla ilk dəfə harda və necə rastlaşdığım yadımda deyil. Məncə, burda təəccüblü heç nə yoxdur, mən heç ilk addımımı, ilk kəlməmi də xatırlamıram. Anamın anam, atamın atam olduğunu, evimizin evimiz olduğunu bildiyimi... Çox şeyi, hamımız kimi...

Amma ilk sözü yazmağım yadımdadır, harda, nə ilə nəyin üstünə yazmağım da. Bağçamızda balaca bir kötüyün üstündə oturmuşdum, dəftər dizlərimin üstündə idi, qələmin rəngi ağ idi, başı göy, tilli qələm. Hərfləri bilirdim, söz düzəldə bilməmişdim ona kimi, yan-yana qoyduğum hərflər heç nə demirdi, atam da hər dəfə baxıb başını bulayırdı: Söz yoxdur, boş şeydir.

Bir dəfə öyrətmişdi, daha etmirdi. Bircə dəfə hansı hərfi hansının yanına qoysam nəsə deyə biləcəyimi göstərmişdi, vəssalam. Qızını sözlərlə başlı-başına buraxmışdı. Mən də hər dəfə ümidlə nəsə yazdığımı fikirləşib ayağa qalxırdım, yanına qaçırdım, dəftəri gözünün qabağında tuturdum, əlindəki bellə suyun yolunu döndərə-döndərə deyirdi ki, yox, olmayıb..

Sonra necə oldusa oldu. Təsadüfən oldu. Çünki olan halın ardınca yenə olmayan hallar gəldi. Sonra anam dəftərimə baxıb bir sirri açdı: "A-ları saxla", - dedi, - "aradakı n-nı götür, yerinə t qoy. Ana. Ata".

Matdım-matdım bir dəftərə, bir qələmə, bir yazdığım sözə baxdım, canımı qorxu aldı. İlahi, nə qorxuydu! Hələ də xatırlayanda eyni şəkildə qorxuram. N nə idi, t nə idi, hansını hardan götürüb hara qoyacaqdım ki, sözdən sonra yenə söz tapılsın.. a-nı hardan tapacaqdım?

Allahın işi idi. Amma onda Allahın işi olduğunu bilmirdim deyə, rastlaşdığımızdan xəbərim olmamışdı, xəbərim olmamışdı deyə də qorxmamışdım. Söz düzəldə bildiyim gün yadımdadır: Qorxu! Allahı bildiyim gün yadımda deyil: Qorxusuzluqdandır...

 

***

Adam sonra böyüyür, baxır ki, dünyada nəyin nə ilə, kimin kim ilə yan-yana qoyulması nə qədər vacib məsələymiş. Aramıza gələnlər, aramızdan gedənlər.. Bir yerə yığılıb söz olanlarla bir yerə yığılıb söz düzəldənlər...

Birincilər müəllifdirlər... ikincilərlə işimiz yoxdur...

 

***

Mənə gələn ilk, əl boyda kitabımı oxuya bilməmişdim. Baxa-baxa qalmışdım. Gördüyüm ilk kitab deyildi, atamın rəfləri dolu idi, ha vərəqləyirdim, baxmağa heç nə tapmırdım. Hamısı bir qaydada, hamısı yan-yana hərflər, dəftərimdə yan-yana qoyub düzəldə bilmədiyim sözlər kimi heç nə demirdi hələ. Amma bu mənim kimi balaca, mənim kimi beş-altı vərəqlik, mənim kimi şəkilləri bol, sözləri az olan bir kitab idi deyə, həm də elə mənim olması üçün verilmişdi deyə, yaddaşımdan dördəlli yapışıb bu günlərə kimi gəlib çatıb. Nənəm, zəhmiylə ad çıxarmış ucaboy, qarayanız, qaşqabağlı Emnə qarı da yadımda elə o kitabı mənə uzatmış halıyla qalıb. Nə ondan əvvəlini fikirləşə bilirəm, nə ondan sonrasını. Kitabı uzadıb "al" demişdi, almışdım. Sonra soruşmuşdum ki, hardan olub? "Oğurlamışam", - demişdi. Diksinmişdim. Deyəsən, Allahı o vaxta kimi o ciddiliklə xatırlamamışdım; "Olmaz, götürə bilmərəm!". Nənəm pərt olmuşdu: "Niyə?". "Allaha acıq gedər", - demişdim, - "oğurlamısan". Dilə tutmağa çalışmışdı: "Allah uşaqlardan incimir". "Səndən inciyəcək", - inadlaşmışdım. Nənəm vəziyyəti düzəltməyə çalışmışdı: "Elə də oğurluq deyildi, bir baba qabağına qoyub otumuşdu, dedim ver aparım nəvəmə, dedi götür". Nənəmə ürəyimdə yazığım gəlmişdi, istəyib almaqla oğurlamağın fərqini bilməyən nənə. Üstəlik, kitab da rus dilindəymiş, bunu da vərəqləri büküləndən, üz qabığı qopub düşəndən sonra bilmişdim:

- Qusi, qusi!

- Qa. Qa, qa!

-Yest xotiti?

- Da, da, da!

Yaxşı ki, onda insanların eyni hərfləri yan-yana qoyub bir-birlərini başa düşmək üçün deyil, başa düşməmək üçün sözlər düzəltdiklərindən xəbərim yoxdu, yoxsa onsuz da öz dilimdə sözləri söz edə bilməməyin qorxusunda qalan canımı hara qoyacaqdım?

Sonradan ha fikirləşdim, nənəm nə ondan əvvəl, nə ondan sonra mənə heç nə almamışdı. Almışdısa da yadımda qalmayıb. Allah da elə ordaca növbəti günaha. Ya da arzuya kimi yadımdan çıxmışdı, amma o əl boyda kitab böyüyüb məktəbə gedəndən, nənəm öləndən sonra da bir müddət özümlə gəzdirirdim.

Bir gün, bilmirəm neçənci sinifdəydim, o kitabı rəfdən tapdım, anama dedim ki, nənəm bu kitabı bir babanın qabağından oğurlayıb gətirmişdi. Dedim, qanım qaraldı. O vaxtlar hələ adam olmamışdım, kitab oğurluğunu halal hesab etmirdim. Anam o yandan cavab verdi ki, nə oğurluq, bazarda malını satandan sonra gedib pulunu verib almışdı, satıcıda ondan başqa xoşuna gələn kitab tapmamışdı deyə, rus dilində olmasına fikir verməmişdi.

***

Kadrlar yan-yana yığılanda həyatmı yaranır? Kimin həyatı? Kimin üçün həyat? Nə üçün həyat?

Bunları fikirləşməyə başlayanda Allah çoxdan başımızın üstünü kəsdirmiş olur. Çoxdan bizimlə yol gedib-gəlir, çoxdan bizimlə bir süfrəyə əl uzadır. Bizimlə bir kiməsə yaxşılıq və pislik etmək barədə fikirləşməyə başlamış olur... Belə deyirik, çünki daha sözləri yan-yana qoyub düşüncəmizi də, cümləmizi də, həyatımızı da heç kimə göstərib "alınıb" deməsinə ehtiyac hiss etmədən qurmağa başlamışıq. Yolu alıb gedirik, deyirik ki, "söz-sözü gətirər"... Söz sözü gətirir gətirməsinə, amma hərəmizi bir tərəfə göndərib ayrı salandan bəri kimin sözünün gedib kimin sözünü gətirdiyi Allaha qalır.

Sonra kadrlar çoxaldıqca lent tez-tez qırılmağa başlayır. Lent qırılmağa başlayanda Allah bölünməyə başlayır. Gedənin Allahı olmur... muş, gələnin Allahı çox istəyir... miş.

Ölənin Allahı bilən məsləhət... miş.

 

***

İnsan elə əməldir ki, həyatı boyu nəyisə nəyinsə yanına qoymadan yaşaya bilmir. Yan-yana qoyduğu şeylərin arasında da itib-batır, yoxa çıxır, kölgəsində əzilir, üstündə əsir-yesir qalır, özünü əlindən, qolundan, ayağından yığıb yan-yana qoyduğu şeylərə zəncirləyib çürüyür.

Deyəsən, söz yeganə şeydir ki, yan-yana qoyulanda bir mətləb hasil olmadısa uşaq oyuncağı kimi hər dəfə qopub dağılır; oldusa bağlasa da, zəncirləsə də, ağrıtsa da, öldürsə də insanı sağ saxlayır.

Orda ağlımıza gəlir ki, anamız bizə heç vaxt deməyib: "O-nu götür, ö-nü qoy, gördünmü, Ol - Öl".

Bəxtimiz gətirib, Allahın hərfləri yan-yana gətirib söz düzəltməyi çoxdan öyrəndiyi vaxta düşmüşük... - yaranmışıq.

Bəxti gətirənlər varsa, deməli, bəxti gətirməyənlər də olub. Bəlkə Allah da öyrənə-öyrənə neçə dəfə yan-yana qoyulmayacaq hərfləri yan-yana qoyub, dünya da uşaq oyuncağı kimi dağılıb.

"Hardansa başlamaq lazımdır, səndə alınacaq" - yalandan da deyirik, amma arxayınıq ki, alınmayacaq, alınmayacaq işin pisliyindən qorxmağa dəyməz, vurub öz-özünü dağıdasıdır. İnamla da deyirik, ümidlə də deyirik, qazanmaq üçün də, itirməmək üçün də.

Allah da bir yerdən başlayıb.

Bir gün olub.

Bir gün "Ol" olub.

Belə güman edilir ki, sonra uzun müddət səs-səmir çıxmayıb. Çıxmayıb deyəndə çıxıb, içindən söz olanı çıxmayıb. Allahın dünyanı, kişini və qadını yaratmasıyla bağlı zarafat yadınızdadırmı?

Məncə, söz barədə bir az vəziyyət fərqlidir. Allah sözün hökmünü insana vermək qərarına gələndən sonra uzun bir dincliyə çəkilib.

Bunu zarafata sala bilməzsən.

 

***

Dünyanın ən fırtınalı yeri müəllifin qəlbidir. Amma Yaradan dinclik axtaranda məhz ora üz tutur...

 

2022


Esse